PDF Oxu

Köşə

  • 7 148

Sayğaclar necə sayacaq? – KÜNCDƏN BAXIŞ

image

Elçin Bayramlı

Əhali arasında kommunal xidmətlər sahəsində ən çox müzakirə olunan məsələlərdən biri də sayğaclarla bağlıdır. Kommunal təchizatçılar abonentlərin sayğaclara müdaxilə etdiyini deyir, abonentlər isə sayğacların çox yazdığını iddia edir. Bu iddiaların hər birində həqiqət payı var. Belə ki, bəzi abonentlər hər ay standart olaraq eyni həcmdə istifadə etsə də, onlara ikiqat çox ödəniş qəbzi gəlir. Misal üçün Azərsu ilə bağlı belə şikayətlər daha çoxdur.

Azərenerji-nin sayğacları ilə bağlı problem isə ondan ibarətdir ki, bəzi hallarda bu sayğaclar yeni binaların zirzəmisində yerləşir və sakinlərin ora girmək imkanları yoxdur. Bu halda elektrik idarəsinin əməkdaşı istənilən qəbzi yaza bilər, çünki sayğacı yalnız o görür və o müdaxilə edə bilər. Bəzi həyət evlərində abonentlər sayğaca asanlıqla müdaxilə edə bilirlər ki, bu da problemin başqa tərəfidir.

Azəriqaz-da isə məsələ bir qədər başqadır. Qaz sayğacları bir neçə fərqli sistemdədir, mexaniki və smart tiplilər olmaqla. Bəzən əvvəlki sayğac sıradan çıxdıqda abonentə yenisi quraşdırılır, amma abionet yeni sayğacın bir qədər çox yazdığını deyir. Bu hallarda məsələ araşdırılır və abonentin iştirakı ilə sayğacın laboratoriyada yoxlanması təşkil olunur. Bundan başqa, abonentlərin sayğaclara müdaxilə halları da çoxdur ki, bunların aşkar olunması üçün əlavə qüvvə tələb olunur.

Ümumilikdə götürsək, sayğacların müxtəlif xarici şirkətlərdən alınması və onların texniki tiplərinə görə fərqli modelllər olması qarışıqlıq yaradır. Ona görə də, vahid sayğaca keçmək və bu sayğacların ölkədə istehsalını təşkil etmək daha məqsədəuyğun olardı. Bu halda həm idxal üçün xeyli vəsait xərcləməyə lüzum qalmaz, həm ehtiyat hissələr problemi yaranmaz, həm də bütün abonentlərdə eyni sayğac olmuş olar.

Təqdirəlayiqdir ki, ilk olaraq Azəriqaz İB bu işə başlayıb. Azəriqaz-dan əldə etdiyim məlumata görə, növbəti aydan başlayaraq məişət tipli qaz sayğaclarına olan tələbat yerli istehsalın hesabına təmin olunacaq və qısa müddətdə bütün əhali abonentləri üçün birtipli sayğaclar quraşdırılacaq. Bu məqsədlə 2021-ci ilin noyabr ayının 4-də SOCAR “Azəriqaz”la “Gəncə Cihazqayırma Zavodu” arasında memorandum imzalanıb.

Memorandum çərçivəsində zavod tərəfindən 2000 ədəd qaz sayğacının “Azəriqaz” İB-yə təqdim olunması təmin edilib. Həmin qaz sayğacları sınaq qurğularında yoxlanılıb və qaz şəbəkəsində quraşdırılması həyata keçirilib. Sözügedən yoxlama və sınaqlar zamanı heç bir qüsur aşkar edilməyib. Bir neçə gün əvvəl məişət tipli qaz sayğaclarına olan tələbatının yerli istehsal hesabına tam ödənilməsi məqsədi ilə tərəflər arasında müqavilə bağlanıb.

Qeyd edək ki, zavod Almaniyanın nüfuzlu şirkətlərindən biri ilə müqavilə bağlayıb və bu cihazların Azərbaycanda istehsalı müştərək həyata keçiriləcək.

“Gəncə Cihazqayırma Zavodu” ASC tərəfindən iyun ayından etibarən ümumilikdə 405 min ədəd sayğacın kütləvi istehsalına başlanılacaq. İl ərzində sayğaclar istehsal olunaraq “Azəriqaz”a təhvil veriləcək. İlk növbədə yeni binalarda və evlərdə quraşdırılacaq, həmçinin texniki istismar dövrünü tamamlamış sayğaclar dəyişdiriləcək.

Bu sayğaclar sonradan ödənişli sistemlidir. Bu isə, əhali üçün daha ədalətli və sərfəlidir. Belə ki, hazırki smart sayğaclarda abonent hələ işlətmədiyi qazın pulunu əvvəldən karta ödəyir. Yeni sayğaclar isə bir növ mexaniki və smart sayğacın hibridi olacaq. Yəni, sadə mexaniki sayğaca xüsusi elektron qurğu quraşdırılacaq ki, bu da sayğacın məsafədən idarə edilməsinə də imkan verəcək. Yəni, abonent üçün daha rahat olacaq. Bu sayğaclarda koda düşmə, ödənişdən sonra qazın verilməsi üçün müəyyən müddət gözləmə kimi problemlər də olmayacaq.

Yaxşı olardı ki, Azərnerji və Azərsu da problemli sayğacların təkmilləşdirilməsini həyata keçirsinlər ki, abonentlərdə narazılıq yaranmasın.

Ümumiyyətlə, sayğacların ölçmə parametrlərini yoxlamaq imkanı abonentə verilməlidir. Müvafiq dövlət orqanları mütamadi olaraq buna nəzarət etməlidirlər. Bu, həm şəffaflığın təminatına xidmət edər, həm də kommunal təchizat sahəsində narazılıqları aradan qaldırar.

Digər xəbərlər