PDF Oxu

Köşə

  • 7 079

Dərslər də başladı, dərdlər də... KÖŞƏ

image

Bir ay yarım idi ki, həyat üzümüzə gülmüşdü. Ötən ilin sonlarından qış tətilinə çıxan tələbələr istirahətə getmiş, bu səbəbdən də metroda və marşrut avtobuslarda xeyli seyrəklik yaranmışdı. Bu seyrəklik də hər gün bu nəqliyyat vasitələrindən istifadə edənlər üçün əlverişli şərait yaratmışdı. Ay yarımlıq bir zaman kəsiyində Bakı sakinləri, sözün həqiqi mənasında, rahat həyat sürürdülər. Hamı diləyirdi ki, Allah, nə olar, bu günlər bitməsin...

Lakin bitəcəkdi. Bizim istəyimizdən asılı olmayaraq bu günlər bitəcəkdi. Günlər keçib ay olacaq, yanvar tamamlanacaq, fevralın 15-i rahat, dərdsiz-qəmsiz son günümüz olmaqla tarixin arxivinə gedəcək və səhəri yeni gün-16 fevral gələcəkdi, necə ki gəldi. Gəldi və dərslər başladı. Dərslərin başlaması ilə dərdlərimiz də başladı. Yenə köhnə hamam, köhnə tas.

Səhər-səhər işə gəlirdim, inanın, metroda kütlə necə təlatümlü idisə, qatara yaxınlaşmaq mümkün deyildi. Qatar dayandı, içəridən bayıra elə bir insan axını başladı ki, bir də gördüm platformadan xeyli uzaqlaşmışam. Özümü ələ alıb yenidən qatara doğru gedəndə isə o qatar artıq çoxdan getmişdi. “Çarə nədir, ikincini gözləyim”,- deyib bu dəfə lap yaxında dayandım ki, eyb etməz itələnsəm də, çox uzaqlara düşməyim. Yaxında da dayanmaq belədir ki, bunun da özünəməxsus təhlükəsi var. Bu dəfə də arxadan gələn axın səni qatarın altına sala bilər. Ona görə də nə edəcəyimi bilmirəm və düşünürəm ki, mənim kimi yüzlərlə insan da var.

Həqiqətən nə etməliyik? Bu metro və marşrutlarda günlərin bir günü həyat üzümüzə gülümsəyəcək, ya yox? Bax bu sualım cavabı illərdir ki, cavabsız qalmaqdadır. İnanıram ki, bu, hər kəsi düşündürən sualdır. Lakin hələlik nə sualımızı dinləyən var, nə də ona cavab vermək istəyində olan.

Bəs nə etməli? Nə etməli ki, metrodan, marşrut avtobuslardan insan kimi mədəni şəkildə istifadə etməli? Görəsən o günləri görəcəyik, yoxsa metroda və marşrut avtobuslarda çəkdiyimiz dərdi-qəm, stress, əsəb gərginliyi, sarsıntı, əzab, işgəncə bizləri bu dünyadan nakam aparacaq? Vallah, hələlik ki, bu sadaladıqlarım mövcuddur. Çünki sıxlıq nə qədər ki, var, günümüz belə qara olacaq, dərdimiz də çox.

Düzdür, eşitmişik ki, bu sıxlığın qarşısını almaq üçün tədbirlər həyata keçirmək fikrində olanlar var. Ancaq nə vaxt? Axı bu sıxlıq camaatı artıq təngə gətirib.

Bax, bir misal çəkim. Evdən çıxırsan, üz tutursan metroya. Biri var, səhər-səhər ürək açıqlığı ilə yaxınlaşasan, o qapıdan içəri keçəsən, biri də var, yolun yarısında səni qarşıda nələrin gözləyəcəyini düşünməkdən əsəblərin gərilə, bütün əhval-ruhiyyən səhərin bu çağında alt-üst ola. Bax get, bundan sonra işlə görüm, necə işləyəcəksən? Eləcə də marşrut avtobuslar. Elə adamlar var ki, işə, xəstəxanaya, məktəbə və yaxud bir sənəd üçün getmək üçün həm marşrut avtobuslardan, həm də metrodan istifadə etməli olur. Bax bu zaman nəqliyyat vasitələrinin birindən istifadə edənlərdən fərqli olaraq onların əsəbləri iki dəfə pozulur. Eyni sıxlıqla həm metroda, həm avtobuslarda qarşılaşdıqdan sonra mənzilbaşına çatmalı olurlar.

Son zamanlar insanlarda bir əsəbilik, gərginlik hiss olunur. Elə bunun başlıca səbəbi kimi nəqliyyat vasitələrindəki sıxlıq yetərli deyilmi? Əlbəttə, yetərlidir. İnsanı təbindən çıxaran, bəzi hallarda isə nəfəsin belə alınması mümkün olmayan sıxlıqla hər gün qarşılaşan adamda hövsələ qalamı, səbir qalarmı?

Nə isə... Uzun sözün qısası, ali və orta ixtisas məktəblərində dərslər bu gündən başladı. Dərdlər də elə bu gündən başladı. Hamı nəqliyyat vasitələrindəki sıxlığa hazır olsun. Allahdan hər kəsə səbir, dözüm diləyir, arzu edirik ki, tezliklə nəqliyyat vasitələrindəki sıxlığın qarşısını almaq üçün mühüm tədbirlər həyata keçirilsin. Hazırda metro və marşrut avtobuslardan istifadə edənlərin bundan böyük arzusu ola bilməz.

Mətanət Məmmədova

Digər xəbərlər