PDF Oxu

Köşə

  • 5 562

Teleyi tükdən asılı dünya... KÖŞƏ

image

1970-ci illər idi. Dünya alimlərinin elmi araşdırmaları nəticəsində müəyyən edilmişdi ki, hələ o zaman Yer kürəsində mövcud olan atom-nüvə silahlarından istifadə olunarsa, planet öz oxundan çıxa və parçalanıb kainata səpələnər. Həmin illərdə böyük şairimiz Bəxtiyar Vahabzadə yazmışdı bu iki misranı:

Bir tükdən asılıb taleyi indi,
İnsan əməlinə kaş dözə dünya!
Çalınan “həyəcan təbili”ndən narahat olan dünya dövlətləri, soyuq müharibənin tüğyan etdiyi həmin illərdə bir araya gəlib nüvə silahından birinci istifadə edilməməsi və nüvə silahlarının yayılmaması haqqında öhdəlik götürdülər. Həmin müqaviləyə məhz o zamankı SSRİ-nin rəhbərliyinin təkidi ilə, yalnız ərazisinə təhlükə yarandığı təqdirdə ölkələrin nüvə silahından istifadəsi haqqında bənd salındı. İndi Rusiya Krımı, Luqanskı, Donetskini ərazisi hesab edir və müqavilədəki həmin bəndə istinad edərək qarşı tərəfi nüvə raketləri ilə hədələyir.O dövrdən bizləri əlli ilə yaxın bir zaman kəsiyi ayırır. Faciə ondadır ki, belə bir beynəlxalq öhdəliyin mövcudluğuna rəğmən ötən yarım əsr ərzində dünyada olan nüvə başlıqlı raketlərin sayı dəfələrlə artıb. Həm də o zaman bu raketlər yaxın məsafələrə uça bildiyi halda, indi onlar minlərlə kilometr uzaqlığa tuşlana və atıla bilər. Üstəgəl, o zaman yalnız bir neçə güc mərkəzi olan dövlətlər bu kütləvi qırğın silahına sahib idisə, indi nüvə silahına malik dövlətlərin də sayı artıb. İş o yerə çatıb ki, allahın fars-molla rejimi də atom silahı istehsal etmək istəyir. Dəhşətdir, deyilmi? İkinci dünya müharibəsindən ötən on illər ərzində anamız Yer kürəsi heç vaxt indiki qədər labirinləşməmiş, indiki qədər fəlakətlə üz-üzə qalmamışdı. Qısaca diqqət edək. Avropa ölkələri ilə SSRİ-nin varisi olan Rusiya arasında mövcud olan indiki durum, faktiki Ukrayna-Rusiya deyil, NATO-Rusiya savaşı səviyyəsinə çatıb. Vəziyyət isə gündən-günə ağırlaşır və bu qanlı müharibənin tezliklə sonuclanacağına ümidlər günbəgün azalır. Beləcə, dünyanın ən qaynar nöqtəsinə çevrilmiş avropa üçüncü dünya savaşının astanasındadır. Yaxın şərqdə başlayan və bitmək bilməyən qanlı savaşlar on illərdir ki, davam edir və bu qarşıdurmaların da dünya savaşı təhlükəsinə yol açdığı danılmazdı. Çünki bu regionun yeraltı və yerüstü sərvətləri uğrunda savaşanlar da, məhz böyük güclərdir. Orta şərqdə indi İran adlanan və yenə böyük güclərin əli ilə qurulan fars-molla rejimi, qudurmuş it kimi, dörd tərəfinə hürür, hamını hədələyir, dünyanın etirazına rəğmən Rusiyanın dəstəyi ilə nüvə silahı yaratmaq üçün dəridən-qabıqdan çıxır. Uzaq şərqdə Şimali Koreya adlanan balaca bir ölkə “burda mənəm, Bağdadda kor xəlifə” deyib qardaşları Cənubi Koreyaya, Yaponiyaya, ümumən bölgəyə təhlükə törətməklə, bu regionu hər an partlaya bilən barıt çəlləyinə çevirib.Həmin ərazidə ABŞ-Çin-Tayvan adlanan daha bir barış çəlləyi də hər an partlamaq təhlükəsindədir. Afrikada, Şimali və Cənubi Amerikada, Sakit və Hind okeanları hövzəsində baş verənlər də məlumdur. Bizim üçün xüsusi narahatlıq yaradan Qafqazın da dünyada gedən bu geosiyasi savaşın mərkəzlərindən birinə çevrilməsidir ki, bunun da səbəbi Ermənistan adlanan layihə-dövlətin layihə rəhbərlərinin sözlərindən çıxmağa cürət etrməməsi ilə birbaşa bağlıdır. Vaxtilə çox məşhur olan bir miniatür tamaşası var idi. Bir vəzifəli şəxsə kim nə deyirdi, hamıya “baş üstdə” deyirdi. Axırda gəlib dedilər ki, sən vəzifənin öhdəsindən gələ bilmirsən, çığırıb-bağırdı ki, mən heç yerə getmirəm, heç kim məni bu vəzifədən çıxara bilməz. Ermənistan indiki durumda həmin vəzifəli məmuru xatırladır. Dünyanın harasından, hansı güc mərkəzindən nə sifariş gəlirsə, deyir “baş üstdə”. Yəni bu ölkə faktiki olaraq idarə olunmur və yeganə çıxış yolu onu dövlətçilikdən uzaqlaşdırıb, qonşularının idarəçiliyinə verməkdir ki, buna da ağaları imkan verməz.
Xülasə, dünyamız, bəlkə də bəşər tarixinin ən labirintləşmiş, ən təhlükəli dövrünü yaşamaqdadır. Məcazi mənada, dünyamız üçüncü dünya savaşına hamilədir. Bu hamiləliyi kürtac eləməyə kiminsə gücü çatacaqmı, bilmirəm. Amma onu bilirəm ki, onu kürtac eləmək vacibdi, həm də çox vacibdi. Buna gücü yetəcək qüdrətli bir “ginekoloq” lazımdır. Ya belə bir “ginekoloq” tapılıb, atası böyük güclər olan, dünyanın bətnindəki bu “yavru”nu doğulmadan məhv etməlidir, ya da ən böyük VƏTƏNİMİZ olan Yer adlanan planetin oxundan çıxıb, parçalara bölünərək kainata səpələnməsini gözləməliyik. Bunun isə yalnız başlanğıcını görə bilərik, sonrasından kimsənin xəbəri olmayacaq. Çünki artıq həyat olmayacaq ki, kimsə də, nəyisə görsün...

Təhmasib Novruzov

Digər xəbərlər