Köşə

  • 2 413

Putin rahat nəfəs aldı... amma hələlik!

image

Türkiyədəki prezident seçkilərindən sonra regiondakı ölkələr sanki rahat nəfəs aldılar. Təkcə bölgənin deyil, artıq dünya siyasətinin kilid ölkələrindən birinə çevrilən qardaş Türkiyədəki proseslər artıq Türkiyə vətəndaşları ilə yanaşı, eləcə də bölgə xalqları üçün də eyni dərəcədə əhəmiyyətlidir. Hazırkı Türkiyə siyasəti niyə dünya və bölgə dövlətləri üçün son dərəcə əhəmiyyətlidir? Gəlin 2000-ci illərdən indiyə qədərki Türkiyəni qısaca “səyahət” edək.

2000-ci illərdə NATO-nun Şərqdəki müttəfiqdən daha çox əlibaxım ölkəsi halına gəlmiş, Ağ Evdə açıq şəkildə Baş nazirlərinə hörmət qoyulmayan bir Türkiyə daha yoxdur ortada. Məhz müstəqil və manevrli siyasət yürüdən Türkiyənin ortaya çıxması, hesablaşıla biləcək siyasi kurs, xüsusilə bölgə siyasətindəki praqmatik addımlar rəsmi Ankaranı çox əhəmiyyətli mövqeyə gətirib çıxarıb. Əsasən, Prezident Rəcəb Tayyib Ərdoğanın konkret nəticələr üzərində qurulmuş xarici siyasəti, Qərb ilə Rusiya arasındakı hazırkı Ukrayna gərginliyi zamanında hər gün sanksiya “yağışına” tutulan Vladimir Putinin etibar etdiyi ölkə olması, Ukraynadakı qanlı toqquşmalar fonunda dünyadakı yüz minlərlə insanın çörək ehtiyacı üçün gözlərini dikdiyi taxıl koridorunun taleyində söz sahibi olması, Qarabağda və regionda reallaşdırılan bir sıra strateji iqtisadi-kommunikasiya layihələrinin əsas müəllifi -bunların hamısı hazırkı Türkiyəni çox-çox önəmli ölkə halına gətirib.

İndi regional və dünya siyasətindəki vacib məqamlar Türkiyənin siyasi xəttindən də çox asılıdır. Bütün bu yazdıqlarımız R.T.Ərdoğanı tərif yağışına tutmaq üçün deyilən standart tərif şeirləri deyil. Bu yazdıqlarım real siyasi mənzərədir. Hə, qərbdəkilər bütün bunları dəyişməyi, hakimiyyəti Ərdoğanın əlindən alıb Kamal Kılıçdaroğluna verməyi çox istərdi. Amma belə olmadı. Əzik “koryera” sahibi kimi tanınan, siyasi xarizmadan əsər-əlamət olmayan K.Kılıçdaroğlu kimi birisini 20 illik hakimiyyət ustasının qabağına çıxarmaq Ərdoğanın qələbəsinə bəribaşdan imza atmaq demək idi, başqa heç nə.

Gələk V.Putinin Ərdoğanla bağlı hissəsinə. V.Putin ilə olduqca tərəfdaş səviyyədə münasibəti olan yeganə NATO ölkəsi məhz Türkiyədir. Beynəlxalq müstəvidə Ukraynadakı qanlı slavyan toqquşmaları fonunda Kreml sahibini dəstəkləyən yeganə lider də, məhz Türkiyə prezidentidir.

Son bir neçə ildə rəsmi Ankara və Moskva arasındakı tərəfdaşlıq münasibətlərinin az qala müttəfiqlik dostluğuna çevrilməsi, ən əsası Türkiyənin sükanı arxasında məhz R.T.Ərdoğanın dayanması V.Putin üçün önəmdən önəmli məsələdir.
Hazırda dünya biriyində təklənmə siyasəti ilə üz-üzə qalan Rusiya Prezidenti üçün Ərdoğanın prezident olduğu Türkiyə ilə regional əməkdaşlıq siyasi nəfəslikdir, siyasi ölümü qabaqlayan çıxış yoludur! Qərb liderlərinin də yuxarıda sadaladığımız faktorlara görə R.T.Ərdoğandan açıq nifrət etdikləri ortadadır. Onlar bölgə siyasətində həm V.Putinin “diri qamasını”, həm qərbin maraqlarına hesablanan siyasi hoqqaların iflasa uğramasına görə hazırkı Türkiyə liderinə nifrət edirlər. Burası belədir. Amma olan oldu və artıq hər kəs yoluna davam edəcək, yeni planlar üzərində işləyəcək.

Rusiya üçünsə Türkiyədəki hazırkı kursun dəyişməzliyi ən böyük qazanc sayılır. Son günlər dron hücumları ilə yuxudan ayılan V.Putinin, K.Kılıçdaroğlunun prezident seçilməsindən sonra hansı situasiya ilə qarşılaşa biləcəyini düşünəndə R.T.Ərdoğandan bərk-bərk yapışmaqdan başqa yolu qalmır. Amma müvəqqəti rahat nəfəs V.Putin üçün hər şeyin əla olacağına, bütün təhlükələrin sovuşduğuna işarə deyil. Sağlamlığında problemlər qabarıq şəkildə önə çıxan, həddindən artıq yorğun R.T.Ərdoğanın bu siyasi kursu 5 il ərzində davam etdirib etdirməyəcəyi də sual altındadır. Üstəlik, Moskvanı gözləyən təhlükələr və dəyişən siyasi oyunlar da naməlumdur. Hər şeyi zaman göstərəcək. Bütün proqnozları alt-üst edən ZAMAN!

Mətləb Salahov

Digər xəbərlər