Köşə

  • 7 901

Uşaqlar xoşbəxt şeirlər oxumalı... -KÖŞƏ

image

Lalə Mehralı

Bayram tətilində 44 günlük müharibədə şəhid olmuş dayım oğlu Murad İbrahimovu gördüm yuxumda. Şəhid şeiri deyirdi, inanılmaz şövqlə, candan oxuyurdu şeiri, inanılmaz real bir səhnə idi. Yuxu olduğuna uzun müddət inana bilmədim oyandıqdan sonra. Özümə gələndə möminə əmim qızına yazdım: "Mənim adımla Murad üçün dua oxu".

Mən həmişə öz dilimdə dua edirəm axı, ərəbcə bilmirəm. Həyatdan köçmüş əzizlərimə, şəhidlərə etdiyim bütün dualar öz dilimdədir. Deyirlər əsli ərəbcə olmalıdır duanın, müqəddəs kitabımızın nazil olduğu dildə. Nə əlaqəsi varsa… Sanki mənim edəcəyim duanı Allah qəbul etməyəcək. Amma illərdir, əsrlərdir beynimizə yeridilib, “dua ərəbcə olmalıdır” deyə. Mən etdiyim dualar ərəbcə deyilsə, boşuna dua etmişəm demək illərdir?

Bu yuxunun təsirindən çıxmamışdım hələ, günlər sonra uşaqları Novruz şənliyinə aparmışdım. Zalda bir coşqu, bir sevinc vardı ki, gəl görəsən. Uşaqlar sevinclə ora-bura qaçır, Bahar qızın rəqsinə, Kosanın, Keçəlin oyunlarına ürəklə əl çalırdılar, səhnələşdirilmiş nağıla baxırdılar. Aparıcı uşaqlara şeir danışdırdı. Biri, üçü, beşi şirin dili, maraqlı danışıq üslubu ilə bahara, təbiətə aid şeirlər danışdı, zaldakı insanlar balacaları alqışlayırdı. Aparıcı bir uşağa yaxınlaşdı sonra, 5-6 yaşında göyçək bir qız idi. Soruşdu Novruza aid şeir bilirsən? Balaca dedi: “Ondan da yaxşısını bilirəm”. Maraqla gözlədik. Və kiçik qız danışdı:

"Qatil gülləsinə qurban gedərkən

Gözünü sabaha dikdi şəhidlər"...

Qulağım uğuldadı, arxasını dinləyə bilmədim. İnsanların ifadəsi üzündə dondu. Gözü yaşaran kim, yanağından yaş süzülən kim... Hər nəsildə bir şəhid var hardasa, əminəm ki, o zalda oturanların əksəriyyəti ailəsindən, nəslindən şəhid verdi müharibədə. Balaca isə uca səslə davam edirdi:

“Üç rəngli bayrağı öz qanlarıyla

Vətən göylərinə çəkdi şəhidlər”…

Birdən səhnə qaraldı, səhnədəki uşaqlar yoxa çıxdı, dəstə-dəstə hərbi geyimli, ayağı, qolu, sinəsi, başı yaralı, qızıl qanlı əsgərlər hərbi keçid etdi səhnədən. O qədər yaraya, qana rəğmən əsgərlərin üzlərindəki səmimi gülümsəmə qalıb yadımda. Paralel dünyadan yenə o balaca qızın səsi ilə döndüm:

“Torpağın bağrına cəsədləriylə,

Azadlıq tumunu əkdi şəhidlər”.

Əslində, insan şeirdən daha çox uşaq yaşda zövq alır. Uşaqlar oxuyub-yazmağı öyrənənədək eşitdikləri bütün axıcı, diləyatan şeirləri beyinlərinə asanlıqla yazırlar. Əslində uşaqlarla şeirlər arasında təbii bir bağ var. Axı uşaqlar da danışmağa başlayanda şeirlərdə istifadə edilən qısa, lakonik cümlə quruluşuna uyğun cümələlər qururlar. Uşaqlar da eynilə şairlər kimi öz düşüncələrini spesifik kəlmələrlə başa salırlar.

Ən kiçik yaşlarda uşaqlara şeir öyrətmək, dinlətmək, oxutmaq onların mənəvi dünyasını zənginləşdirmək deməkdir. Bu cür alışqanlığı olan uşaqlar milli və ümumbəşəri mədəniyyəti, ədəbi-estetik dəyərləri dərk etməyi bacarır. Hələ məktəb yaşına çatmamış uşaqlar daha çox maraqlı təsvir, təbiət, heyvanlar, həmçinin real həyatda cansız, şeirlərdə danışan əşyalar barədə olan şeirlərə maraq göstərir.

Biz uşaqlarımıza bunlardan çox şəhidlərə həsr olunmuş şeirlər öyrətməli olduq. Özümüz də əzbərləmişdik zamanında. Elə öz əzbərimizdə olanları öyrətdik övladlarımıza. Çoxumuz öz ailə üzvümüzün, yaxınımızın döğum təvəllüdünü yadımızda saxlaya bilmirik, amma 30 il əvvəl öyrəndiyimiz şəhidlər şeirini yanılmadan danışırıq. Şəhid bizim qırmızı xəttimizdir, son qalamızdır çünki.

Anaları-ataları I Qarabağ Müharibəsinin şəhidlərini o şeirlərlə yad edirdi 30 il əvvəl, indi övladlarımız II Qarabağ Müharibəsinin qəhrəmanlarına şeirlər oxuyurlar. Bizim yaşadıqlarımızı yaşadı övladlarımız. Ən şən günlərimizdə belə şəhidimizi yad elədik, ən əziz günlərimizdə süfrəyə şəhidin adına dua oxuyaraq oturduq.

Uşaqlara ailə, vətən sevgisi aşılayan şeirlər öyrətmək mütləqdir. Onların bu yaşda duyğuları, fikirləri formalaşır, vətənpərvərlik hisslərini beləcə aşılamaq lazımdır tər-təmiz beyinlərinə. Körpələrə şeir əzbərlədərkən onların o körpə ruhunu yoracaq şeirlər öyrətməyin. Qətl, qan, ölüm sözləri ilə böyüməsin o məsum canlar. Müəyyən yaşa gələndə öyrənəcəklər, öyrədəcəyik. Mübariz xalqın mübariz oğullarını tanıyacaqlar, vətən üçün tökülən qanları, verilən canları biləcəklər. Amma 5 yaşında əzbərlədikləri, beyinlərinə yazdıqları ölüm qoxan şeirlər onlar üçün yaradır, ruhlarına yükdür. Uşaqlar xoşbəxt şeirlər oxumalıdır məncə...

QEYD: Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi” istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər