PDF Oxu

Köşə

  • 5 183

Yolun ortasında, düz qarşımda... KÖŞƏ

image

Mətləbə keçməmişdən dünəndən bəri beynimdə dolaşan fikirləri yazmaq istəyirəm: heyif səndən abır, heyif səndən həya, heyif səndən ar, heyif səndən iffət, heyif səndən ismət, heyif səndən utanmaq hissi, heyif səndən özünə və başqalarına sayğı duyğusu... Heyif, heyif, heyif... Hara getdi bu gözəl keyfiyyətlər, duyğular, hisslər? Harada saldıq itirdik, axtardıq tapa bilmədik? Harada unutduq? Harada dəfn etdik görəsən?

Bəzən elə hadisələrlə qarşılaşırsan ki, sözün həqiqi mənasında, təəccübdən az qalır dilin qurusun. Elə dünən matım-qutum quruduğu kimi. Deməli, işdən gedirəm. Qarşımda iki gənc-qız, oğlan gedir. İkisi də o qədər oxşar geyinmişdi ki... Yəni rəng seçimlərində. Mən də arxadan baxıb düşünürəm ki, nə gözəl geyiniblər bunlar. Gənclik ki, gənclik... Hər şey onlara necə də gözəl yaraşır. Həqiqətən gözümü bu gənclərdən çəkə bilmirdim.

Birdən nə baş versə, yaxşıdır? Məndən haradasa 5-7 metr qabaqda gedən həmin gənclər yolun ortasındaca birdən dayandılar, oğlan keçdi qızın qarşısına, qızı qucaqladı, qaldırdı, endirdi, sanki quluncunu qırırmış kimi görünüş yarandı. Sonra aralanıb yollarına davam etdilər.

Bunları seyr edərkən isə artıq mənim həqiqətən matım-qutum qurumuşdu. Onlarla bərabər mən də dayanmışdım. Niyə, bilmirəm. Az sonra mənə çatdı ki, yolun ortasında dayanmışam. Özümə “özünə gəl” deyib yola davam etməyə başladım. Necə davam etdim, ta deyə bilmərəm... Elə bil o hərəkətləri onlar deyil, mən etmişdim. O qədər utandım. Düz evə qədər yuxarıdakı sözləri təkrarlaya-təkrarlaya, deyinə-deyinə getdim.

Həqiqətən də heyif abır-həyamızdan, ismət-iffətimizdən. Hara getdi onlar? Axı biz o bizlər idik ki, küçədə, ictimaiyyət arasında “başı aşağı ol”,-deyə tərbiyə almışdıq, bu səbəbdən də başımızı qaldırıb ətrafa baxmırdıq. Bir oğlanla küçədə qoşa gəzmək nədir, bu barədə düşünmək belə ağlımıza gəlməzdi.

Heyif itirdiyimiz ar-həyadan. Bizlər o bizlər idik ki, ata-qardaşımızın yanında ağzımızı açıb bir söz danışmırdıq, özümüzdən böyüklərin yanında yemək yemirdik. Uşağımızın ağlamaqdan bağrı çatlasa da, onların yanında qucağımıza götürmürdük.

Hələ yaşmağı gözünün altınadək çəkən qadınlarımızı demirəm. Yad kişi qapıya gələndə gözə görünməyən qız-gəlinləri demirəm. Qayınatasının gözünə görünməyən, onun yanında oturmayan, yemək yeməyən gəlinləri demirəm.

Bir az da oğlanlardan danışım. Oğlanlar vardı ki, ata-anası onun siqaret çəkməsini illərlə bilmirdi. Çünki utandığından bunu onlardan bütün gücü ilə gizlədirdi. Oğlanlar var idi ki, ata-anasının yanında həyat yoldaşı ilə söhbət etmirdi, övladını qucağına almırdı. Oğlanlar var idi ki, haqqında bir söz danışanda utandığından üzü qıpqırmızı olurdu.

Biz nə qədər müasirləşdik ki, yolun ortasında qulunc qırırıq, İlahi? Vallah, adam dəhşətə gəlir. İstəyirsən ki, gözlərinə inanmayasan. Axı inanmaya da bilmirsən. Düz didələrinin içinə girir bunların hərəkəti.

El arasında belə bir deyim var, gözlülər olsun, görməsin. Bu deyimi bax belə hadisələr zamanı deyirlər. Yəni hadisə o qədər dəhşətli olur ki, deyirlər ki, gözün ola, görən olasan, amma görməyəsən. Hə, bu deyim də artıq illərin əvvəlində qaldığı üçün, deyərdim ki, elə kor olasan, belə hadisələrlə qarşılaşmayasan.

İnsan nə qədər azad, nə qədər sərbəst, nə qədər düşüncəsiz, nə qədər də utanmaz olar ki, küçənin ortasında, insanların gözü qarşısında bu hərəkəti edə bilər, anlaya bilmirəm. Anladığım odur ki, çox təəssüflər olsun. Yuxarıda bəhs etdiklərimdən qalmayan əsər-əlamətə çox təəssüflər olsun.

Mətanət Məmmədova

Digər xəbərlər