PDF Oxu

Köşə

  • 3 172

Ana “CANLI”da, bala çılpaq... -FELYETON

image

Hə, sizə nədən söhbət açım, “Canlı”dan. Axı indi dəbdədir, Tiktokda canlı açmaq. Elə bu günlər həmin “Canlı”lardan birinin-başıbağlı bir qadının təsadüfən qonağı oldum. Qonağı oldum deyəndə ki, dedim görüm bu qadın camaata hansı bacarıqlarından söhbət açır. Gördüm yox, o, heç nə öyrətmir, elə hey danışır, qadınlarla söhbətləşir. Qadına Bakıdan, Bərdədən, nə bilim ta haralardan salamlar yağdırırlar. Biri yazır ki, məni tanıyırsan, Aytənin qızıyam, qadın da cavabında deyir ki, mən bir Aytən tanıyıram, ağbaş Aytən, onun qızısan? O biri tərəfdə də cavab verirlər ki, hə. Vəssalam, illərin həsrətliləri başlayır hal-əhvala...

Bir xeyli vaxtdan sonra “Canlı” sahibi başıbağlı qadın deyir ki, durum gətirim bir az paltar ütüləyim. Başlayır paltar ütüləməyə və bu barədə danışmağa. Deyir ki, qızlar, elə mən qız vaxtından beləyəm. Yuyuram-yuyuram, yığıram, sonra tökürəm qabağıma, düz üç saat ütüləyib qurtarıram. Beləliklə başlayır paltar ütüləməyə. Deməli, paltarı necə ütüləyir, mən deyim, siz də dinləyin. Bir əli ilə ağzına nə isə qoyur, yeyir, o biri əli ilə paltarı götürüb, hardan gəldi ütünü basır üstünə. Gözü isə harada, təbii ki, telefonda, yadına düşəndən-düşənə paltarı düz üzünə çevirib qatlayır qoyur kənara. Paltar da nə paltar, tamam qırış-quruş.

Arada uşaqların səsi gəlir. Ana onlara çığırır ki, ay bala, səsinizi kəsin. Aradabir ütünü qoyub o biri otağa keçir, uşaqları necə görürsə, deyir ki, ay sağ ölün, həmişə belə sakit olasınız. Aradabir də o biri otağa keçir və deyir ki, tumu çırtlayıb divanın üstünə tökməyin.

Elə bu arada qızlardan biri sual verir ki, başını nə vaxtdan bağlayırsan, deyir ki, 2013-cü ildən. Sonra nə desə yaxşıdır, deyir ki, arada üç il açdım, iş tapa bilmirdim, ona görə. Sonra ailə qurdum, yenidən bağlandım.

Bu arada uşaqlardan biri ekranda görünür. Görürəm ki, uşağın əynində paltar yoxdur, lütdür. Deyirəm, yazıq uşaq sən nə üçün çılpaqsan? Bəs sənə soyuq dəymir?..

Qadın da ki, bir tərəfdən yeməkdə, bir tərəfdən ünvanlanan suallara cavab verməkdə, bir tərəfdən də paltardır ki, ütüləməkdə, üst-üstə yığmaqdadır...

Söhbət davam edir, Nələr, nələr, nələr... Nə işimə qalıb. Bir kənardan dayanıb sakitcə dinləyirəm ki, görüm axı burada axırda düz-əməlli bir söz eşidəcəyəm, ya yox.

Gördüm səbir kasam daşır, telefonu bağlayıb atdım bir kənara. Ancaq eşitdiklərimi və gördüklərimi gəlin görək bir tərəfə ata bildimmi? Əsla.

Dedim qoy başlayım yazmağa ey, yazmasam, ölərəm. Yazım ki, paylaşım, əsəblərim sakitləşsin. Yazdıqca da öz-özümə sual verdim ki, İlahi, görəsən 3 saata necə həftə boyu yuyulan paltarı ütüləmək olar? Deməli, qadın iş-gücünü buraxıb burada qadınlarla söhbət edir, aynan yığışan paltarı da 3 saata yalandan ütüləyib atır bir kənara, həm deyir ki, mən beləyəm, baxın... Vallah, halaldır bu qadının ərinə. Qəribə səbri var...

Başını arada bağlayıb, açmaq söhbəti isə tam bir başqa mövzu oldu. Anlaya bilmədim, bağlanmaq nədir, arada açmaq nədir, sonra bir də bağlanmaq nə deməkdir. Anlayan olarsa, mənə də anlatsın, xahiş edirəm.

Qaldı gördüyüm digər mənzərə, uşağın çılpaqlığına. Yazıq uşaq, nə etsin ki, ananın başı “Canlı”ya qarışıb, o da lüt qalıb. Soyuq dəyib xəstələnəndə bu uşağın halı necə olacaq, vallah, bundan əsla baş çıxarmadım...

Yaza-yaza da öz-özümə dedim ki, şükür ki, elə hövsələm bitdi, bu “Canlı”ya sonadək baxmadım. Yoxsa, inanın ki, dəli olmaq üzrə idim. Baxdığım müddətdə isə elə hey bunu öz-özümə dedim: Allah sənə rəhmət etsin, Molla Nəsrəddin. Niyə bu vəfasız dünya səni ağuşuna alıb apardı? Axı sən bizə dünənkindən daha çox lazımdın. Gəl, haralardasan, gəl, gör ki, yazmağa nə qədər mövzu var cəmiyyətimizdə. Gəlsən, görsən, deyərsən ki, baho, biz nə yazmışdıq ki, mövzu burdadır ey...

Mətanət Məmmədova

Digər xəbərlər