PDF Oxu

Siyasət

  • 963

Bu gün iqtisadiyyatımızın aparıcı qüvvəsi qeyri-neft sektorudur

image


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi münasibətilə keçirilən təntənəli mərasimdəki çıxışı gələcəyə baxış, inkişafın əsas istiqamətlərini müəyyənləşdirən böyük bir yol xəritəsidir. Dövlət başçısının məruzəsi təkcə Akademiyanın keçdiyi tarixi yola qiymət deyil, həm də Azərbaycanın gələcək inkişaf fəlsəfəsinin elmi və intellektual əsaslara söykəndiyini nümayiş etdirdi.
Geniş və ətraflı nitqində Prezident cənab İlham Əliyev bir daha təsdiqlədi ki, Azərbaycan elmi təsadüfən deyil, dövlətçilik strategiyasının tərkib hissəsi kimi qorunub və formalaşdırılıb. Bu siyasətin başlanğıcı Ulu Öndər Heydər Əliyevin rəhbərlik dövrlərinə gedib çıxır. Hələ ötən əsrin 70-ci illərində yeni elmi-tədqiqat institutlarının yaradılması, gənclərin ən nüfuzlu ali məktəblərə göndərilməsi, elmə ayrılan vəsaitlərin artırılması məhz Heydər Əliyevin qərarları hesabına baş vermişdi. Prezident xatırlatdı ki, həmin illər ölkənin intellektual potensialının formalaşdığı dövr idi. Bu kurs müstəqillik illərində də dəyişməyib-elm siyasi prioritet statusunu saxlayıb.
Cənab Prezident İlham Əliyev ölkə iqtisadiyyatının müstəqilliyini və dayanıqlığını təmin edən nailiyyətləri təhlil etmişdir. Cənab Prezident açıq şəkildə bəyan etdi ki, bu gün iqtisadiyyatımızın aparıcı qüvvəsi qeyri-neft sektorudur. Neft hasilatının obyektiv səbəblərdən azalmasına baxmayaraq, qeyri-neft sektorunda qeydə alınan artım ölkənin islahatlar nəticəsində möhkəm dayandığını sübut edir. Maliyyə qüdrətimiz isə hər birimizi qürurlandırır. Cənab Prezidentin təqdim etdiyi rəqəmlər Azərbaycanın iqtisadi müstəqilliyini nümayiş etdirir: xarici borc ÜDM-in cəmi 6 faizindən bir qədər çoxdur, valyuta ehtiyatlarımız isə 80 milyard dolları ötüb və xarici borcdan 16 dəfə çoxdur. Cənab Prezidentin vurğuladığı kimi, bu maliyyə gücü sayəsində istənilən böyük layihə, o cümlədən Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən misilsiz quruculuq işləri heç kimdən asılı olmadan, öz gücümüzlə icra edilir.
Artıq yeni mərhələyə keçid baş verir. Prezident çıxışında bildirdi ki, bu gündən əsas prioritet texnoloji inkişafdır. Müasir dünyada ölkələrin gücü təbii sərvətlərlə deyil, elmi və texnoloji imkanlarla ölçülür. Ərzaq, enerji və milli təhlükəsizlik anlayışları dəyişir, dövlətlərin gələcəyi süni intellekt, rəqəmsallaşma və kibertəhlükəsizlik üzərində qurulur. Elə buna görə də Prezident süni intellekti ölkənin gələcək inkişaf modelinin ayrılmaz hissəsi kimi təqdim etdi. Kibertəhlükəsizliyin fiziki təhlükəsizlik qədər əhəmiyyətli olması və bu sahədə qabaqcıl beynəlxalq şirkətlərlə geniş proqramların icrası da çıxışda xüsusi qeyd edildi.
Cənab Prezident İlham Əliyev Vətən müharibəsində qazanılan Şanlı Zəfərin tarixi və elmi əhəmiyyətini bir daha vurğuladı. Cənab Prezient qeyd etdi ki, "Bizim qədər parlaq, tam və mütləq Qələbə qazanan ikinci ölkə olmamışdır". Bu Qələbə, Azərbaycanın güclü iqtisadiyyatı sayəsində formalaşdırdığı hərbi qüdrətin təntənəsi idi. Vətən müharibəsinin əsas dərsi Pilotsuz Uçuş Aparatlarının həlledici roludur. Cənab Prezidentin rəhbərliyi ilə hərbi sənayemiz sürətlə inkişaf edir. Biz artıq öz tələbatımızı ödəməklə yanaşı, hərbi məhsulları ixrac edirik. Cənab Prezidentin çağırışı ilə Azərbaycan alimləri bu prosesə fəal cəlb edilməlidirlər ki, hərbi texnologiyalarımız daim yenilənsin.
Azad edilmiş ərazilərin bərpası cənab Prezidentin çıxışında mərkəzi yer tutmuşdur. Cənab Prezident qeyd etdi ki, Qarabağ və Şərqi Zəngəzurda son 5 il ərzində 30-dan çox Su Elektrik Stansiyası tikilib. Bölgənin "yaşıl enerji" zonasına çevrilməsi planı çərçivəsində, 2030-cu ilə qədər günəş, külək və su elektrik stansiyalarının generasiya gücünün 6 min MVt-a çatdırılması nəzərdə tutulur. Cənab Prezidentin göstərişi ilə bu ərazilərdə aparılan geniş geoloji işlər nəticəsində qızıl, gümüş, mis yataqları və digər zəngin sərvətlər aşkarlanır. Bu, bölgənin iqtisadi potensialını kökündən dəyişəcək və qayıdan əhali üçün daimi iş yerlərini təmin edəcək. Bu quruculuq işlərinə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən mədəniyyət abidələrinin, məscidlərin və sosial obyektlərin bərpası ilə göstərilən humanitar dəstək də əlavə olunur.
Prezident cənab İlham Əliyevin çıxışı göstərir ki, Azərbaycan artıq prosesləri izləyən deyil, prosesləri yaradan dövlətdir. Prezidentin nitqində səslənən mesajlardan aydın olur ki, Azərbaycanın gücü təkcə hərbi-siyasi qüdrətində deyil, həm də sabitlik və əməkdaşlıq yaradan dövlət kimi oynadığı roldadır.

Fəxrəddin Vəliyev,
YAP Şəmkir rayon təşkilatının sədri

Digər xəbərlər