PDF Oxu

Köşə

  • 10 061

Uşaqları psixotron terrordan necə qoruyaq? – KÜNCDƏN BAXIŞ

image

Elçin Bayramlı

Uşaqların psixologiyasının formalaşmasına ən böyük təsir göstərən faktorlardan biri də onların baxdıqları filmlərdir. Bu gün teleekranda yayımlanan multfilmlərin böyük əksəriyyəti qanlı-qırğınlı, ölüb-öldürməkli, partlayışlı, aqressiv planlı, təbiətdə analoqu olmayan qorxunc- ən yaxşı halda ifadəsiz sifətli naməlum personajların bol olduğu qorxunc filmlərdir. Bu multfilmlər uşaq psixologiyasına olduqca böyük zərər verir.

Bugünkü uşaqların çoxu aqressiv, çətin tərbiyə olunan, psixoloji problemlərlə yüklənmiş uşaqlardır. Rusiyada aparılan bir araşdırmanın nəticələrinə görə, şiddət, qorxu məzmunlu film izləyən uşaqlar daha çox aqressiv olur, zərərli vərdişlərə can atırlar.

ABŞ-ın Sietl Uşaq Xəstəxanası Araşdırma İnstitutunun 330 uşaq üzərində apardığı araşdırmanın nəticələrinə görə, aqressiv süjet xəttinə malik filmlərə baxan uşaqlarda hiylə, itaətsizlik, aqressivlik və vicdan əzabı çəkməmək kimi mənfi davranışların sıx müşahidə edildiyi ortaya çıxıb.

Müasir multfilmlərinin böyük əksəriyyəti uşaqların psixologiyasını ciddi zərər vurur, onlara aqressivliyi, eqoizmi, özbaşınalığı təbliğ edir. Müasir filmlərdə kadrlar həddən artıq sürətlə dəyişir, səslər çox dəhşətlidir, effektlər sürətlidir. Bu da uşaq beyninin qavrama sürətindən xeyli artıqdır. Nəticədə beyin pozğunluğu yaranır.

Üstəlik, müasir filmlər “25-ci kadr”larla, subliminal mesajlarla doludur. Bu gözə görünməyən mesajlarda xüsusi texnologoiyanın köməyi ilə beyinə müəyyən əmrlərin verildiyi də aşkar olunub.

İndi televiziyalarda elə dəhşətli cizgi filmləri verilir ki, yaşlı adam o səhnələri görəndə bağrı yarılır. Əslində, indi uşaq filmi adlandırlan filmlər əsəbləri son dərəcə möhkəm olan azı 30 yaşlı insanlar üçündür. Bizdə isə, bu dəhşətli səhnələri körpələrə izlətdirirlər. Çünki anaları digər televizorda seriala baxır, ya da internetdə kiminləsə çənə vurur, əsas odur ki, uşaq onu narahat etməsin.

Düzdür, normal uşaq filmlərini televiziyalar vermir. Lakin çıxış yolu var- internetdə xüsusi film saytları var, youtube.com videoportalında da minlərlə köhnə multfilmlər var.

Sovet dövründə çəkilmiş multfilmlər müsbət dəyərləri təbliğ edən, tərbiyəvi əhəmiyyətli filmlər idi. Bu filmlər çox müsbət enerjili, xeyirxah, sülhsevər və düşündürücü süjet xətinə malikdir. Belə multfilmləri izləyən uşaqlarda insanlara, təbiətə qarşı humanist münasibət yaranır. Başqa ölkələrin istehsalı olan normal filmlər də az deyil.

Azərbaycanda keçən əsrdə 100-ə yaxın cizgi filmi istehsal olunub ki, bu gün bizim uşaqlar onlardan 5-ni belə görməyib. Çünki nə televiziyalar onları efirə verir, nə də valideynlər internetdən tapıb uşaqlarına baxdırırlar.

Son dövrlərdə cəmi bir neçə cizgi filmi çəkilib ki onlar da təlabatı qarşılamır. Bu sahəyə diqqət artırılmalı, yeni filmlər çəkilməlidir. İndiki texniki imkanlarla multfilm çəkmək çox asandır- keçən əsrdə olduğundan 100 dəfə daha asan və daha az xərcli.

Məsələ təkcə multfilmlərlə bağlı da deyil. Uşaq bədii filmlərinin çəkilişi də bizdə yox səviyyəsindədir. Sovet dövründə çəkilmiş uşaq filmlərini də indiki uşaqlar görməyib. Çünki göstərən yoxdur. Uşaqlarımızın baxdığı amerikan istehsalı uşaq fiılmləridir ki, onların da çoxu uşaq psixologiyasına zərərlidir. Nəticədə uşaqlarımız yad dəyərlərlə böyüyür.

Valideynlər uşaq filmlərini özləri seçməli, onlarla birlikdə baxmalı və baş verənləri şərh etməlidir. Uşağın gördüyü və eşitdiyi hər şey altşüura həkk olunur və bunların əsasında psixologiyası müəyyənləşir.

Uşaqların mənəvi-psixoloji tərbiyəsi cəmiyyətin gələcəyini müəyyən edən ən əsas faktordur. Bu istiqamətdə telekanalların üzərinə düşən iş o qədər də ağır deyil, sadəcə, düzgün film seçimi etmələri kifayətdir.

Sağlam cəmiyyət yetişdirmək istəyiriksə, uşaqların həm fiziki, həm də psixoloji sağlamlığına fikir verməliyik.

Digər xəbərlər