Lalə Mehralı
Öldürülməklə qətl edilmək arasındakı o incə səddi bilirsinizmi?
Amansızlıqla, vicdansızcasına, vəhşicəsinə, insanfsızcasına, qana susayarcasına öldürülən qadınlara “öldürüldü” demək gəlmir içimdən.
Onlar qətl edilir!
Az idi burada arvadını, anasını, bacısını, qızını öldürən, biri də qardaş ölkədən gəlib öldürür.
Ömrünü təhsilə, peşəsinə, karyerasına, inkişafına vermiş işıqlı bir həkim köçdü dünyadan.
Köçmədi, zorla köçürüldü. Vəhşicəsinə, qəddarcasına...
Bütün ömrünü öyrənməyə, təhsilə, şəfaya, sağlamlığa həsr et, ömrün zorla yarıda qırılsın.
Niyə qanına qəltan edilir qadınlar?
Nə verib qadınlara kişilər, geri ala bilmir?
Niyə öldürülür qadınlar?
Görün nə qədər “səbəbi” var: Ailədaxili mübahisə, xəyanət, qısqanclıq, namus, işsizlik, psixoloji pozğunluqlar, adət-ənənə, boşanma və ya boşanma tələbi...
Həəə, gəldik əsas məsələyə...
İki gün əvvəl qətl edilən həkim də boşanmaq istədiyi üçün öldürüldü.
Onu öldürəcəyini bilmədiyi ərinin xəyanətini yaxaladığına görə.
Öz eqosuna yedirə bilməyən, “kişiliyinə sığışdırmayan” ər xəyanətini problem hesab etmir, boşanmanı problem edir. Tipik mental düşüncə: “Kişiyə hər şey olar”...
Qadınlara qarşı zorakılıq həyatımızın gerçəyidir və bu, bütün cəmiyyətə təsir göstərir.
Təəssüf ki, milli mədəniyyətimiz qadınlara qarşı zorakılığa dözməyi aşılayır:
“Ərindir, döz!”
Qadınlar zorakılığa məruz qalmağa layiq olduqlarını, kişilər isə bunu öz hüquqları kimi qəbul edirlər. Bu bizim dəyərimiz deyil, ola da bilməz. Mədəni dəyərlərimizin bu istiqamətdə degenerasiyaya uğramasının qarşısını almaq şərtdir.
Belə davam edə bilməz...
Ailədə qadınlara qarşı zorakılıq “ailənin daxili işinə qarışmaq” kimi xarakterizə edilir, müdaxilə edilmir və nəticədə bu etinasızlıq ölməyə, öldürməyə qədər gedib çıxır.
Sonra “kaş ki...” demək nə fayda verir ki?
Siz heç bu günə qədər kişilərin haqlarının pozulması, öldürülmələri, zorakılığa məruz qalmaları səbəbindən aksiya keçirdiklərini gördünüzmü?
Mən görmədim.
Çünki bütün bunlara qadınlar məruz qalır, döyülür, söyülür, qətl edilir.
Haqlarını tələb edirlər, ala bilsələr...
İnsanlıq qaça-qaça, var gücü ilə sıldırım qayalığa doğru gedir.
O uçurumdan aşağı yuvarlanması yaxındır...
Necə deyir ozan?
“Qadınlar insandır, kişilər insan övladı”.
İnsanlığı qətl etməyin ey kişilər!
Oturduğunuz budağı kəsməyin!