Telekanallara uğur gətirəcək pulsuz teleproqram layihəsi təklif edirəm
Son günlərdə naməlum mənşəli kolbasa-sosiska mövzusu daha çox müzakirə olunur. AQTA-nın mağazalarda apardığı yoxlamalar zamanı aşkar olunan faktlar bu sahədəki biabırçılıqların kiçik bir qismini ortaya çıxardı.
Məsələ heç də, kolbalara tələıf olmuş və ya xəstə heyvanların ətinin, ya da broyler tullantılarının vurulmasından getmir. Məlumdur ki, bizim kolbasa sexlərində məmulatlar əsasən ölmüş heyvanların ətindən hazırlanıb. Məsələ ondadır ki, kolbasaların əksərinin tərkibində ət tapılmayıb. Yenə əvvəllər leş əti də olsa ət vururdular.
Bu sexlərdən birində işləyən uzaq qohumum keçən dəfə bu mövzuda söhbət düşəndə dedi ki, indiyədək Azərbaycan istehsalı olan kolbasa yediyinə görə xəcalət çəkməklə yanaşı, həm də dəhşətə gəlir...
Bizdə əsas problem odur ki, kolbasa və sosiska istehsalı şəffaf deyil. Nəinki şəffaf deyil, hətta aşkar təhlükəlidir. Hamımız tanış-bilişlərimizdən ölmüş heyvanlarını kolbasa sexlərinə verdikləri haqda məlumatlar eşidirik.
HAŞİYƏ: Onlarla adamın şahid olduğu bir hadisəni burada yazmaq istəyirəm. 2005-ci ildə Tovuz televiziyasının (SmTv) baş redaktoru işləyərkən Düz Cırdaxan kəndində yaşayan bir nəfər mənə müraciət etdi ki, bəs onun inəkləri suvarma kanalının kənarından keçərkən qırılıb düşən yüksək gərginlikli elektrik naqili üzərlərinə düşüb və heyvanlar tələf olub. Xahiş etdi ki, ora bir çəkiliş qrupu göndərim.
Artıq axşam düşdüyündən mən çəkiliş qrupunu sabah göndərdim, iyulun istisində artıq iylənmiş və üzərlərinə həşəratlar yığılmış inəklərin kadrlarını gətirən çəkiliş qrupu mənə məlumat verdi ki, cəsədlərin ətrindən yaxına gedə bilməyiblər, 15-20 metr kənardan çəkiblər.
Süjetdən sonra regionun o vaxtki elektrik enerjisi operatoru “Barmek” kənd sakininə dəyən zərəri ödədi. Bir neçə gün sonra inəklərin sahibi telestudiyaya xeyli şirniyyat alıb gətirdi ki, bəs “sağ olun, beş paşka (1000 manat) kompensasiya adım, inəkləri də aktlaşdırıb pulu alandan sonra (tələf olandan 3 gün sonra- E.B) kolbasa sexinə satdım bir paşka şirvana” (200 manata)... Bu söhbəti eşidən, yarım saat əvvəl telestudiyanın bufetində kolbasa yemiş əməkdaşların halı pisləşdi, hətta biri ürəkbulanmasından dolayı məndən icazə alıb evə getdi...
Bu cür hallar təəccüblü deyil, bunlar hər sexdə baş verir və hamıya da məlumdur. Problem təkcə bu da deyil. Dad, rəng verən, saxlama müddətini artıran kimyəvi maddələrin kolbasalara qatılması ciddi təhlükə yaradır. Son vaxtlar isə əti əvəz edən materiallar tətbiq olunur. Bəzi məlumatlara görə, karton, soya, heyvanların dərisi və sümüyü və sair naməlum mənşəli materiallar tətbiq olunur.
Adi hesablama aparında vəziyyət aydın olur- ətin qiyməti ortalama 15 manat kolbasa 10 manat. Hələ buraya istehsal, daşınma, satış, vergi, kommunal, maaş fondu kimi xərclərlə yanaşı firmanın qazancını da əlavə etmək lazım gəlir. Belə çıxır ki, kolbasa havadan hazırlanır.
Təcrübə göstərir ki, pul cərimələri bu sahədə heç bir effekt vermir. Çünki, belə işbazlar ödədikləri cərimədən 10 dəfə çox pul qazanırlar.
Təklif edirəm ki, ölkə Tv-lərinin birində bir veriliş təşkil edib birbaşa efirdə kolbasa sexlərinin sahiblərinin hərəsinə öz məhsullarından 1 kq yedirdək? Özü də o kolbasaları mağazadan özümüz alıb gətirək haa, özləri ilə gətirməsinlər.
Kim çox yesə, ona mükafat təyin edək. Necə təklifdir? Bu telelayihənin ideya müəllifi kimi qonorar zad istəmrəm- buyursunlar televiziyalarımız bir tok-şou təşkil etsinlər, yaxşı baxılacağına və reklam gətirəcəyinə söz verirəm.
Tamaşaçılar ürəklərindən tikan çıxsın deyə maraqla baxacaqlar görsünlər ki, bu adamlar illərdir xalqa yedirdikləri leş ətini özləri necə “iştahla” yeyirlər.
Verilişin adını da tapmışıam- “Halal xoşunuz olsun”.