PDF Oxu

Köşə

  • 5 224

ATƏT nə etmək və nə demək istəyir? KÖŞƏDAR

image

Sirr deyil ki, ATƏT nümayəndələri daha əvvəllər də elə indi də Qarabağ separatçıları ilə bu və ya digər şəkillərdə görüşlər keçirməkdədirlər. Ancaq bütün bunların fonunda istər-istəməz belə bir sual yaranır: əcəba, belə olan halda, yəni bundan sonra sülh danışıqları haqqında nə qədər zaman danışılacaq, yaxud müzakirələr aparılacaq? Çünki bu faktın özü artıq nəyin-nə olduğunu növbəti dəfə ortaya çıxarmış olur.

Söz yox ki, ATƏT rəsmilərinin Qarabağ searatçıları ilə görüş mümkünlükləri Bakı ilə reqlamentləşdirilir və onu da qeyd edək ki, belə görüşlər Qarabağın azərbaycanlı icması ilə də baş tutub. Lakin ikinci Qarabağ müharibəsindən sonra Qarabağ azərbaycanlıları cəmiyyəti öz fəaliyyətini dayandırıb. Belə ki, torpaqlarımız işğaldan azad edildikdən sonra buna ciddi bir ehtiyac da qalmayıb. Amma...!

Amma daha bir məsələ budur ki, əgər ATƏT-in rəhbərliyi Azərbaycanda yaşayan ermənilərlə görüşlər keçirirsə, onda nəyə görə Ermənistandakı yurd-yuvalarından didərgin düşmüş azərbaycanlı icması ilə belə görüşlərə start verilmir? Bəlkə Ermənistan rəhbərliyi qarşısında bu məsələ də qaldırılsın və tələb edilsin ki, ATƏT Ermənistanın azərbaycanlı icması ilə görüşlər keçirməli və öz yurd-yuvalarına geri dönmələri prosesinin başlanılması istiqamətində fəaliyyətə start verməlidir!

Əgər bu mövzu gündəmə gətirilmirsə, deməli, ATƏT sözügedən məsələyə erməni tərəfinin üstünlüyü ilə baxır və bu, yolverilməzdir. O cümlədən, artıq belə qənaətə gəlmək lazımdır ki, Qarabağda qalan separatçı tör-töküntülərin rədd edilmələri istiqamətində başladılan işlər sürətlənməli, ərazilərimiz qeyri-qanuni silahlı erməni birləşmələrindən təmizlənməlidir.

Sərhədlərin delimitasiyası və demarkasiyası prosesinin reallaşmaması, habelə şərti sərhədlərin mövcudluğu isə onların dəqiqləşdirilməsi yönündə aparılacaq işlərlə davam etdirilməlidir – tarixi torpaqlarımız işğaldan azad edilməli, Qərbi Azərbaycandan olan soydaşlarımız isə öz doğma yurd-yuvalarına geri dönməlidirlər!

Bu kimi qənaətlərə gəldikdə ortaya bu yekun nəticə çıxır: istər ATƏT-in, istərsə də digər hansısa təşkilatların Qarabağdakı separatçıların və İrəvandakı hakimiyyətin nazları ilə oynama prosesi əvvəl-axır Bakının sərt və ildırım sürətli cavabı ilə nəticələnəcək.

Görünən budur ki, cərəyan edən son proseslər ATƏT-in bu mövzuda özünü diskreditə edib, yəni etimadını qismən (və ya tamamilə) itirməyə başlayıb. Hətta belə desək, iflic vəziyyətinə düşüb və sonda anaxronizm strukturuna çevrilib. Çünki belə görüşlər birbaşa separatçıların və Ermənistan rəhbərliyinin xəstə təxəyyülləərinə, eləcə də təfəkkürərinə hansısa ümid qığılcımları verir. Nəticədə isə, Azərbaycan yenidən bu “ümidlərin” məhv olması üçün sərt hərəkətlərə keçmək məcburiyyətində qalır, bu hərəkətlər fonunda torpaqlarımızın qalan hissələri də azad edilir, buna rəğmən isə tərəflər itkilər verir və s…

Fəqət, baş verən və verə biləcək silahlı insidentlərdən ATƏT-in də məsuliyyət payına nələr isə düşür. Ona görə də bu Avropa təşkilatının ikibaşlı oyunbazlıqlardan əl çəkib nəticə göstərməyinin vaxtı çatıb, yox, bunu etmək istəməsə belə, bu amil Azərbaycan üçün danılmaz reallıqdır, tələbdir!

RÖVŞƏN

Digər xəbərlər