Köşə

  • 5 596

Tehran rejiminin “qırmızı” cızma-qarası: Qafqaz İran deyil! KÖŞƏDAR

image

Tehran rejiminin siyasi ayətullahlarının açıq-açığına Ermənistanın yanlış mövqeyini dəstəkləyərək əslində öz çıxarlarını və maraqlarını Azərbaycana qarşı düşməncəsinə tətbiq etmək cəhdləri istər-istəməz, hətta bilavasitə regionda sabitliyin pozulmasına təkanlar verməkdədir. Diqqətçəkən məqamlardan biri də budur ki, özünü zorla Qafqaza aid etməyə cəhd göstərən İran bir tərəfdən regionun iqtisadi inkişaf perspektivlərinə zərərlər vurmağa çalışır, digər tərəfdən isə paralel olaraq Avropanın regionla sıx əməkdaşlıq imkanlarının qarşısını almağa cəhdlər göstərir. Məhz Zəngəzur dəhlizinin açılmasına qarşı özünü sözün əsl mənasında ülgücləyən Tehran rejimi bu gün də öz kirli mövqeyinində qalmaqda davam edir. Gah bu layihəni özünün “qırmızı xətti” adlandıran, gah müxtəlif vasitələrlə - gülünc videoçarxları ilə Azərbaycana qarşı guya “hədələyici mesajlar” ünvanlayan, gah sərhədlərimizdə uğursuz hərbi təlimlər keçirməklə nəinki ölkəmizi, eləcə də münasibət qurduğumuz digər ölkələri hədəfə alan İranın reallıqda özünü çıxılmaz vəziyyətə doğru sürükləməsi də nəzərlərdən yayınmır. Bəli, “qırmızı xətt” ifadəsini az qala tutuquşular kimi günaşırı təkrarlayan molla rejimi özünü zorla Qafqaza pərçimləməyə çalışır. Amma unudur ki, istər tarixi, istərsə də siyasi cəhətdən İranın Qafqaza ümumiyyətlə, aidiyyatı yoxdur!

Sual isə budur: “sərhədlərimizin dəyişdirilməsinə dözməyəcəyik” deyən İran mollaları bu iddialarını irəli sürərkən Azərbaycan nəyə görə tarixi sərhədlərinin dəyişikliyinə dözməlidir? Fakt budur ki, Zəngəzur Azərbaycandan qopardılmış ərazidir. Onda belə çıxır ki, Azərbaycan İranın komfortuna görə buna dözməlidir?

Məsələ həm də bundadır: Azərbaycanın Naxçıvanla bağlayan sərhədləri region üçün daha vacib faktordur. Bu baxımdan, Azərbaycanı tarixən Naxçıvana bağlayan sərhədlərindən məhrum qalması yolverilməzdir. Ona görə də haqlı sual öz yerini saxlamaqdadır – Azərbaycan İranla Ermənistanın maraqlarına görə öz maraqlarını nəyə görə qurban verməlidir? Və ya İran və Ermənistan niyə güzəştə getmirlər?

Beləliklə, Azərbaycanın Zəngəzurdan məhrum olması, eləcə də Naxçıvanın materik Azərbaycanla arasındakı uçurumun bərpası vacibliyə çevrilir. Və hazırda bu təminatın olmaması, yəni Azərbaycanla Naxçıvanın bir-birindən kənarda qalması bir vaxtlar regiondakı geosiyasi dəyişikliklərə səbəb olmuş uğursuz qərarların aradan qaldırılmasını diktə edir. Daha dəqiq desək, Azərbaycan bu dəyişikliyi bərpa etməlidir və edəcək də!

Ədalətsizlik aradan qaldırılmalı və tarixi ərazilər yenidən bir-biri ilə bağlanmalıdır. İranın başbilənləri isə bir faktı anlamağa məhkumdurlar. Onlar “qırmızı xətt” barədə dəm vurduqları halda həmin xətt Azərbaycan və onun dostları üçün sadəcə qırmızı cızma-qaradır. Və yaxşı olardı ki, İran öz problemləri ilə məşğul olsun və özünü zorla, həyasızcasına Qafqaza aid etməsin. Qafqaz İran deyil!

Rövşən RƏSULOV

Digər xəbərlər