Köşə

  • 7 510

Başımıza keçən torbalar KÖŞƏ

image

Bu küləkli şəhərimizin küləkli günlərində başına havada uçuşan sellofan torba keçənlərdən biri kimi bu torbaların satışa daxil edilməsinə sonsuz dərəcədə sevinənlərdən də biriyəm. Ən birinci ona görə ki, bizim əlimiz-qolumuz var, başımıza keçən torbaları çıxarıb özümüzdən kənarlaşdıra bilirdik. Bəs yazıq heyvanlar necə? Heç ola bilməz ki, küçədə başına, ayağına sellofan torba dolaşan və bununla mücadilə edən it, pişik görməyəsəniz. Və onları bu bəladan azad etməmiş olasınız...

Elə ki, külək başladı, bu mərkəzi təmiz, kənarları haqqında isə deməyə söz tapmadığımız şəhərimizdə yüngül məişət tullantıları, məsələn, vafli, peçenye, konfet kağızları, əsasən də rəngbərəng sellofan torbalar havada tüğyan edir. Dəfələrlə külək onları gətirib sifətimizə elə çırpıb ki, bunu qarşıdan gələn kiminsə etdiyini düşünmüşük, lakin bir anda səhvimizi anlamışıq və onun adam deyil, sellofan torbalar olduğunu görmüşük.

Sellofan torbaların ağacların budaqlarında, binaların balkonlarında, obyektlərin qapı-pəncərələrində bəzən aylarla yelləndiyini də görmüşük. Yəni onun nə özü düşüb oradan getmək istəyib, nə də kimsə onu qoparıb atmaq istəyib.

Deməli, belə geniş meydan verilən sellofan torbalar tək ekologiyaya deyil, həm də bizə ağılagəlməz dərəcədə ziyan vurur. Təsəvvür edəndə ki, bu torbaların bir dəfə başımıza keçməsi, üzümüzə çırpılması zamanı nə qədər mikrob qəbul edirik, adam dəhşətə gəlir.

Və bütün bunlara görə də sellofan torbaların satışa daxil edilməsinə sevinməmək mümkün deyil. Ən azından ona görə ki, bəlkə camaat pulunun qədrini bilə, ya onları almaya, ya da alanda elə istifadə edə ki, küçələrimizdə onlarla daha çox rastlaşmayaq.

Bir faktı da söyləməyin yerinə düşdüyünü nəzərə alıb deyim ki, dəfələrlə marketlərdə alış-veriş zamanı kassada məndən əvvəlki müştərilərin sellofan torbaları dəstə ilə götürüb apardıqlarının şahisi olmuşam. Həmişə də düşünmüşəm ki, görəsən onları nə üçün götürürlər, nəyə lazımdır bu torbaların artığı? Onsuz da aldıqlarımızı yığmaq üçün yetərli sayda torbalar verilirdi də bizə.

Vallah, çox maraqlıdır. Nə üçün, bilmirəm, ancaq bu həyatda hələ də bəzi insanları tanımaqda çətinlik çəkməkdəyik. İndi həmin insanlar az qalır, üsyan etsinlər ki, nə üçün marketlərdə və alış-veriş mərkəzlərində torbalar pullu olub. Elə hey belələri ilə rastlaşır və onların giley-güzarlarına şahid oluruq.

Belə olanda deyirəm ki, lap yaxşı olub sellofan torbaların satışa daxil edilməsi. Xarici ölkələrdə buna illər öncə keçilib. Bəli, ekologiyanın qorunması naminə. Bizsə hələ xeyli gecikmişik. Gecikdiyimizə görə də torbalar başımıza daha çox keçib, üzümüzə daha çox çırpılıb. Neçə-neçə heyvanın ölümü ilə nəticələnib. Hələ torpaq altında da çürümək bilməyən bu torbaların əkin yerlərinə nə qədər ziyan vurduğundan, su mənbələrini qurutduğundan danışmıram.

İndi marketlərdə alıcılarla rastlaşırıq ki, bu torbaları almağı artıq hesab edir və alış-veriş üçün evindən ya torba, ya da aldığı ərzaq məhsullarını daşımaq üçün başqa vasitələr gətirir. Onlara baxdıqca sellofan torbaların satışa daxil edilməsini ürəkdən alqışlayıram. Düşünürəm ki, bir neçə aydan sonra ta şəhərimizin küçələrində bu torbalarla rastlaşmayacağıq. Buna elə bilirəm ki, küçələrin təmizliyinə aid təşkilatlar və bu işi həyata keçirənlər də ürəkdən sevinərlər.

Hə, ey heç nəyin qədrini bilməyən insan! İndi buyur, get, marketlərdən pul ver, sellofan torba al, gətir içini boşalt, özünü də hara gəldi at, görüm, necə atırsan. Sonra da bu torbalar binəva insanların və heyvanların başına keçsin görüm, neçə keçir...

Bu gözəl addımı alqışlayır, bundan narazı qalanlarla qətiyyən razılaşmır və şükür edirik ki, həmin torbalar başımızdan boğazımıza enib bizi o dünyalıq etməmiş xilas ola bildik.

Mətanət Məmmədova

Digər xəbərlər