Köşə

  • 3 700

Özümüz olaq ki, qüdrətimizi görsünlər KÖŞƏ

image

Oturursan, papağını qoyursan qarşına, düşünürsən, ölçüb-biçirsən, analiz edirsən, azadlıqdan, millətlərin öz müqəddaratını təyin etmə hüququndan, demokratiyadan gecə-gündüz dəm vuran qərbi anlamağa çalışırsan, amma bir nəticə hasil edə bilmirsən ki, bilmirsən.

Düz ötuz iki il Azərbaycan torpaqlarını işğal etməyə çalışan və müvəqqəti də olsa buna nail olan Ermənistana nəinki gözünün üstündə qaşı olduğunu xatırlatmadılar, əksinə, bu işğal siyasətinə hər cür dəstək verdilər. Adını da qoydular ki, burdakı 25-30 min erməni “müstəqil” yaşamaq istəyir və bu istək onların hüququdur(?). Hətta SSRİ dağılandan sonra yeni yaranmış müstəqil dövlətlərin azad ölkə qurmalarına dəstək vermək üçün ABŞ-nin qəbul elədiyi “Azadlığa dəstək Aktı”na məşhur 907-ci düzəlişi edib, işğala məruz qalan Azərbaycanı bu dəstəkdən məhrum elədilər. Eləsinlər, qəmləri kəm, Azərbaycan onların dəstək verdikləri bütün dövlətlərdən daha sürətlə müstəqilliyini əbədiləşdirdi və güclü dövlət qura bildi. Dəstək verdikləri Ermənistanın bu günkü durumu ilə Azərbaycanın fərqini görmək kifayətdir ki, okeanın o üzündən erməni lobbisinin təsiri altında başlanan anti-Azərbaycan siyasətinin ölkəmiz üçün “vız” gəldiyini anlayaq. 44 günlük ildırım sürətli Vətən müharibəsi ilə ABŞ başda olmaqla dünya güclərinin açıq-aşkar müdafiə etdikləri işğalçı hayları diz çökdürəndən sonra da, nəyin bahasına olursa-olsun 25-30 minlik dığaların və axcilərin “hüquq”larından dəm vurmaqda israr etməkdədilər. Geosiyasi maraqlarla bağlı düşmən olan ölkələr belə yeganı bu məsələdə bir-birinin tüpürdüklərini yalamaqdan da çəkinmirlər. Əcəba nədən? Bax, əsas sual da budur, əziz oxucu. Fransada Korsikalılar (Qeyd edək ki, Fransa tarixində yeganə “qüdrətli” sərkərdə Napoleon Bonapart da fransız deyil, Korsika xalqının nümayəndəsi olub...) on illərdi ki, qanuni hüquqlarını tələb edərək azad olmaq istəyirlər, referendumla da bunu hüquqiləşdirirlər, ancaq onların bu haqq səsini eşidən yoxdu ki, yoxdu. İspaniyada Kotolonların istiqlal mübarizələrinə qarşı atılan addımlardan da xəbərdarıq. Qərbdə buna bənzər faktlar N saydadır. Amma dünya gücləri bunu beynəlxalq hüquqa uyğun bilir, “Dövlətlərin Ərazi Bütövlüyü” müddəasına əsaslanırlar. Ay biz deyən, beynəlxalq hüquqda sizin ərazi bütövlüyünüz toxunulmazdı da, digərlərininki “quşbaşı”dı? Yoxsa Beynəlxalq hüququn da, sizin siyasətiniz kimi, iki üzü var? Bəlkə sizlər üçün başqa, bizlər üçün başqa beynəlxalq hüquq var? Belədirsə, bunu açıq-açıq deyin, bizlər də işimizi bilək. Xəlasə, onsuz da bu siyasətin sonuna az qalıb, belə ikili siyasət uzun gedə bilməz və getməyəcək, onu darmadağın edən güc artıq formalaşıb. Tezliklə görəcəklər... İndi bundan danışıb, hində gizlənib, quyruğu bayırda qalan xoruz kimi vaxtından əvvəl oyaq salıb banlatmaq istəmirik. İndilikdə bizi ən çox narahat edən isə, XX əsrdə İran adlandırılan ölkədə, fars-molla rejimindən bezən 35-40 milyon Azərbaycan türkünün səsinin eşidilməməsidir. İki gün öncə Avropanın mərkəzində, Brüsseldə səsini qaldıran azərbaycanlıların səsinə hələ də səs verən yoxdu. Əcəba 25-30 min hayın səsini marığa yatmış it kimi dərhal duyan qərb 35-40 milyonun səsini niyə eşitmir və ya eşitməzdən gəlir? Bax, bu yerdə papağını qarşına qoyub bir az düşünmək kifayətdir ki, qərbin siyasi ikiüzlülüyünün əsas qayəsini anlayasan. Dünya güclərini narahat edən türkün yenidən özünə qayıdışıdı. Və nəyin bahasına olursa-olsun bu dirçəlişə mane olmaq indiki dünya güclərinin bir nömrəli məsələsidi. Elə buna görə də bir-biri ilə düşmən olan bu güclər erməniyə dəstək məsələsində və İran adlanan məmləkətdə fars-molla rejiminin qorunmasında eyni mövqedədirlər. Guya İrana zərbələr endirəcəyindən gecə-gündüz moizə oxuyan qərb, məhz İrandakı 35-40 milyon Azərbaycan türkünün müstəqilliyini əldə etməsi ilə, Böyük Türk Qurşağının bərpasından narahatdırlar. Belədə, qərbin nə vaxtsa İrandakı fars-molla rejiminə qarşı kəskin addımlar atacağını düşünmək özü sadəlövhlükdür. Odur ki, “türkün tükdən özgə dostu yoxdur” məşhur kəlamını unutmayaq və öz göbəyimizi özümüz kəsməyin yollarını axtarıb tapaq. Bir də “Ağası gülüm olanın başına külüm olar” deyimini xatırlayaq. Qərbə güvənmək özümüzü aldatmaq deməkdir. Nə özümüz özümüzü aldadaq, nə də kiminsə bizi aldatmasına imkan verək. Yetər ki, özümüzə qayıdaq, biz özümüz olanda çox qüdrətliyik. Necə ki, 2020-ci ilin payızında özümüz olduq!..

Təhmasib Novruzov

Digər xəbərlər