PDF Oxu

Köşə

  • 3 029

Qapısından pərdə asılan evlər

image

Lalə Mehralı

İnsanın məhrəmiyyət və qorunma duyğusunu hiss etməsi ilə eyni vaxtda yaranıb pərdə ehtiyacı. Elə farscadan tərcümədə də örtən, pünhan edən mənasını verir. Elə insan da pünhan qalmaq istədiyi üçün pərdəyə ehtiyac duyub, istifadə edib. Pərdə həyatımıza girəndə qapı anlayışı yox idi insanın, qapı nədir, necə olur, bilmirdi. İbtidai dövrlərdə insanların sığınacaq imkanları indikilərdən fərqli idi, mağaralarda yaşayan insanlar çöldən gələn isti və soyuq havanın qarşısını almaq üçün, yırtıcı heyvanlardan qorunmaq üçün heyvan dərilərindən, ağac yarpaqlarından pərdə düzəldirdilər mağara girişinə. Sivilizasiya inkişaf etdikcə mağaranın içində, sonralar daxmalarda pərdələrlə arakəsmələr-otaqlar yaratmağa başladı insan, beləcə evdəki məhrəmiyyət qorundu, qadın-kişi, böyük-kiçik arasındakı pünhanlıq o pərdələrlə tənzimləndi.

İndi də var rayonlarda, kəndlərdə, evlərin pəncərəsindən başqa qapısına da pərdələr asılır. Həm daxili, həm də bayıra açılan qapılarda görmək ola o pərdələri. Xüsusilə evin bayır qapısında pərdə mədəniyyəti var kənd yerlərində. İstidə, bürküdə qapı açıq saxlananda o pərdələr qoruyur məhrəmiyyəti, içəridəkiləri. O pərdə ardır, həyadır o insanlar üçün. O pərdə yuxarı qaldırılmır, yığılmır, daimi açıqdır. O pərdəli evlərdəki insanların namusu, arı, həyası həmişə nümunə olurdu. Bayır qapısında pərdə olan evlərdən əxlaqsız insan çıxmazdı, həyasız insanlar yaşamazdı o pərdələrin arxasında. Həyası, əxlaqı olmayanlar niyə qapısına pərdə tutmaq ehtiyacı duysun ki?

Bu günlərdə bir şeyin fərqinə vardım, ara-sıra sosial şəbəkələrdə qarşıma çıxan videolarda o pərdə asılmış qapılardan çox görməyə başlamışam axı. Yenə qapı açıqdır, pərdə örtülü. Bir şey fərqli idi, indi o pərdəli qapıların arxasındaki məhrəmiyyət yox idi o videolarda. Əksinə, pərdə önündə baş verirdi baş verəcəklər. Nə baş verirdi?

Cinsi azlıqlar rəqs edir o pərdəli qapıların önündə. Əynində dar bir qadın corabı (retuz dediyimiz geyim), göbəyini açıqda qoyan bir köynək ( indiki gənclər ona crop deyir), ayağında bir qadın şəpşəpi, saçları yeni uzanmağa başlayan, üzünü ülgüclə dərindən təmizləyən, sir-sifəti boyalı yarı kişi, yarı qadın biri rəqs edir o videolarda. Nə kişi deyil, nə qadın, qadın olmağa hazırlaşan kişi demək olar.

Əvvəl paytaxtda rastlaşırdıq belə vəziyyətlərlə, gecə klublarından çəkilib paylaşılan kadrlarda görürdük bu cür yarı qadın, yarı kişi adamları. Sonralar sosial şəbəkələrdəki aktivlik artdıqca instaqramda, tik-tokda qəribə adamlar peyda olmağa başladı, canlı yayımlar açıb söhbət etməyə, izləyici yığmağa başladılar o adamlar. Öz parıltılı həyatlarını göstərdilər o canlı yayımlarda, necə yaşayırlar, nə cür yaşayırlar, hamısını çəkirlər. Bahalı həyat, əla döşənmiş ev, son model maşınlar, lüks məkanlarda əyləncə gəncləri beləcə cəlb etdi. Kişi kimi bir qazancı olmayacağını görən yeniyetmə, cinsini danmağı, onun kimi yaşamağı seçir, əgər belə etsə daha lüks həyatı olacağını dərk edir. Yalan da deyil, onların həyatı bahalıdır. Kim maliyyələşdirir, kim sponsorluq edir bilmirəm, amma bu həqiqətdir ki, onlar dolanışıq dərdi çəkmirlər, pulu kağız kimi xərcləyirlər, hər həftə bir ölkəyə səyahət edirlər.

O pərdəli ev qapılarının qarşısında rəqs edən, canlı yayım açanlar, baxış toplamaq, özünü tanımaq hayında olanlar da onlar kimi olmağa çalışan gənclərdir. Ən ucqar rayonlarda, kəndlərdə belə bu vəziyyət hökm sürür. Belə insanlar əvvəllər də vardı, amma bu qədər yox. Olanlar da cəmiyyətin stiqmasından, qınağından qorxurdu, üzə salmırdı. Bilmirəm, bəlkə də elə bu qədər imiş, internet üzə çıxardı hamısını. Rəqəmsallıq əxlaqı da başqa müstəviyə keçirdi, cinsiyyəti də. O cinsini dananlar kimi olmaq istəyən o qədər uşaq var ki indi. Bir qığılcım gözləyirlər sadəcə, qınaqdan qorxmayanlar da o kamera önündə istədiyini edənlərdir.

Çox narahatam, öz övladlarım üçün, hamının balası üçün. Bir vaxtlar uzaq ölkələrdəki orta cins polemikalarını oxuyub təəccüb edirdik, bizdəki orta cinslərdən xəbərsizmişik. Yağış sonrası göbələk misalı, hər yerdədirlər. Sayları getdikcə artır, kütləviləşir vəziyyət. Vaxtilə ata-anasından çəkinən indi cəmiyyətdən də çəkinmir, ətrafı vecinə almır. Pərdə qalxıb artıq, jurnala baxdıq, kino qabaqdadır. Anons heç yaxşı şeylər söyləmədi bizə...

Digər xəbərlər