PDF Oxu

Köşə

  • 4 658

İnsanlaşan robot, robotlaşan insan KÖŞƏ

image

“Agility Robotics” tərəfindən hazırlanan və insan kimi davranan ilk robot olma xüsusiyyətinə sahib olan Digitin bacarıqlarını nümayiş etdirdiyi bir tədbirdə yerə yıxılması ilə özlüyümdə bir neçə suala cavab axtarmağa çalışdım. Bu mənzərənin təsiri altında öz-özümlə söhbətimdə dünyanın nə üçün insanları robotlaşdırmaq, robotları isə insanlaşdırmaq kimi istəkdə olduğunun çözümünü axtardım və bu barədə bir xeyli düşündüm.

Həqiqətən maraqlıdır, deyilmi? Öncə insanlar robotlaşdırıldı. Məsələn, yeni texnologiyalar həyatımıza yeniliklər gətirdi. Müasir kənd təsərrüfatı avadanlıqları, paltaryuyan, qabyuyan, tozsoran, ətçəkən, qəhvədəmləyən və sair saymaqla bitməyən məişət əşyaları ilə robotlaşdıq. Biz sadəcə ayaq üstündəcə nələrisə idarə etdik, vəssalam.

Kompüterlərsə beynimizi robotlaşdırmağa başladı. Daha sonra həyatımıza daxil edilən internet bizi, sözün həqiqi mənasında, əsl robota çevirdi. Ta əziyyət çəkib hər hansı kitabxanaya üz tutmaq lazım gəlmədi. Hər şey əlimizin altında internetdə oldu. Bir axtarışla bilmək, məlumat almaq istədiklərimizin hər biri anında qarşımıza gəldı.

Beləliklə, nə toxum səpdik, nə ot biçdik, nə paltar yuduq, nə qab. Nə enerji sərf edib ət çəkdik, nə meyvə şirəsi çıxardıq, nə ev süpürdük və sair. Nə qohuma-qonşuya getdik, nə rayonlarda qoyub gəldiyimiz ata-anamızı ziyarətə. Hamısını görüntülü zənglər həll etdi. Bunlarla hərəkətimizə son qoyduq. Gündən-günə passivləşməyə, kilo almağa, sağlamlığımızı yeni texnologiyalara qurban verməyə başladıq.

Daha sonra isə beyin ölümü keçirmək üçün bir yolçuluğa çıxdıq. Kompüter, internet aləmi beyinlərimizi iflic etməyə başladı. Bununla kitabdan, kitabxanalardan, oxumaqdan, yazı yazmaqdan, muzeylərdən, kinodan, teatrdan vaz keçdik. Çünki bir komanda ilə bütün bunları qarşımıza gətirib, oturduğumuz yerdəcə istədiyimizi oxumağa, görməyə, tanış olmağa, öyrənməyə, məlumat almağa nail olduq.

Əvvəllər bütün bunlar o qədər xoşumuza gəldi ki, həddən artıq təqdir də etdik. Lakin bir vaxt gözümüzü açıb həyata baxanda gördük ki, itirdiyimiz qazandığımızdan dəfələrlə çoxdur. Bu itkilər isə təəssüf ki, bir daha geri dönüşü olmayan itkilərdir...

İndi isə, maraqlıdır, robotlar insanlaşdırılır. Elə hey oxuyuruq, məlumat alırıq ki, artıq dünyanın başbilənləri insanları robotlarla əvəzləşdirmık fikrindədir. Görünür, insanın artıq daha çox fayda verə bilməməsi düşünülür. Elə Digiti dizayn edən şirkət də bu fikirdə omayıbmı? Bəs Digit nə etdi? 20 saatlıq performansla 99 faiz müvəffəqiyyət qazansa da, bəzi anlarda tarazlığını itirdi və sonda yerə yıxıldı.

Ey, fani dünya... Ədalətsiz dünya. İnsana, insanlığa qarşı, həqiqətən, ədalətsiz dünya... İnsan əsrlərlə əmək istismarına məruz qalanda, iş vaxtı, saatı məlum olmayanda heç vaxt yıxılmadı, dimdik dayandı. Ağrıdı, acıdı, bəzi istismarlara məruz qaldı, lakin yıxılmadı, ayaq üstündə durmağa, sahibinin üzünü qara etməməyə çalışdı. Lakin budur, insanlaşdırılan robot insan qədər olmadı, tab gətirmədi, yıxıldı, sahib olduğu şirkət üçün heç də uğur amili olmadı. Hansı ki, o, insandan üstün tutulmuş, haqqında düşünülmüşdü ki, insandan çox fayda verə bilər...

Maraqlıdır, deyilmi? İnsanlar robotlaşdırılır, robotlar insanlaşdırılır. Hərəkət məhdudlaşdırılır, ətalət hərəkətə gətirilir... Lakin son olaraq düşünürəm ki, hələ də ortada yeni bir kəşf yoxdur. Hələlik hər iki prosesin tərkibində insan amili var. Ulu Yaradanın yaratdığı, nəfəs verdiyi insan. Elə başbilənlər də hələ ki, insan üzərində öz təcrübələrini həyata keçirirlər. İnsanı robotlaşdırmaqla və ya robotu insanlaşdırmaqla. Bu prosesin sonunda insandan fərqli, faydalı bir əşyanınmı, canlınınmı ortaya çıxacağı isə hələ sual altındadır...

Mətanət Məmmədova

Digər xəbərlər