PDF Oxu

Köşə

  • 8 385

Tik-Tok qurbanı uşaqlar KÖŞƏ

image

Biz özümüz də fərqində olmadan uşaqlarımızın başına olmazın müsibətlərini açırıq. Onları sosial şəbəkələrdə reklam etməklə nə qazanırıq, deyə bilmərəm, lakin bunun heç də doğru olmadığını əminliklə söyləyə bilərəm.

Gül kim uşaqlarımızı milyonların qarşısına çıxarıb onların o gözəl üzünü, gülüşünü, hərəkətlərini göstərəndə nə olur ki, görəsən? Bir də görürük ki, uşaq durduğu yerdə elə bir xəstəlik tapdı ki, gəl, görəsən? Qalırsan xəstəxanalarda, həkimlərdə. İndi gəl, insanları başa sal ki, hər gözdə, hər nəfəsdə bilmədiyimiz mənfi bir qüvvə var...

İndi dəbdir, uşaq doğuldumu, xəstəxanadan çıxarılanda, sosial şəbəkələrdədir. Bir ayından bir yaşınadək hər ayın tamamında xüsusi fotosessiyalarla yenə də sosial şəbəkələrdədir. Bir yaşından sonra isə uşaqların başına açdığımız bu oyunların miqyasını daha da genişləndirib onların reklamını Tik-Tok şəbəkəsində aparmağa başlayırıq.

Bu günlərdə isə Tik-Tokda uşaqların psixoloji vəziyyətinə mənfi təsir göstərəcək yeni bir paylaşım var. Deməli, haradasa birinci, ya da ikinci sinif şagirdləri olan qız və oğlan uşaqları dərs oxumaqdan, məktəbə getməkdən imtina edirlər. Qarşılarındakı anadırmı, nənədirmi, bibidirmi, xaladırmı, bilmirəm, onların bu istəklərini qabartmaq üçün suallar yağdırır. Bu sualların qarşısında isə uşaqların aqressivliyi daha da artır. Məsələn, sən niyə məktəbə getmək istəmirsən, nə üçün yazı yazmaq, dərsini oxumaq istəmirsən kimi sualların qarşılığında uşaqlar inadla məktəbə getmək, yazmaq, oxumaq istəmədiklərini israr edirlər və ya bunları etmək üçün valideynlərindən, nənə və qohumlarından nə isə istədiklərini bildirirlər. Əks halda etməyəcəklərini israrla deyirlər. Buna cavab olaraq isə qarşıdakı həmin o videoları çəkənlər gülməkdən uğunub gedirlər. Və belə bir nəticə hasil edirlər ki, bütün bunlar təbii hallardır. Bəs yaxşı, gün boyu telefonları əllərinə verib sosial şəbəkələrin qonağı etdiyimiz digər uşaqlar necə, bu mənzərələrdən nə kimi dərs alırlar? Bu barədə düşünən olubmu?..

Təbii ki, Tik-Tokda bu video ilə qarşılaşan hər bir uşaq nə məktəbə getmək, nə yazmaq, nə oxumaq istəyəcək. Hələ dəfələrlə onun da şahidi olmuşuq ki, valideynlər bu videoları çox böyük həvəslə uşaqlarına göstərirlər. Gülməkdən uğunub gedirlər...

Vallah, sözün bitdiyi andır bu mənzərələrin hər biri. Nə deyəsən, bilmirəm. Sadəcə düşünürsən ki, hə, bunun başqa bir tərəfi də var axı. Çoxları belə videolarla sosial şəbəkələrdən pul qazanırlar. Lakin pul hər dərdin dərmanıdırmı məgər? Pul qazanmaqdan ötrü uşaqlarımızı nə üçün reklam, eyni zamanda gülünc etməliyik? Pul qazanmaqdan ötrü nə üçün milyonlarla uşağın mənəvi-psixoloji vəziyyətinə xələl gətirən videolar paylaşmalıyıq?..

Bir də ki, hərəkətlərimizlə uşaqlarımızın gələcəkdə utanmasına şərait yaradırıq, bunun fərqinə varan varmı? Bu gün sosial şəbəkələrdə paylaşdığımız videolar uşaqlarımız böyüyən zaman onlar üçün problem yaradacaq. Bu videoları görən sinif yoldaşları, dostları, rəfiqələrinin lağlağalıq etməyəcəklərinə kim təminat verə bilər. Belə olan halda isə uşaqlarımız bir-biri ilə dalaşacaq, biz də onları qarşımıza qoyub “ay bala, sizin bir-birinizlə dərdiniz nədir axı?”,- deyib ittiham edəcəyik. Və yaxud da məktəbə gedib direktordan tutmuş sinif rəhbərinədək hamısını məsələyə qatacağıq.

Lakin bizə bir sual verən olacaqmı ki, axı bu məsələlərin kökündə nə dayanır? Bəli, məsələnin kökündə biz böyüklər dayanırıq. Hərəkətini, yeri gələndə nə etdiyini, nə danışdığını bilməyən böyüklər.

Uşaqlarımızı gələcəkdə utandırmamaq naminə gəlin, bu Tik-Tokda özümüzü nə bu gün, nə də sabah üçün gülünc etməyək. Bu barədə bir az düşünsək, çox yaxşı olar...

Mətanət Məmmədova

Digər xəbərlər