Mayın 15-də bütün dünya Beynəlxalq İqlim Gününü qeyd edir. Əslində. bu günün təsis edilməsində əsas məqsəd dünyanın dayanıqlı inkişafı üçün iqlim dəyişmələri ilə mübarizəyə beynəlxalq ictimaiyyətin cəlbi olub.
Tez-tez yazırıq, oxuyuruq ki, iqlim dəyişmələri bu gün bəşəriyyətin üzləşdiyi qlobal problemlərdən biridir. Qlobal istiləşmə, təbii fəlakətlər, planetdə dəyişən hava şəraiti - bütün bunlar Yer kürəsinin iqliminin dəyişməsinə gətirib çıxarır və nəticədə insanların qida və həyat təhlükəsizliyi, təbii ehtiyatların vəziyyəti və dövlətlərin tarazlı inkişafına mənfi təsir göstərir.
Bəs iqlimin bu qədər dəyişməsinin səbəbkarı kimdir, heç bu barədə düşünürükmü? Biz bu səbəbi təbiətdə axtarırıq. Bir dəfə özümüzə sual vermirik ki, axı təbiət öz-özünə iqlimini necə dəyişdirə bilər? Biz insanların əlləri ki, var, təbiətə nə edirsə, bax, bu əllər edir...
Bizləri ana kimi qoynuna alan, sağlamlıq, sağlam həyat tərzi bəxş edən, soyuqdan, istidən qoruyan, qidalandıran təbiətə biz nə veririk əvəzində? Nə veririk, bilirsinizmi? Biz təbiətə divan tuturuq.
Dünyada müharibələrin səbəbkarı kimdir? Təbiət, yoxsa insan? Əlbəttə, insan. Müharibələrin təbiətə, iqlimə nə qədər ziyan vurduğunun fərqinə necə, varan varmı?
Əllərimizlə yaratdığımız zavodların borularından havaya ötürdüyümüz tüstü, iqlimə hansı divanı tutur, bunun necə, fərqinə varırıqmı?..
Çirkləndirdiyimiz, əlimizə keçəni hara gəldi tulladığımız ətraf mühitə, qol-budağını qoparıb ocağımıza qoyub özümüzə çay qoyduğumuz, kabab çəkdiyimiz ağacların məskunlaşdığı meşələrə tutduğumuz divanı başqa hansı canlı tuta bilər?..
Kəsib məhv etdiyimiz ağacların yerində saldığımız çoxmərtəbəli binalardan gəlir əldə edəndə iqlim barədə düşünmüşükmü bircə dəfə? Bunu edənlər həyatlarında bircə dəfə də olsa, bir ağac əkiblərmi?
Tövsiyə olunur ki, iqlimin qorunması planetin hər bir sakinindən asılıdır. Bəli, bu, belədir. Lakin biz bu tövsiyənin mahiyyətini həyatımızda bircə dəfə də olsa, dərindən dərk etmişikmi?
Tövsiyə olunur ki, iqlimi qorumaq üçün avtomobildən daha az istifadə edək. Biz nə edirik, nəyin bahasına olursa-olsun, maşın almağa çalışırıq. Kredit götürürük, pul yığırıq, bilmirəm daha nələr edirik ki, qonşunun, qohumun, iş yoldaşının var, bizim niyə maşınımız olmasın. Beləliklə də iqlimə də divan tuturuq, özümüzə də. İqlim tüstüdən əldən gedir, bizim qulaqlarımız da saysız maşınların səs-küyündən, yersiz siqnalından.
Tövsiyə olunur ki, mənzillərdə enerjiyə qənaət edən işıqlandırma mənbələrinə üstünlük verək. Veririkmi? Əksəriyyətimiz bu işıqlandırma sistemini bəyənirikmi? Əsla. Onların işıqlandırmasının zəif olduğunu bəhanə edib vaz keçirik.
Tövsiyə olunur ki, ağacəkmə aksiyalarında və yaşıllıqların mühafizə tədbirlərində aktiv iştirak edək. Bu aksiyalara əksəriyyətimiz nə vaxt könlümüzün səsi ilə çıxırıq? Və yaxud əksəriyyətdən kim sonuncu dəfə belə aksiyada iştirak edib?
Biz təbiətə divan etmək üçün yaranmış canlılarıq. Divan edə-edə də həyatımıza davam edirik. Harada təbiət məhv olar, olar. Lakin bir anlığa düşünək ki, təbiət məhv olarsa, biz də məhv olarıq. Ondan bir gün artıq yaşaya bilmərik. Çünki təbiətin hesabına ayaq üstündəyik. Bunu tək mayın 15-i deyil, hər gün, hər an düşünək!
Mətanət Məmmədova