Hər kəs gözəl geyinmək, yaxşı yemək, içmək, gəzmək və ya istirahət etmək istəyir. Amma bəzən gözəl görünən, yaxşı seyr edilənlər əksər hallarda üstü bəzək, altı təzək olur. Bir də görürsən ki, ilk baxışdan səndə xoş ovqat, gözəl hiss yaradan əşya və ya mənzərə, əslində, heç də ümidlərini doğrultmadığını göstərir. Amma baxırsan ki, kimsə sosial şəbəkələrdə sənə xoş olmayan, zövqünə uyğun gəlməyən məsələdən bəh-bəhli status paylaşır. Elə şeylər guppuldadıb, elə cızmaqaraya yol verir ki, adam oxuyanda “cuşa” gəlir. Şeir yazanlar da olur. Ümumiyyətlə, son vaxtlar şeir yazanların sayı çoxalıb. Bir növ şeir yazmaq dəb halını alıb. İlk baxışdan elə görünür ki, sanki şeir yazanlar bir-birilərinin bəhsinə yazırlar. Bir də görürsən ki, sosial şəbəkələrdə hansısa bir istifadəçi saz və ya tar havası üzərində şeir guppuldadır. Şeirin nə mənası var, nə qafiyəsi var, ümumiyyətlə, bilmək olmur nədir. Cəsarət edib, irad bildirsən, səni bir qəpiklik edər. Söyüşlə, təhqirlə, ayaqdan başa qədər səni bəzəyər. Ona görə də, susmağa, dinməməyə üstünlük verirsən. Düşünürsən ki, cəhənnəmə, mənə nə. Başqaları da deyir və yazır ki, mənə nə. Beləcə bayağı, mənasız, zövqsüz şeirlər dövriyyəyə buraxılır. Bu məqamda böyük şairimiz Mikayıl Müşfiqin dediyi misralar yadıma düşdü:
Şairəm söyləyir, yerindən duran,
Adamın üzündə həya gərəkdir!
Şeirlərini kitab şəkilində çap edib, təqdimatını keçirənlər də rast gəlmişəm. Həmin kitablardan mənə də göndəriblər. Nə edə bilərəm ki, susmuşam. Açığı -əla, möhtəşəm yazmısan - dediyim də olub. Nə edə bilərəm ki, mənə nə... Hətta eşitmişəm ki, bəzi şeir yazan həvəskarlar bərkgedən müğənnilərlə əlaqəyə girib, onlara şeirlərini mahnı kimi səsləndirmələrini xahiş edirlər. Sonra da televiziyaya, mətbuata çıxıb deyirlər ki, filan müğənini popular edən onun şeirlərinin əzəməti olub. Yəni sponsoru filanı arxa cərgəyə tolazlayıblar. O gün bir video qarşıma çıxdı, bir şeir əhli eşşəkdən yazır, eşşəyi o ki var tərifləyir. Düzdür, tərifə layiq olanı tərifləyərlər, ancaq eşşəyini açıq şəkildə tərifləyib, mazatını göylərə qaldırmaq nəyə lazımdır? O zaman anladım ki, bu kimdirsə, məqsədi müğənnilərin diqqətini şeirə cəlbetmədir. Niyə də olmasın ki, Elza Seyidcahan qoyundan, keçidən, toyuqdan mahnı bəstələyib, özü də oxuyursa, niyədə ki, eşşəkdən bəhs edən mahnını oxumasınlar. Nəzrədə almaq lazımdır ki, heyvanat aləmində ən gözəl göz eşşəkdədir. Ancaq kiməsə "eşşək gözlüm" desən, əminliklə demək olar ki, o sözü deyən az vaxt sonra polisdə zərərçəkən qismində tanınacaq. Eləcə də, şou-biznes aləminin bərkgedən mütrifləri kimi tanınan Rəqsanə, Aygün, Xatirə, Röya "Ay mənim eşşək gözlü yarım" deyə zəngulə vursalar, yüz faiz sizləri əmin edirəm ki, bu mütriflər həmin dəqiqə sponsorsuz qalacaqlar, xarici avtomobildən, bərli-bəzəkli villalardan məhrum olunacaqlar. Ona görə də bu biçarələr, hər kəs kimi saxtakarlıq edərək, içib hovuza girəndə, "Maral, maral, maral" oxuyub, aradabir "Ay mənim ceyran gözlüm" deyirlər.Bu mütriflər yalnız klip çəkdirəndə, eşşəkdən istifadə edirlər. Yəqin ki, müğənni Brilyant Dadaşovanın eşşəklə bulaqdan su gətirməsi səhnəsini əks etdirən klipinə baxanlar olub. Bu barədə dərinə getməyəcəm, ayıbdı. Lakin onu qısaca deyə bilərəm ki, cəmiyyət arsında eşşək o qədər də hörmət - izzət sahibi deyil. O gün rayonların birinə getmişdim, bir kənd sakini ilə söhbət əsnasında, dedi ki, iki eşşəyi vardı, onu da dəyər-dəyməzə satıb. Maraqlandım, cavabı məni çox təəccübləndirdi: iki eşşək 20 manat. ABŞ-da, xüsusilə də Vaşinqitonda, Kaliforniyada eşşəyi olan amerikanlı mədəni sinyor, ləyaqətli mister hesab olunur. Hətta eşşəyin amekanlar üçün xətri o qədər əzizdir ki, onu Demokralar Partiyasının simvolu olaraq qəbul ediblər. Prezident seçkilərində zirək demokratlar özlərinə "fil" simvolunu seçən respublikaçıları eşşəkləri vasitəsi ilə gözdən salmağa, sıradan çıxartmağa çalışırlar. Əksər hallarda da uğur qazanırlar.ABŞ-ın siyasi ensiklopediyasında əks olunan yazılı məlumata görə, demokratların eşşəyə olan sevgilərinin tarixi 1828-ci il prezident seçkilərindən qoyulub. Müharibə qəhrəmanı kimi özünə ad çıxarmış prezidentliyə namizəd Andreş Jackson respublikaçılar tərəfindən populizmdə ittiham edilərək, "jackass", yəni eşşək adlandırılmışdır. O zamandan demokratların adları üstlərindədir: "Filan eşşək demokrat", "bəsmənkəs eşşək demokrat". Bir sözlə, məsləhətim ondan ibarətdir ki, eşşəyi olan şəxs malını 20 manata deyil, birini 20 min ABŞ dollarına sata bilər. Məndən demək, məsləhət verməkdir, mal isə sizindir, neçəyə satmaq və ya eşşək haqqında şeirlər yazıb, müğənnilərin mahnı olaraq səsləndirməsi bazarlığına getmək isə sizin öz işinizdir, mənə nə.
İ.ƏLİYEV