PDF Oxu

Köşə

  • 6 144

“Ağ ölüm” caniləri məhv edilməlidir – KÜNCDƏN BAXIŞ

image

Elçin Bayramlı

“Bariqalar” artıq polisə də hücum edirlər, bunlarla yumşaq davranışa son qoyulmalıdır

Bakının Nəsimi rayonu ərazisində “Toyota Prius” markalı avtomobilin sürücüsünün polislərə qarşı müqavimət göstərməsi və avtomobili onların üzərinə sürməsi haqda mediada yayılan videokadrlar sosial şəbəkələrdə geniş müzakirə olunur. Videoya ilk baxışda aydın olur ki, sürücü cinayət başında yaxalandığını başa düşüb və qaçmağa çalışır. Bunun üçün maşını onu saxlamağa çalışan polislərin üzərinə sürür və onların həyatına ciddi təhlükə yaradır. Buna baxmayaraq, polislər peşəkar davranaraq avtomobili dayandırmağa və sürücünü zərərsizləşdirməyə nail olurlar.

Çox keçməmiş avtomobilin saxlanılmasının narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqəli olduğu məlum oldu. DİN-in mətbuat xidmətindən bildirildi ki, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunan 1987-ci il təvəllüdlü Rauf Qurbanovun idarə etdiyi avtomobildə külli miqdarda satış məqsədli narkotik vasitələrin olması barədə polisə əməliyyat məlumatı daxil olub. Keçirilən tədbirlər zamanı polis əməkdaşlarına tabesizlik göstərən R.Qurbanov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

Dünyanın bütün ölkələrində polisə müqavimət göstərənlərə, hücum edənlərə qarşı ən sərt tədbirlər görülür, xüsusən də bu şəxs cinayətkardırsa. Bir çox ölkələrdə belə hallarda polislərə atəş açmaq icazəsi də verilib və bəzən cinayətkarlar hadisə yerindəcə məhv edilir. Lakin Azərbaycan polisi daha humanist davranır və ən pis halda belə sadəcə fiziki təzyiqlə canini zərərsizləşdirməyə çalışır.

Son dövlərdə Daxili İşlər Nazirliyi tərəfindən böyük anti-narkotik hərəkatının başladılması və xeyli narkotacır qruplarının həbs olunması, külli miqdarda narkotik vasitələrin aşkar olunaraq məhv edilməsi təmin edilib. Narkomaniyanın geniş yayıldığı bir vəziyyətdə bu tədbirlərin əhəmiyyətinin nə dərəcədə yüksək olduğunu xüsusi qeyd etməyə ehtiyac yoxdur. Narkomafiya hər bir xalqın, dövlətin ən böyük düşmənidir və ona qarşı amansız mübarizə aparılmalıdır.

Azərbaycan polisi bütün imkanları ilə bu mübarizəni aparır. Təəssüf ki, polisin çağırışlarına baxmayaraq ictimaiyyətin bu kampaniyaya dəstəyi arzuolunan səviyyədə deyil. Hətta, bir çoxları öz həyətlərində onların öz uşaqlarına narkotik maddələr sataraq onların həyatını məhv edən narkotacirlər və narkokuryerlər haqda polisə məlumat vermək istəmirlər. Guya ki, bu iş satqınlıq, kriminal jarqonla desək, “sukalıq” sayılır.

Belə xəstə təfəkkürlə çox uzağa getmək olmaz. Polis sənin uşaqlarını bu canilərin caynağından xilas etməyə çalışırsa, sənin borcun bu işdə ona kömək etməkdir. Vətəndaş anlayışı budur. Sosial məsuliyyət deyilən anlayış var, bunu etməyənlər dolayı yolla narkomaniyanın yayılmasını və gənclərimizin məhv olmasını təmin edirlər. “Barfiqa”lara qarğış tökməklə, söyüş söyməklə problem həll olunmur. Əgər həqiqətən də bu faciənin qarşısının alınmasını istəyirsinizsə, bu işdə polisə yardım etməlisiniz. Ən azı məlumat verməklə.

Konkret son hadisəyə gəlsək, burada polisin yumşaq davrandığı qənaətindəyəm. Belə cinayətkarlara qarşı çox sərt və amansız davranılmalı, belələrinin cəzaları ağırlaşdırılmalıdır. Bu yeganə çəkindirici vasitədir. Fikrimcə, maariflənmə adlı boşboğazlıq narkomafiyanı dayandırmaq gücündə deyil. Çünki burada söhbət milyonlardan, milyardardan gedir.

Azərbaycan polisini bu cinayətkarlara qarşı qanunun imkan verdiyi ən sərt formada davranmağa çağırıram. Bu məsələdə humanizm prinsipi yersizdir. Yeganə prinsip bu canilərin gətirdiyi faciədən xalqımızı qurtarmaqdır ki, bu yolda bütün hərəkətlər məqbuldur. Bütün vicdanlı vətəndaşlar bu işdə polisimizin yanındadır. Allah köməyiniz olsun.

Digər xəbərlər