PDF Oxu

Köşə

  • 3 261

Qiyamətin əlaməti və ya normallaşdırılan anormallıq

image

Lalə Mehralı

Çox yox, 10-15 il əvvəllə müqayisədə dünyamız nə qədər dəyişib, deyilmi? Bir fikirləşin, çox az müddət ərzində qeyri-normal olan bütün davranışlar adi hala çevrildi, anormal bildiyimiz nə varsa cəmiyyət tərəfindən dəstəkləndi. Əvvəl bizə anormal gələn çox şey indi tamamilə normal gəlir, hətta əvvəl əksini düşündüyümüz üçün bəzən özümüzə təəccüblənirik.

Eynicinsli nikahlar da artıq normallaşdırılan anormallıqlardandır. Yeni nəsil üçün bu sıradan, normal vəziyyətdir. Eynicinsli insanların evliliyinə icazə vermək bütün əxlaqi dəyərlərə tüpürmək deməkdir. Bunun müzakirəsi belə aparılmamalıdır, mətbuata, efirlərə çıxarılması belə yolverilməzdir. Müzakirə edib normallaşdırmaq belə təhlükəlidir. Necə ki, bir çox ölkədə müzakirə edə-edə normallaşdırdılar.

Elə bilirsiniz bizim cəmiyyətdə hər şey normaldır? Bir qisim adam var ki, onlar çoxdan belə bir müzakirə açılmasını gözləyir, onlara qığılcım yetər ki, eynicinsli nikahları normallaşdırsınlar. Efirdə özünə ər, ya arvad axtaranlar, arvadını başqa kişi ilə tutub videosunu çəkib efirdə nümayiş etdirənlər, bir-birinin bütün paxırını milyonların gözü önündə açıb sonra heç nə olmamış kimi həyatlarına davam edənlər – görün nələr normallaşdırılıb bizə sırındı illər ərzində? Fərqindəsinizmi, təəccüb hissimizi itirmişik əksəriyyətimiz. Biz daha nələr görəcəyik? Daha immunitet yaranıb bədənimizdə, əvvəl bizi dəhşətə gətirən şeylər indi normal gəlir. Qeyri-normal vəziyyətlər normallaşdıqda, anormal davranışlara göstəriləcək reaksiyalar da yoxa çıxır.

Təbii ki, normal evliliyin, ailələrin hazırkı vəziyyətindən narahat olmaq üçün çoxlu səbəblərimiz var. Evlilik nisbətləri aşağı düşüb, boşanmalar pik həddədir, tək valideynli ailələrin və nikahdankənar uşaqların sayı sürətlə artmaqdadır. Hansısa qüvvələr nikahın əhəmiyyətinin azalması, nikahdankənar birgə yaşamanın, nikahdankənar cinsi əlaqədə olmağın, nikahdankənar uşaq dünyaya gətirib böyütməyin, nikahın baş ağrısı və vaxt itki olmasının təbliğatını aparır.

Eynicinsli nikahların leqallaşdırılması bir çox cəmiyyətdə niyə bu qədər müdafiə edilir, bilirsinizmi? Bütün milli-mənəvi-əxlaqi dəyərləri öldürmək, məhv etmək, silmək üçün. Eyni cinsli evliliklərin sərbəst edilməsi halını təsəvvür edin. İnsanlar hər cür abırsızlığa qol qoyacaq. Əmin olun, öz iti ilə evlənənlər də olacaq. İtlərin pasportu olduğu üçün bu, o qədər də imkansız olmayacaq. Bəli, qiyamət çox yaxındır. Qır qazanı, qıl körpüsü-bunlar hamısı boş şeylərdir, əsas qiyamət iki əcaib insanla bir evdə böyüyən uşağın darmadağın olmuş, təcavüz olunmuş psixologiyasında baş verir! Bu, ailə deyil, bu, nikah deyil, bu heç insani vəziyyət də deyil.

Eynicinsli evlilik məsələsinin təbliğat mexanizmi olmamaq üçün mətbuatın, media orqanlarının üzərinə böyük məsuliyyət düşür. Bu cür müzakirələrin aparılmasına imkan verməməli, normallaşdırılmasına etiraz etməliyik. Zamanında müdaxiə edə bilsəydik bu gün nə evli adamlardan uşaq doğanlar normallaşmazdı, nə vətəndaş nikahında yaşayan adamlara adi baxmazdıq, nə də efirdə fəxrlə bu barədə danışanlar olmazdı. Eynicinsli nikahların da yolu düzəldilir, zamanla o yol hamarlanacaq, daşları təmizlənəcək, asfaltı döşənəcək və beləcə vəziyyət normallaşacaq.

Yaradılışın qanunudur, təkamül ağacı hər zaman hər hansı bir “azlıq” qrupunun hüquqlarını “çoxluq” mövqeyində olanlara qarşı müdafiə edir. Şərait, şərtlər, imkanlar buna təkan verir. Dini azlıqlar çoxluğa qarşı müdafiə olunur, milli azlıqlar çoxluğa qarşı müdafiə olunur və bunlar normaldır. Lakin normal ailə münasibətlərini kənarlaşdırılıb əvəzində heç bir əxlaqi dəyərə, mənəvi normalara sığmayan qadının qadınla, kişinin kişi ilə evliliyi normallaşdırılır. Bu, təhlükənin ilk sədasıdır, zəlzələnin ilk titrəyişidir, sunamidən öncəki çör-çöp axınıdır. Bu hələ jurnaldır, kino qabaqdadır...

Digər xəbərlər