PDF Oxu

Köşə

  • 5 661

Sarı Aşıq, gəlginən Güləbirdə... KÖŞƏ

image

Ey Laçının Sarı Aşığı, illərdir, ruhun yurdunun səmasında dolanırdı, işğal nisgilindən qəbrində özünə rahatlıq tapa bilmirdin. Dur, gəlginən Laçına. Səslə bu yurdun igidlərini, bu torpağın şəhidlərini, bütün oğul-qızlarını yığ başına. Ozan ol, çıx qabağa, azad yurdunun növrağından söhbət aç. Bax ətrafa, gör ki, Laçının hicranı vüsala çevrilib, Laçın yenidən laçınlılara verilmək üçün hazırlanır. Laçının hüsnünü vəsf et. Gəl Güləbirdə, axı sən çox nigarandın Güləbirddən, elə hey bayatılarında deyirdin:

Mən aşiq Güləbirdə,

Şeh düşdü Güləbirdə.

Bir quş olub uçaydım,

Qonaydım gülə bir də.

Gəl, Sarı Aşıq, doğulduğun Qaradağlı kəndi də, uyuduğun Güləbird də sənin yolunu gözləyir. Gəl, yurdunu Vətən hesab edirdin, gəl, alın açıqlığı ilə hər kəsə de ki:

Aşıq, Vətən yaxşıdı,

Köynək kətan yaxşıdı.

Qəriblik cənnət olsa,

Yenə Vətən yaxşıdır.

Gəl, torpaqlarımızı erməni işğalından qarış-qarış azad edən Milli Ordumuzun Müzəffər sərkərdəsi, Ali Baş Komandan cənab İlham Əliyev dünən sevib-seçdiyin, uyuduğun kəndinin-Güləbirdin təməlini qoydu. Amansız düşmən tərəfindən yerlə yeksan olunan gözəl Güləbirdin yenidən qurulur, bərpa olunur, gözün aydın olsun.

Bu xəbəri eşidəndə ilk xəyalıma gələn sən oldun, Sarı Aşıq. Ruhunla bir xeyli söhbət etdim. Sevincimi bölüşmək istədim. Dedim ki, gəl, gör, Güləbird kəndində 581 ailənin məskunlaşması planlaşdırılıb. Layihələndirilən ərazinin ümumi sahəsi 172 hektardır. Birinci mərhələdə kəndə 150 ailənin köçürülməsi üçün fərdi evlərin inşası planlaşdırılır. Kənddə tikiləcək evlər ikiotaqlı, üçotaqlı, dördotaqlı və beşotaqlı olacaq. İkiotaqlı evlərin sahəsi 70, üçotaqlılar 88, dördotaqlılar 103, ikimərtəbəli olacaq beşotaqlıların sahəsi isə 120 kvadratmetr təşkil edəcək. Burada, həmçinin 432 şagird yerlik məktəb, 80 yerlik uşaq bağçası tikiləcək.

Güləbird kəndində əhalinin məşğulluğunun təmin edilməsi üçün hər cür şərait yaradılacaq. Kənddə klub, icma, ailə sağlamlıq və idman sağlamlıq mərkəzləri və digər zəruri infrastruktur obyektləri inşa olunacaq. Burada istirahət parkı salınacaq, idman və uşaq meydançaları yaradılacaq, ərazidə geniş abadlıq və yaşıllaşdırma işləri görüləcək. Dövlətimizin başçısının tapşırıqlarına uyğun olaraq bütün işlər ən yüksək səviyyədə yerinə yetiriləcək.

Sən Güləbirddə salınan bütün evlərdə olacaqsan. Məktəbdə, uşaq baxçasında, istirahət parkında, idman, uşaq meydançalarında, burada nə yaradılacaqsa, hamısında sən olacaqsan. Çünki sən səni sevərlərin, laçınlıların, böyüklü-kiçikli hər kəsin qəlbindəsən. Elə Laçının ilk olaraq Güləbird kəndinin bərpa edilməsi də dövlətimizin başçısının Sarı Aşıq böyüklüyünə verdiyi dəyər, qiymətdir.

Gəl, Sarı Aşıq, bu azad ellərə bayatı qoş, şeir yaz. İndi Qarabağın bir başqa növrağı var. Qarabağ silib gözündən yaşı, yalnız gülümsəyir. 30 illik hicranını vüsal tar-mar edib. 30 il qovduğu Günəş gəlib Qarabağa, doğur, işıq saçır, isidir bu torpaqları...

Qarabağ dünyanın dilində sözdür, igidlərin al qanıdır, Azərbaycanın bayrağıdır. Gəl, sıx sinənə sazını, səsin dağlara yayılsın. İndi hamı deyir, sən də de, sırala misralara ki: Qarabağ bizimdir! Qarabağ Azərbaycandır! Dəmir yumruq zərbəsi ilə bizim də oldu.

Ruhun şaddır, bilirəm, hələ qoy kəndin qurulsun, növrağını gördükcə, daha da şad olacaqsan, ey aşıqlar aşığı, Sarı Aşığım...

Mətanət Məmmədova

Digər xəbərlər