Dövlətimiz bu gün 1990-cı illərdə satılan, satıldıqdan sonra ermənilərin dağıdıb viran etdikləri, daşı daş üstündə qoymadıqları yurd yerlərimizi bərpa edir. Bu iş 2020-ci ildə 44 günlük Vətən müharibəsindən sonra dərhal başlayıb və bu gün də sürətlə davam etdirilir ki, 30 il yurd həsrəti ilə yaşayan soydaşlarımız tezliklə doğma evlərinə qayıtsınlar.
Bəli, dövlətimiz bir zamanlar kimlərinsə günahı üzündən yaranan dağıntıları aradan qaldırır, kimlərinsə səhvini düzəldir. Bu da təbii ki, milyardlarla dollar vəsait hesabına başa gəlir.
Martın 2-də Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə dövlətimizin başçısı, Qoşulmama Hərəkatının sədri cənab İlham Əliyev bu barədə bir daha demişdir: İşğal illəri ərzində Azərbaycanın yüzlərlə şəhər və kəndi Ermənistan tərəfindən məqsədyönlü şəkildə dağıdılmış, bütün mədəni və dini abidələr talan və qarət edilmişdir. Azərbaycanın işğaldan azad olunmuş əraziləri klassik urbisid, kultursid və ekosid nümunələridir. 2020-ci ilin sonundan etibarən Qoşulmama Hərəkatına üzv ölkələr də daxil olmaqla, bir çox ölkədən minlərlə xarici diplomat, jurnalist, QHT üzvü və siyasətçi işğaldan azad olunmuş əraziləri ziyarət edərək Ermənistan tərəfindən törədilmiş vəhşiliklərin şahidi olmuşdur.
Prezident cənab İlham Əliyev Qarabağın yenidən qurulması məsələsinə də nəzər salmışdır: Azərbaycan işğaldan azad olunmuş ərazilərdə öz maliyyə resursları ilə genişmiqyaslı yenidənqurma işləri aparır. Azərbaycan hökuməti 2021-2022-ci illərdə yenidənqurma işlərinə 4 milyard ABŞ dollarına yaxın pul xərcləyib. Bu il biz bu məqsəd üçün ən azı 1,7 milyard ABŞ dolları məbləğində vəsait ayırmağı planlaşdırırıq. Biz müasir şəhərsalma - “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyalarından istifadə edərək yeni şəhər və kəndləri sıfırdan yaradırıq. Bu, milli hökumətlər tərəfindən postmünaqişə dövründə icra olunan nadir və daha öncə görünməmiş bir inkişaf və yenidənqurma modelidir.
Bu gün qurulub yaşayış həddinə gətirilməsi üçün hələ neçə-neçə milyard dolların lazım olacağı Qarabağ 1990-cı illərdə satqınlığın qurbanı oldu. Torpaqlarımız satıldı. Minlərlə övladımız şəhid, qazi oldu, itkin düşdü. 30 il ərzində torpaqlarımızın yeraltı və yerüstü sərvətləri talandı. Ermənilər nə meşələrdə bir ağac qoydular, nə yerin altında bir sərvət, hamısını daşıyıb dünya bazarına çıxardılar, satıb-sovdular. Doğma evindən, ocağından məcburi şəkildə, silahın burnunda çıxarılan soydaşlarımız Azərbaycanın dörd bir tərəfinə pənah apardılar, iqtisadi böhran içərisində olan ölkəmizdə köçkünlüyün ilk illərində olmazın əzab-əziyyəti ilə üzləşməli oldular. Onların Qarabağda qoyub gəldikləri ev-eşikləri, həyətləri, mal-mülkləri də ermənilər tərəfindən talan olundu. Söküldü, haraya daşındığı, kimlərə satıldığı da gün kimi aydındır.
Satılaraq işğal altına keçən torpaqlarımızda minlərlə tarixi, mədəni abidələr, məktəblər, xəstəxanalar, mədəniyyət müəssisələri, digər obyektlər məhv edildi. Yurdlarımızda əcdadlarımızın qəbirləri, məscidlərimiz dağıdıldı, təhqir olundu.
Soydaşlarımızın minilliklər boyu böyük zəhmətlə, kərpic-kərpic tikdikləri, qurduqları erməni vandalizminin qurbanı oldu. 30 il ərzində ermənilər bu torpaqlarda nələr etmədilər?.. Və düşündülər ki, Azərbaycanın tarixi torpaqlarına sahibləndilər. Lakin yurdlarımızın bu vəziyyətə salınması onun sübutu və təsdiqi idi ki, erməni o torpaqların əbədi onların olacağına ümid bəsləmir. Yoxsa orada o qədər dağıntıya yol verilməzdi. Yerin altını talayıb satsalar da, üstünü qoruyub saxlayardılar.
Beləliklə, xalqımız bir qərinəyə yaxın dövrdə həm maddi, həm də mənəvi itkilərin acısı ilə dolu bir həyat yaşadı. Torpaq hicranı, həsrəti ilə minlərlə insan dünyasını dəyişdi. Kimlərinsə vəzifəsindən dördəlli yapışması arzusu ilə 30 il torpaqlarımız kimsəsiz qaldı. Kimlərsə vəzifə kürsülərində yerlərini bərkidəcək deyə minlərlə övladımız şəhid oldu, sağlamlığını itirdi, itkin düşdü ki, bu gün də onların gələcəyini gözləyən analar-atalar var.
Və 30 il sonra. Dövlət başçısının qətiyyətli addımı, prinsipiallığı ilə 44 gün ərzində qəhrəman milli ordumuz torpaqlarımızı düşməndən geri aldı, ərazi bütövlüyümüz bərpa edildi. Yenə də minlərlə şəhid verdik, qazi qazandıq, itkilərimiz oldu, lakin bu namus məsələsini həll etdik. Düşməni əzəli torpaqlarımızdan qovub çıxardıq.
Budur, müharibə bitən bir gündən Qarabağ yenidən qurulub, yollar çəkilir, körpülər salınır, yurdlarımız işıqlandırılır, yaşayış evləri, obyektlər tikilir. Qarabağ dirçəldilir. Bunun üçün dövlətimiz milyardlarla dollar vəsait xərcləyir. Bu, tariximizin bir səhifəsidir, qürur, əzm dolu bir səhifəsi. Elə bir səhifə ki, gələcək nəsillər ondan böyük bir tarixi öyrənəcək: satılan torpaqları, geri alınan torpaqları, milyardlarla dollar vəsait hesabına yenidən qurulan yurdları... Və bunları kimlərin etdiyini.
Mətanət Məmmədova