Köşə

  • 8 351

Tüpürcək FELYETON

image

Məsələn, tüpürcək deyəndə ilk ağıla gələn nədir? Yox, mən sualı səhv qurdum. O üzdən də yenidən qurmağa çalışıram: yerdə tüpürcək görəndə ilk ağıla gələn nə olur? Mən işə gedib-gəldikcə yerdə sonsuz sayda tüpürcək gördüyüm üçün ağlıma onlarla fikir gəlir. Birincisi, rəhmətlik atamı və anamı ürəyimdə ittiham edirəm. Deyirəm axı bu nə tərbiyədir verib getmişiniz bizə ki, qız-qadın xeylağı başı aşağı olar. Yol-rizə çıxanda nəzərləri göylərdə gəzməz, ayağının altında olar. Nə üçün biz belə tərbiyə almalıydıq axı?

Nə olardı, başımız aşağı enmək əvəzinə, göylərdə dolaşardı ki, bəzi üzdəniraq kişilərin bu zəhrimarını görməzdik də. Qəribə tərbiyə verib gediblər bizə...

Sonra bu fikirdən daşınıram. Öz-özümə deyirəm ki, sən də nəyi qoyub, nəyi danışırsan. Hə, ağlıma başqa bir fikir gəlir. Düşünürəm ki, yerə tüpürən insanların yəqin ki, evdə-işdə üzlərinə tüpürənlər çox olur. Məsələn, yerə tüpürənlərin yüz faiz kişilər olduğunu nəzərə alsaq, elə kişilər var ki, bəli, arvadları gündə bir neçə dəfə üzlərinə tüpürür ki, niyə bunu almadın, niyə bunu qazana bilmədin. Onlar da arvadın qorxusundan onun üzünə yox, çıxıb bayırda yerə tüpürürlər. Sözsüz.

Hə, elə kişilər də var ki, işdə müdirlə sözü olur, hansısa məsələlərdə razılaşmırlar bir-biriləri ilə. Müdir danlayır, üzünə tüpürür. Bu kişi də nə etsin axı, o da tüpürməyəcək ki, əsəbindən çıxıb bayırda yerə tüpürür ki, əsəb içindən çıxsın.

Düşünürəm ki, kişilərin yerə tüpürmə səbəblərindən daha nə ola bilər ki, hər addım başında onunla rastlaşırıq, bir tikə yediyimiz burnumuzdan fitil-fitil tökülüb gedir. Elə bu anda düşünürəm ki, hə, siqaret. Bu siqaret onların tənəffüs yollarını edib iltihab anbarı. Öskürürlər, öskürürlər, nə etsinlər, tüpürməlidirlər də. Durub fikirləşməyəcəklər ki, mən bura tüpürdüm, axı bir azdan arxadan kimsə gəlib görəcək bunu.

Bir də fikirləşirəm ki, hə, kişilər var, küçəni də evi hesab edir. Bu, əslində böyük sevgidir ki, hər bir küçə öz evin, həyətin ola. Həqiqətən çoxlarımıza nəsib olmayan elə bir hisdir ki, bu... Küçəni evin kimi, evini küçən kimi sevəsən... Və belələri elə bu səbəbdən də içinin pisliyini küçədəki tək evdə də hara gəldi atır. Sözsüz.

Az qala yadımdan çıxmışdı. Kişilər də var ki, evdə uşağın-böyüyün bir səhvini görən kimi yerli-yersiz “tuu sizə”,- deyib əsəbləşir. Ta belə olan halda onun küçədə yerə tüpürməsinə nə var ki... Arvadın, uşağın üzünə tüpürə bilir, küçəyə yox. Bu, belə kişilər üçün adiləşmiş haldır.

Yolboyu elə hey düşünürəm ki, daha nə? Daha nələr, hansı səbəblər ola bilər?.. Ağlıma yeni bir fikir gəlir. Pinti kişilər. Bəli, kişilər var ki, bayırdan evə gəldi, əllərini yumurlar, səhər yuxudan oyananda belə əl-üzlərini yumağı artıq iş hesab edirlər. Evdə siqaret çəkib, külünü hara gəldi tökür, kötüyünü hara gəldi atırlar. Deyirlər ki, bəs arvad nədən yanadır, əziyyət çəksin yığışdırsın da. Axşamadək evdə oturub, amma mən səhərdən axşamadək işdə-gücdəyəm. Borcudur ki, çıxarıb hara gəldi atdığım corablarımı yığışdırsın, siqaret kötüklərini toplasın. Heç olmasa, bir iş görsün də bu xarabada. Hə, belə pinti kişilər küçəyə tüpürməyəndə hara tüpürəcəklər ki?..

Hə, bir də düşüncəsiz kişilər var. Düşüncəsiz, yox mədəniyyətsiz deyim. Çünki düşüncə yoxdursa, elə onda mədəniyyətsizlik ortaya çıxır da... Bəli, belə kişilər baxırsan ki, qadın-kişi bilmir, hamının yanında ağızlarına gələn sözü danışırlar. Bunu edənlər üçün küçədə hamının qarşısında hayxırıb tüpürmək nə qədər çətin ola bilər ki...

Yerdə addımbaşı rastlaşdığımız tüpürcəklə bağlı əsas fikrin ağlıma gəlməsi üçün çox sevindim. Tapdım, deyib ucadan çığırmaq, səsimi hər kəsin eşitməsini istədim. İstədim hər kəs eşitsin ki, bəli, yerə tüpürənlər mədəniyyətsiz kişilərdir. Utanmağın nə olduğunu bilməyən kişilər. Qadına əl qaldıran, evdəki səs-küyün qonşular tərəfindən eşidilməsini əsla özünə dərd etməyən, uşaqları ilə kobud rəftar edən, istədiyi yemək olmayanda evdə qan əkən. İş yerində, küçədə, nəqliyyatda özünü apara bilməyən kişilər var. Onlar küçəyə tüpürməyi də sadaladıqlarım kimi asanlıqla və utanmadan edirlər. Görürlər ki, qarşıdan qadın gəlir, çox böyük fəxrlə tüpürürlər. Bunu özlərinə şan bilirlər ki, bax, gör mən necə kişiyəm. Mən azadam, hətta küçəyə tüpürmək qədər azadam.

Hə, bundan sonra küçədə tüpürcəklə rastlaşanda çox düşünüb-daşınıb bunu kişilərin necə etdiyini anlamağa çalışmayın. Çünki fikirləşib tapdıq. Mədəniyyət. Elə bayaqdan bəri sadaladıqlarımın da hər biri mədəniyyətdən irəli gəlir. Lakin mədəniyyət məsələsi nədənsə axırda fikrimə gəldi. Sözsüz mədəniyyəti olan kişi elə bir səhv etməz ki, üzünə tüpürələr, o da əsəbindən yerə tüpürə.

Mədəniyyət... Çarə yoxdur, biz hər bayramda, hər doğum günlərində bəzi kişilərə mədəniyyət arzulayaq. Arzu edək ki, Allah-təala onlara azacıq mədəniyyət nəsib etsin. Etsin ki, özlərini küçədə apara bilsinlər. İçlərinin pisliyini küçələrə töküb camaatın yediyini burnundan gətirməsinlər, onları xəstə etməsinlər. Yoxsa and içəcəyik ki, başı aşağı olmayaq. Onda görək necə, bundan xoşları gələcək KİŞİLƏRİN?..

Mətanət Məmmədova

Digər xəbərlər