Lalə Mehralı
Bir axşam işlərimi bitirib, internetdə, sosial şəbəkələrdə var-gəl edirdim. Sosial şəbəkə sakinləri nələr yazırlar, nələr paylaşırlar deyə baxırdım. Bir dostun səhifəsində canlı yayım videosuna rast gəldim, başqa bir ölkədə intihar etmək üçün yüksək mərtəbəli bir binanın damına çıxmış gənc oğlana təhrikedici sözlər deyirdi yerdəki qələbəlik. Oğlan fikirləşirdi, atmaq istəmirdi məncə özünü. Amma səbrini sınayırdılar yerdəkilər. Təxminən 10 dəqiqəlik video idi, bəlkə 4-5 min adam vardı yerdə, hamısı əlində telefon, böynu əyri vəziyyətdə oğlanı çəkirdilər. Səbrsiz-səbrsiz gözləyirdilər, özünü nə vaxt atacaq deyə...
O kütləyə ürəkağrısı ilə baxdım. Tum çıxartlayan kim, gülən kim, əylənən kim, selfi çəkən kim. Yuxarıdan onları izləyən gəncin intiharının bəlkə də səbəbi başqa idi, amma onu intihara sürükləyən də bu kütlə deyildimi? Etinasızlıq, vecsizlik... Hələ o gəncə o kütlənin qışqıraraq dedikləri. Tərəddüdü olan gənci daha da təşviq edirdilər dedikləri ilə. O kütlə insanlara bənzəmirdi, daha çox leş üstünə yığılmış qarğaları xatırlatdılar mənə.
Videonun altındakı rəy yerini açdım, açmaz olaydım. İnsanlar necə azğınlaşıb, necə vecsizləşib, necə etinasızlaşıb. Heç kim intihar edənin probleminin nə olduğu ilə maraqlanmırdı, heç kim onun yaxın saniyələrdə ölmə ehtimalına heyifslənmirdi...
“Çıxmışkən at özünü, sən də qurtul, biz də”.
“Atsaydı indiyədək atardı, boşuna gözləyirlər”.
“Ya sevgilisi atıb, ya da arvadı xəyanət edib, ona görə çıxıb ora”.
“Özünü atsan tarixə canlı yayımda ölən adam kimi düşəcəksən”.
“Danışsa yaxşı olardı, boş-boş gözləyirik, heç olmasa vaxtımız səmərəli olardı”.
“Yorulmadın orda boş-bioş durmaqdan? Biz yorulduq”.
“Kişi kimi işini bitir, biz də işimizə-gücümüzə gedək”.
“Ya düş, ya da at özünü, işimiz-gücümüz var”.
“Oradan özünü atsan ölməyəcəksən, şikəst qalacaqsan, daha hündür yer seçmək lazım idi”.
“Yox, atmayacaq, boşuna gözləyirik”.
“Bu cür axmaqlar niyə intihar etmək üçün ora çıxıb 2 saat gözləyir ki? Atacaqsan çıxan kimi at özünü, nə gözləyirsən?”.
“Yüz faiz məşhur olmaq istəyir, ona görə çıxıb ora”.
“İnternet paketim bitdi sənin ucbatından”.
“Selfi çəkənlərin rekord bəyənməsi olacaq”.
Bu kimi nə qədər şərh vardı o videonun altında, inanmazsınız. İnsanlıq necə rəzil vəziyyətə gəlib çıxıb, necə dönülməz yola girib, dəhşətə gəldim oxuduqca. Mən bu qədər təsəvvür etmirdim, bu qədər olduğunu bilmirdim. Vallah bilmirdim...
Yaşamaq yerinə intiharı seçənlər, sizi öldürmək istəyənlərə rəğmən yaşayın.
Özünü asmaq fikrinə düşən qırmızı donlu qız, sən də yaşa!
9-cü mərtəbədən özünü atmaq istəyən qoşa hörüklü məktəbli, mütləq yaşa!
Ömrünün ən gözəl çağına – tələbəlik illərinə hazırlaşan vaxt intiharı düşünən gənc, əsla yenilmə!
Ər zülmünə dözməyən gənc ana, ölüm çarə deyil...
İnadla, israrla yaşamağa çalışın.
İntiharınız zamanı həvəslə telefonu ilə sizi çəkən o leş qarğalarına yaşatmayın bu həzzi.
Sizi sizdən başqa anlayanlar da var, bunu düşünün.
Dərdiniz, probleminiz hər nə olursa-olsun mütləq bir həll yolu vardır.
Mütləq!