Ermənistanın baş nazirinin arvadı Anna Akopyanın ölkənin regionlarının birinə səfəri zamanı reallığı əks etdirən etirafı etməsi yenidən erməni cəmiyyətini bir-birinə vurub. Buna səbəb isə Akopyanın 2020-ci ildə baş vermiş 44 günlük müharibədə Ermənistan Ordusunun təxminən 25%-inin, yəni 11 min nəfər fərarisi olduğunu etiraf etməsidir. Belə ki, Anna Akopyan Nikol Paşinyanın və özünün könüllü cəbhəyə yollanmaq üçün erməni xalqına müraciətlərinə, çağırışlarına da cəmiyyətdən tutarlı reaksiya gəlmədiyini etiraf edib.
“Biz reallığı itirməyi sevirik və hər zaman mənə maraqlı olub ki, biz nəyə görə həqiqəti gizlədirik? Bu gün mən reallığın necə olduğunu deməyə məcburam. Reallıq isə budur ki, 44 günlük müharibə zamanı bizim 11 min fərarimiz olub. Məhz fərarilər və mən ayrı cür ifadə edə bilmirəm. Siz heç bilirsiniz söhbət nədən gedir? Siz təsəvvürünüzə gətirirsiniz 11 min fərari nə deməkdir?”, deyə Akopyan sual edib.
Onun sözlərinə görə, Paşinyan könüllülərə çağırış edəndə bu çağırışa məhəl qoyan olmadı və o, bir qadın olaraq dəstə formalaşdırmağı və savaş zamanı buna nə qədər tələbatın yarandığını qadınların da müharibəyə qoşulması vasitəsi ilə göstərməyə çalışıb. Lakin bu cəhddən sonra da hər hansı bir müsbət təsirlər yaranmadı. “Bu haqda danışmaq lazımdır. Biz reallığı gizlətməməliyik”, deyə qeyd edən Anna Akopyan xatırladıb ki, hazırda İrəvanda məhkəmə işləri gedir və mühakimə edilənlər ordu zabitləri, əsgərlər, müharibə vaxtı qarşı tərəfə informasiya ötürənlərdir: “Bu, dövlətə xəyanətdir. Sən, sənə etibar edilən sərhədi tərk edirsən. Biz 44 günlük müharibəyə geri baxmalı, öz fəaliyyətimizin təhlilini aparmalı və utanmadan etiraf etməliyik ki, biz qorxurduq. Hər kəs qəhrəman ola bilməz. Ancaq bunu gizlətmək də utanç hissi yaradır. Mən bilmirəm ki, bu sözlərimdən sonra nə danışacaq, mənim haqqımda nə düşünəcəksiniz. Amma biz öz dövlətimizin sahibləri olmalı və gələcəyimizi qoruyub-saxlamalıyıq”.
Yeri gəlmişkən, Anna Akopyanın bu fikirlərindən sonra erməni cəmiyyətinin içində ciddi fikir ayrılıqları və qarşıdurmalara start verilib. Xüsusilə, sosial şəbəkələrdə Ermənistan erməniləri ilə Qarabağ erməniləri arasında ziddiyyətlər, qarşılıqlı ittihamlar səslənməyə başlayıb. Tərəflər bir-birini qorxaqlıqda, xəyanətdə ittiham ediblər. Ermənistan erməniləri Qarabağ ermənilərinin İrəvana və ölkənin digər şəhərlərinə doluşduqlarını, onların həyatlarını pozduqlarını, Qarabağ erməniləri isə Ermənistan hakimiyyətini müharibəyə səbəb olan bəyanatlar səsləndirdiyini bildirirlər. Ancaq fakt budur ki, əslində bütövlükdə erməni cəmiyyəti – istər Qarabağda, istəsə də Ermənistandakı insanlar bu düşüncələrin – işğalçılıq hisslərinin və revanşizmin onları belə bir ağır duruma sürüklədiyinin fərqinə varmırlar. Daha dəqiq desək, erməni düşüncəsinin özünütəcrid və özünüməhvetmə faktorlarına söykənməsi bu reallıqları üzə çıxarmaqdadır.
Lakin əsas fakt budur ki, Ermənistanın 11 min fərarisinin olması reallığı Qarabağ torpaqlarının Azərbaycana məxsusluğunun sübutudur. Daha dəqiq desək, müharibəni tərk edən bu insanlar başqa ölkənin torpaqları uğrunda can qurban vermənin, ölkənin əhəmiyyətsizliyini anlayıblar. Həmçinin, bu fakt Azərbaycanla müqayisə edildikdə də özünü kifayət qədər isbatlamış olur. Belə ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin Vətən müharibəsi dövründə xalqa müraciəti və eyni zamanda, xalqın bir yumruq kimi birləşərək torpaqlarının azad edilməsi yönündə mübarizəyə qoşulması özü-özlüyündə hər şeyi gün kimi aydınlığıa çıxarır. Bunun nəticəsidir ki, Azərbaycan Ordusunda 1 nəfər belə fərari olmamadı, əksinə, hərbi komissarlıqların qarşısı hər gün könüllü müharibəyə getmək istəyən vətənpərvərlərimizlə dolub-daşdı. Döyüşlərə atılmaq üçün Azərbaycan gənclərinin tələsmələri, cəbhəyə böyük ruh yüksəkliyi ilə getmələri isə beynəlxalq aləmi belə heyrətə gətirmişdi. Bütün bunlardan sonra Anna Akopyanın reallıqları, həqiqəti önə sürməsi Azərbaycanın şücaəti, Ermənistanın isə rəzaləti kimi qiymətləndirilə bilər.
Rövşən RƏSULOV