Elçin Bayramlı
Məlum olduğu kimi, orta məktəb imtahanları bu il biabırçı nəticələrlə müşayiət olunub. Şagirdlərin çoxu orta bal belə yığa bilməyiblər. Mümkün 300 baldan 100 bal yığanların valideynləri sevinir.
Halbuki, 300 baldan 100 bal yığmaq 5 ballıq qiymətləndirmə sistemi üzrə 2 deməkdir! Yəni, orta məktəbdə bildiyiniz 2 qiyməti. Hələ bunlar orta təhsilin seçilmişləri, savadlıları, özünə inananlarıdır. Konkret desək, orta təhsil sıradan çıxmışdır!
Ali məktəblərə qəbul imtahanlarında da hər il eyni vəziyyət olur. Hələ, onu da qeyd etmək lazımdır ki, son dövrlərdə imtahanlarda suallar xeyli asanlaşdırılıb. Buna baxmayaraq, 700 mümkün baldan 150-200 balla, yəni 5 ballıq sistem üzrə 1-2 qiymətlərlə ali məktəbə daxil olurlar. Hansı ki, Sovet dövründə 4 qiymətlə güclə qəbul olmaq olurdu.
İndi keçək bunun səbəblərinə. Niyə təhsildə getdikdə tənəzzül baş verir? Hər halda indi orta məktəbdə normal təhsil almaq üçün hər cür şərait var. Bəs müəllimlər niyə məktəblilərə normal təhsil verməkdə maraqlı deyillər? Çünki aşağı əməkhaqqı alan müəllim keyfiyyətli dərs keçməkdə maraqlı ola bilməz. Onun fikri evində olan çoxsaylı problemləri bu cüzi maaşla necə həll edəcəyidir. Ona görə də, dərsi başdansovdu yola verib evinə tələsir ki, bir az istirahət edib, axşam repetitorluqla 5-10 manat əlavə pul qazansın. Üstəlik, sinifdə 30-40 şagird varsa, hansı keyfiyyətli tədrisdən söhbət gedə bilər?
Bəs uşaqlar niyə məktəbdə təhsil almaqda maraqlı deyillər? Burada çoxsaylı səbəblər var. Kənd yerlərində uşaqlar təsərrüfat işlərində valideynlərinə kömək etməyə məcburdurlar. Əks halda, dilənçi vəziyyətinə düşərlər. Ona görə də, tədris ilinin çox hissəsini məktəbə gəlmirlər, gələndə də, dərslik halları qalmır.
Şəhərlərdə uşaqlar vaxtlarını internetdə, mobil telefonlarda min oyundan çıxmaqda, televiziyanın qabağında keçirməkdə daha çox maraqlıdırlar. Valideynlərin çoxu uşaqlarına mütləq azadlıq verib.
Uşaq da əyləncəni qoyub dərsi niyə oxusun ki? Ağzında uşaq deyirsən. O nə bilir ki, bu, gələcəkdə ona hansı problemlər yaradacaq? Axı hələ ki, hər şey müftə gəlir, atası bahalı telefon, kompüter alır, “məktəbi bitirən kimi sənə maşın alacam” deyə söz verir, anası seriala baxmaqdan vaxt tapıb ona həyatı başa salmır, yalnız uşağın az yemək yediyindən narahat olur.
Düzdür, son dövrlərdə təhsil sistemində aparılan eksperimentlər əks effekt verib və vəziyyət daha da pisləşib. Test sistemi uşaqları əzbərçiliyə öyrədib, kurrikulum sistemi isə özbaşınalığa şərait yaradıb. Dərsliklərin keyfiyyəti yaxşı deyil, imtahan suallarında anlaşılmazlıqlar var.
Lakin orta təhsil sisteminin iflasa uğramasının səbəblərini təkcə Elm və Təhsil Nazirliyində yox, həm də valideynlərin özlərində axtarmaq lazımdır. Hər halda, bu tam ölkədə orta təhsil pulsuzdur, dərsliklər pulsuz verilir, məktəblər zəruri ləvazimat və avadanlıqlarla təmin edilir.
O zaman valideyni ağıllı olan, özü isə təhsil almaq istəyən uşaq savadsız ola bilməz. Hər şey dərsliklərdə yazılıb, bilmədiyini isə müəllimdən soruşmaq olar. Hətta, internetdən istənilən məlumatı tapmaq olar. Lakin uşaqlar bundan maraqlı deyil. Valideynlər isə, uşaqlarının həqiqi təhsil almasında yox, hər hansı yolla ali məktəbə daxil olmasında görürlər. Yəni, vacib olan savad deyil, diplomdur.
Nə qədər ki, təfəkkürümüz məzmun yox forma üzərində qalacaq, o qədər də heç bir intellektual inkişafdan danışa bilməyəcəyik. Əgər bu yeni sistemlər daha pis effekt verirsə, onda zəhmət çəkib öz effektini uzun onilliklər boyu real nəticələrdə sübut etmiş köhnə sistemə qayıtsınlar. Ümumiyyətlə, təhsil sistemində eksperimentlərə son qoyulmalıdır.