PDF Oxu

Köşə

  • 6 437

İçi göynəyən “soğanyemişlər” KÖŞƏ

image

Aprelin 23-də Azərbaycan xalqı növbəti tarixi addımı reallaşdırdı - uzun müddətdi haqqında danışılan Azərbaycanın bədnam qonşularla sərhədində nəzarət-buraxılış məntəqəsi qoyuldu. Heç şebhəsiz, bu, Azərbaycan diplomatiyasının, iqtidarın təmkinli və məqsədyönlü siyasi gedişlərinin və ordumuzun tarixi nailiyyətləri sırasına daxil olan önəmli hadisədir. Gözlənildiyi kimi, hətta gözlənildiyindən yüksək bir həyasızlıqla özlərini dünyada haqq-ədalət müdafiəçisi adlandıran bəzi güclər ampulalarından da yuxarı reaksiya verməklə, yenə dırnaqarası “ədalətli mövqe” nümayiş etdirdilər. Qəribədir, vallah. Əslində qəribəliyi o deyil ki, niyə bu güclər ermənipərəst mövqe tutdular, bunun səbəbini də bilirik (az sonra o səbəbə də atüstü toxunacağıq-T.N.), məqsədini də. Bilmədiyimiz və bizlərə qəribə gələn orasıdır ki, özlərini dünya gücü hesab edən bu bizdeyənlər, heç olmazsa özlərinin hegemonluğu ilə qəbul edilən beynəlxalq hüquqi sənədlərə qarşı çıxmalı deyildilər. Və əgər bu hüquq normalarını onlar dünyaya qəbul etdiriblərsə, o zaman özləri onu hansı ağılla və hansı məntiqlə ayaqları altına alıb tapdalayırlar? Dünyada kimsə elə bir hüquqi sənəd göstərə bilərmi ki, bir ölkə öz suveren ərazisində, sərhəddə nəzarət-buraxılış məntəqəsi təsis etmək üçün kimdənsə icazə almalıdıl? Varsa, misder..., müsyo..., qospadin..., buyurub göstərsinlər. Göstərə bilmirlərsə Azərbaycanın həm beynəlxalq hüquqa, həm də ölkə Konstitusiyasına uyğun şəkildə atdığı bu addıma nədən belə dodaq büzürlər? Bəyəm bu bizdeyənlər otuz ildi torpaqlarımızın işğalı, bir milyondan artıq insanın yurd-yuvasından didərgin salınması, bir şəhərin əhalisinin qocalı, uşaqlı, qadınlı soyqırıma məruz qoyulması, iki Livan boyda ərazinin yerlə-yeksan edilərək xarabazara çevrilməsi, orduya gücü çatmadığından qadağan edilmiş kütləvi qırğın silahları ilə, raketlərlə dinc əhalinin gecə yarısı atəşə tutulması və sadalamağa səbrimiz çatmayan yüzlərlə digər faktları görmürdülərmi? Kordularsa, görmürlərsə, zəhmət çəkib gözlərini müalicə etdirsinlər, görür, görməzdən gəlirlərsə, dönüb vicdanlarına (əgər varsa-T.N.) nəzər salsınlar. Lap deyək ki, sadaladıqlarım 44 günlük Vətən müharibəsindən əvvələ və ya müharibə dövrünə aid faktlardı, Azərbaycan da bütün bunların qisasını artıqlamasilə aldı və almaqda davam edir. Deyək ki, indi sülh sazişi bağlanmaq ərəfəsində bu addıma qırmızı-qırmızı belə reaksiya verirlər. Bəs çox da uzaqda yox, elə bu il aprel ayının 11-dən 23-dək hayların törətdikləri əməllərə niyə səslərini çıxarmadılar? Hələ müəyyən edilməmiş sərhəddə erməni tərəfin istehkam qurmasına haqlı etiraz edən Azərbaycan tərəfin əsgərlərinə atəş açıb, qətlə yetirən bəlkə sülhə xidmət edib? Yaxud, 2021-2022-ci illərdə, yəni kooputilyasiya aktına imza atandan sonra istehsal edilmiş minaları həmin yol vasitəsilə, rusiyanın sözdə “SÜLH” ,əslində “SAVAŞ” məramlı qüvvələrinin dəstəyi ilə gətirib ərazilərimizə basdırmaları, dinc əhalinin və hərbçilərimizin həyatlarına qanunsuz qəsd etmələri beynəlxalq hüquqa uyğundur? Nəhayət, məhz Ermənistanın öz tərəfində nəzarət-buraxılış məntəqəsi açdığını görüb, onunla qarşılıqlı öz sərhədində adekvat addım atdığı halda, nədən yenə Azərbaycan hədəfə alınır? Suallar çoxdu, cavab isə yoxdu və olası da deyil. Niyə? İndi gələk həmin “niyə”yə, yəni güc mərkəzlərinin sərgilədikləri mövqenin əsil səbəbinə.

Bizim bəzi siyasi şərhçilər bu vəziyyəti xristian təəssübkeşliyi ilə əlaqələndirməyə çalışırlar. Məncə belə yanaşma doğru deyil. Dini təəssübkeşlik olsaydı, o zaman fars-molla rejimi erməniləri, iudist İsrail, xristian İtaliya isə Azərbaycanı müdafiə etməzdilər. Mənim düşüncəmə görə bu münasibətlərin kökü Türkiyə və türk dünyası ilə birbaşa bağlıdır. Fars-molla rejimini də, Ermənistan adlanan qondarma dövləti də türk dünyasının ortasında yaradıb bəsləyən həmin güclər tarixi gedişlərin real məntiqi nəticəsi olaraq türkün özünə qayıdışından o qədər əndişlənirlər ki, gözlərinə özlərinin qəbul etdikləri beynəlxalq hüquqi aktlar belə görünmür. Qədimlərə getmədən, son min ildə qeyd-şərtsiz türklərin dövlət ərazilərində yaradılan və İran, Ermənistan adlandırılan layihə-dövlətləri qorumaqla türkün güdrətini zəiflədəcəklərini düşünür və siyasətlərini də bu strategiyaya uyğun qururlar. Yəni, bu güclər çox acı soğan yeyiblər, indi nə onu qaytara (oxu: qusa-T.N.) bilirlər, nə də uda bilirlər. Odur ki, içləri göm-göm göynəyir və bu göynərtinin də ağrısını belə-belə bəyanat-flanlarla çıxarmaq istəyirlər. Hesab edirlər ki, belə bəyanatlar türkü haqq yolundan döndərə bilər. Zavallılar hələ də dərk eləmirlər ki, tarixin gedişini dəyişməyə rəbbimdən başqa kimsənin gücü yetməz. Rəbbim labirintləşmiş dünyanı düzənə qaytarmaq üçün yenidən türkün gücünə güc qatmağa qərar veribsə, firon nəvələrinin indiki çabalarının da sonu elə fironların sonu kimi olacaq.

Təhmasib Novruzov

Digər xəbərlər