Köşə

  • 4 913

Normalımız niyə anormallaşdı?

image

Lalə Mehralı

Həm real, həm virtual dünyada çox insanla və bir o qədər də çox davranışlarla rastlaşırıq. Əksər hallarda müşahidə etdiyimiz bir çox davranışın, əslində, niyə edildiyinin fərqinə varmırıq. Bəzi davranışlar isə bizə təsir edir, doğru olmadığının fərqində oluruq və bu davranışın niyə edildiyini düşünürük. Çünki indi bir çoxuna adi bir şey kimi gələn davranış bəzilərimizə absurd təsiri bağışlayır.

Sizə mənfi təsir edən davranışlardan bəhs etmək istədikdə, ətrafınızdan “nə itirib nə axtarırsan”, “gör nəyə fikir verirsən”, “sənin psixologiyan pozulub”, “əsəbisən” kimi məzəmmətlər eşidirsiniz, doğrudur? Məndə də elə hallar olur. Bəzən çox düşünürəm, cəmiyyət bu anormallıqları normal hesab etməzdən əvvəl dünya necə də gözəl bir yer idi, yaşamaq onda necə gözəl idi. Amma içimdə qalır düşüncələrim, çünki ətrafdakılara bəhs edəndə adama zombi kimi baxırlar. “İnternetin olmadığı dövrdən ötrü necə darıxmaq olar?”, “mobil telefonsuz yaşamaq dəhşət olardı”, “ağ-qara televizordan ötrü darıxırsansa sən dəlisən” deyir insanlar.

Çox az müddət ərzində qeyri-normal olan bütün davranışlar adi hala çevrildi, anormal bildiyimiz nə varsa cəmiyyət tərəfindən dəstəklənir. Efirdə özünə ər ya arvad axtaranlar, arvadını başqa kişi ilə tutub videosunu çəkib efirdə nümayiş etdirənlər, bir-birinin bütün paxırını milyonların gözü önündə açıb sonra heç nə olmamış kimi həyatlarına davam edənlər… Biz daha nələr görəcəyik? Daha immunitet yaranıb bədənimizdə, əvvəl bizi dəhşətə gətirən şeylər indi normal gəlir. Qeyri-normal vəziyyətlər normallaşdıqda, anormal davranışlara göstəriləcək reaksiyalar da yoxa çıxır. Eynilə indi sizə nəql edəcəyim əhvalatda olduğu kimi…

Qədim zamanlarda, normalın anormallıq hesab olunmadığı dövrdə bir obaya xəbər yayılır ki, yaxın vaxtlarda suyun tərkibi dəyişəcək, insanlar o sudan içib hər şeyi tərsindən anlayacaqlar, bütün normal şeylər anormallıq hesab ediləcək. Buna bütün el gülür, cəfəngiyat hesab edirlər. Deyilənlərə bir gənc biganə qalmır, su anbarı düzəldib xeyli su tədarük edir və yalnız özü topladığı sudan içir.

Vaxt-vədə yetişir, günlərin bir günü gənc görür ki, bu obada hamı hər şeyi tərsinə edir, əyriyə düz, düzə əyri deyirlər, bütün normal şeylər anormallıq hesab edilir. Bu günədək doğru bilinənlər yalnış olub, əyrilər düz olub. Anormal hərəkətlər tamamilə normal qəbul edilir. İnsanlara başa salmağa çalışılır, heç kim başa düşmək istəmir, əksinə, hamı ona dəli kimi baxır. Gənc bu anormallaşan cəmiyyətlə mübarizə aparır, lakin nəticə olmur, təkdir axı. O da axırda dözmür, özü tədarük etdiyi suyundan yox, bütün obanın içdiyi sudan içir. Palaza bürünür yəni…

İndi də cəmiyyətdə özünə su toplayıb içənlər var, o gənc tək idi, amma indi çoxdur onun kimilər, üstünlükləri də budur. Nə qədər dözəcəklər allah bilir, amma yaxın illərdə onlar da hamının içdiyi sudan içəcəklər. Məcbur qalacaqlar. Az qalıb...

Digər xəbərlər