Rusiyanın Qarabağa desant kimi atdığı cinayətkar-oliqarx Ruben Vardanyan Kremlin ümidlərini doğrulda bilmədi. Daha dəqiq desək, onun Ermənistanın mövcud iqtidarını devirməsi üçün Qarabağın tramplin olaraq istifadə etmək şansı sıfıra bərabər oldu. Lakin “dövlət naziri” postundan istefaya göndərilən Vardanyan üzləşdiyi fiaskosuna rəğmən, bu dəfə də Rusiyadakı ağaları tərəfindən cəzalandırılmadı və ona “b” planı təklif olundu. Bəs həmin plan nədən ibarətdir? Erməni mediasının yazdığına görə, sözügedən plan Ruben Vardanyanın İrəvanın meri vəzifəsinə namizədliyini irəli sürməsi ilə bağlıdır. Yəni o birbaşa Ermənistanın baş naziri ola bilməsə də, həmin məqsəd qalır, sadəcə yol bir az uzun məsafədən gediləcək – bu dəfə isə mer postundan başlayaraq...
Rubenin yeni ofisi – Bako Saakyanın İrəvandakı “Rossiya” restoranın bir mərtəbəsi...
Qeyd edək ki, Vardanyanın komandasına daxil olan mənbələr də bu məlumatı istisna etməyiblər və alınan son tapşırıq üzərində mütəmadi işlərin aparılması barədə də xəbərlər var. “Bu, Vardanyanın İrəvanda Bako Saakyana (qondarma “dqr”in əvvəli “prezidenti”-R.R.) məxsus “Rossiya” restoran kompleksinin bir mərtəbəsini tutması ilə də görünməkdədir”, deyə erməni KİV-ləri yazırlar.
Bəli, “böyük siyasi xadimin” və “xalq mübarizinin” ofisinin restoranda yerləşməsi və bu restoranın “Rossiya” adlandırılması, sözügedən iaşə obyektinin isə məhz Qarabağ separatçılarının keçmiş quldurbaşısı Bakı Saakyana məxsusluğu özü-özlüyündə hər şeyi deməkdədir. Əslində, Ermənistanda çar-naçar qalan erməni ictimaiyyəti bu faktdan da nəticə çıxarmalıdırlar...
Robert Koçaryandan və Serj Sarqsyandan dəstək olmayacaq
Daha bir məqam da diqqətçəkir. Rusiyanın missioneri, yaxud desantı Ruben Vardanyanın fəaliyyəti Ermənistanın əvvəlki prezidentləri Robert Koçaryan və Serj Sarqasyan, eyni zamanda, onların tərəfdarları, həmçinin digər müxalifətçilər tərəfindən dəstəklənmir. Üstəlik, Vardanyan da onlardan hər hansı bir dəstəyi ummur. Çünki təkcə İrəvanda yaşayan əhalinin Robertlə Serjə olan inamları ümumiyyətlə qalmayıb. Daha dəqiq desək, əgər Vardanyan Koçaryanla və Sarqsyanla hər hansı bir koalisiyaya getsə məhz ikincilərin səbəbindən də iqtidara gedən yolu bağlana bilər.
Şans yoxdur!
Amma ən əsası, Ruben Vardanyan unutmamalıdır ki, onun İrəvanın meri vəzifəsinə də şansları çox azdır. Fakt budur ki, o Qarabağda geninə-boluna verdiyi bəyanatlarının heç birini icra edə bilmədi. Daha dəqiq desək, Bakının qətiyyəti və sərt bəyanatları qarşısında tab gətirməyi bacarmadı. Hətta ruslara məxsus yük maşını vasitəsi ilə oradan çıxmağı bacardı və Moskvada göründü, yeni təlimatlarını aldı, amma bu, heç nəyi dəyişmədi. Onun birdən-birə Ermənistanın baş naziri olmaq istəyinin kiçik mer vəzifəsi ilə dəyişməsi də siyasi uğur qazanmasına təkan ola bilməyəcək. Əbəs deyil ki, erməni jurnalistləri Vardanyanı Azərbaycanın qarşısında kapitulyasiya etdiyini açıq-aydın yazırlar. Lakin onun Moskvaya, Kremlə növbəti dəfə quyruğunu qısaraq gedəcəyi də artıq görünməyə başlayıb. Amma necə deyərlər, Moskva da göz yaşlarına inanmır...