Elçin Bayramlı
“Vətəndaş nikahı”ndan olan uşaqların sosial müavinət probleminin həlli hələ də baş tutmayıb. Belə ki, bəzi uşaqlar rəsmi nikahdan doğulmadıqlarına görə atadan aliment almırlar. Bu isə həmin uşaqların sosial vəziyyətini ağırlaşdırır. Məsələ Milli Məclisdə də müzakirəyə çıxarılıb, lakin hələlik həll yolu tapılmayıb.
İstənilən hada rəsmi nikah olmadan doğulan uşaqlara görə onların atalarından məcburi şəkildə aliment alınmalıdır. Şəxs uşağın rəsmi olmasa da, bioloji atasıdırsa, deməli aliment ödəməlidir. Qanuna müvafiq dəyişiklik edilməlidir.
Son dövrlərdə əxlaqsızlar arasında Qərbdən gələn bir söz dəbə minib- "Vətəndaş nikahı". Öz əxlaqsızlıqlarını pərdələmək üçün bu ifadədən istifadə edirlər. "Vətəndaş nikahı" deyilən bir şey yoxdur. Bu, əxlaqsızlıqdır, əxlaqsızlığa qoyulan müasir addır. Belə bir şey ola bilməz. Ya qanuni nikah olur, ya da əxlaqsız münasibətlər var. Atası bilinməyən uaşğı isə ta qədim “bic” adlandırırlar. Heç bir uşağa bu adın yapışdırılmasına şərait yaradılmalıdır. Hər bir uşağın mütləq ata və anası olmalı və onlar faktiki və röəsmi olaraq bilinməlidir.
Təbii ki, belə hallarda uşaqların günahı yoxdur. Uşaqlar dövlət himayəsinə götürülməlidir. Bunun üçün onlara müavinət ödənilməlidir. Bu ödəniş isə ya uşaqpulu formasında ola bilər, ya analara müavinət formasında verilə bilər. Onlara ən azı dövlətin müəyyənləşdirdiyi yaşayış minimumu həcmində təxminən 250 manat civarında bir müavinət ödənilməlidir. Çünki bu uşaq da Azərbaycanın bir vətəndaşıdır və valideynlərin problemlərinin ona aidiyyəti yoxdur.
Belə hallarda ata aliment ödənilməyə məcbur edilməlidir. Tutaq ki, rəsmi nikah bağlanmayıb, tərəflər ayrılıb və ana pis vəziyyətdə qalıb. Onda atanın maaşının azı 50%-i uşağa verilməlidir. Belə bir cəza olsa, onda bu halların qarşısı alınacaq, insanlara nikahsız münasibətlərə yol verməyəcək.
Toy edib ailə qurmaq və rəsmi nikah bağlamamaq çox ciddi problemlərə gətirib çıxarır. Ailə qurursan, niyə nikah bağlamırsan? Məqsədin nədir? Müvafiq dövlət orqanları belə ailələri aşkar edərkən sərt cəzalandırmalıdır ki, nikahsız ailə olmasın. Sabah kim cavabdeh olacaq? Dövlətin qayda-qanunları var. Uşaqları kim böyüdəcək? Dövlət, cəmiyyət niyə sənin yükünü çəkməlidir?
Yerlərdə icra orqanları, sosial idarələr bilirlər ki, harada hansı ailə qurulub. Onlar tərəflərdən rəsmi nikah tələb etməlidirlər. Ümumiyyətlə, müddət qoyulmalıdır. 10 gün ərzində nikah kəsilmirsə tərəflər sərt cəzalandırılmalıdır. Bu dövlətin tələbi, qanunudur və göz qabağında pozulursa, sonra bu fəsadlar yaradır, dövlətin xərclərini artırır, uşaqları pis vəziyyətdə qoyur, çoxlu hüquqi problemlər yaradır. Belə olan halda buna yol verənlərə mütləq şəkildə ağır cəza verilməlidir. Məcburi şəkildə nikah bağlatdırılmalıdır. İstəyirsən 100 dəfə dini nikah bağla, rəsmi nikah mütləq olmalıdır. Dövlət o ailəni qeydiyyata almalıdır. Bilinməlidir ki, bu uşağın məsuliyyətini kim daşıyır, valideynləri kimdir.
Əgər kimsə uşaq dünyaya gətirirsə və rəsmi nikahı yoxdursa, uşaq valideynlərinə verilməməlidir. Uşaq doğum evində dünyaya gəlibsə, tələb qoyulmalıdır ki, bir gün ərzində nikah sənədini gətir. Yəni bununla bağlı həm qanunlarda dəyişiklik edilməli, həm də dövlət orqanları rəsmi nikahı tələb etməlidir.
Belə sərt yanaşma olmasa, bu problem həllini tapmayacaq. Qanunlara əməl edilib-edilməməsinə polis və digər orqanlar nəzarət etməlidir. İnsanlar birdəfəlik baş düşməlidir. Əvvəl rəsmi nikah bağlanmalı, sonra toy edilməli və uşaq dünyaya gətirilməlidir. Bunu etməyənlər cəzasını da almalıdırlar.