PDF Oxu

Köşə

  • 6 811

Jurnalistlərin sonuncu binası kimlərə və necə bölünə bilər? - TƏKLİF

image

Elçin Bayramlı

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə jurnalistlər üçün tikilmiş 3 binadan 2-i çoxdan istifadəyə verilib. 3-cü bina isə 2 ildən çoxdur tam hazır olmasına baxmayaraq, hələ də mənzillər sahiblərinə paylanmayıb. İndiyədək bu son binadakı mənzillərin niyə paylanmadığının səbəblərini aydınlaşdırmaq mümkün olmayıb. Hərdənbir bəzi qüvvələr tərəfindən ortaya təxribat xarakterli məlumatlar və təkliflər atılır- bina şəhid ailələrinə, qazilərə, əlillərə veriləcək və sair.

Hesab edirəm ki, bu şayiələrin heç bir əsası yoxdur. Əvvəla, bu bina dövlət başçısının rəsmi sərəncamı əsasında məhz jurnalistlər üçün tikilib və dövlət tərəfindən belə də sənədləşdirilib. Ölkədə prezident sərəncamından üstün hansısa qərar ola bilməyəcəyindən bu binanın başqa şəxslərə verilməsi mümkün deyil.

İkincisi, bunu iddia etmək, dövləti təhqir etmək kimi bir şeydir. Bu boyda Azərbaycan dövləti bir binanın ümidinəmi qalıb ki, şəhid ailələrinə, qazilərə ev verə bilməsin, bu binanı onlara ayırsın. Ölkədə yüzlərlə boş bina var, Qarabağa köç davam etdikcə yüzlərlə bina, hətta şəhərciklər boşalacaq və bütün evsiz şəhid ailələri, qazilər evlə təmin olunacaq, hətta xeyli də artıq qalacaq.

Üçüncüsü, ölkədə minlərlə ağır şəraitdə, daxma kimi evlərdə kirayə yaşayan jurnalist ailələri var ki, onların ömürlərinin sonunadək ev almaq imkanları yoxdur. Bu ailələrin bir çoxunda gələcəyin əsgərləri, hətta şəhidləri, qaziləri böyüdülür. Və bu onlar üçün son binadır, son imkandır.

Jurnalistlər cəmiyyətin sosial təminat cəhətdən ən aşağı təbəqələrindən biridir. Yüzlərlə jurnalist onillərlə is stajına malikdir, ağır sosial vəziyyətdə yaşayır, cüzi maaşa işləyir, havasız, nəmli daxmalarda uşaq böyüdür. Əlbəttə, ehtiyacı olan daha çoxdur, amma heç olmasa 255-i bu dəhşətli həyatdan xilas olacaq. Digərlərinə, güzəştli şərtlərlə, uzunmüddətli kreditlə sosial evlər verilə bilər.

Bəzi həmkarlar deyir ki, minlərlə iddiaçı var, cəmi 255 ev, ona görə seçim çətin olacaq və narazılıq böyük olacaq. Xeyr, heç bir narazılıq ola bilməz. Kriteriyalar aydın, konkret və ədalətli qoyulsa heç bir problem olmayacaq. Daha çox haqqı olanlara, daha çox yaşı və əmək stajı olanlara, daha çox sayda ailə üzvü olanlara, kirayədə daha ağır sosial vəziyyətdə yaşayanlara vermək olar. Yəni, kriteriyalar artırıla bilər və seçim elə şəffaf aparıla bilər ki, heç kim narazı qalmaz.

Əgər bunu edə biləcəklərinə əmin deyillərsə, çox sadə bir üsul təklif edirəm- məsuliyyəti üzərlərindən ataraq bunu redaksiyaların boynuna qoya bilərlər. Ölkədə uzağı 100 peşəkar media orqanı ola bilər, qalanlarını ciddi media kimi qəbul etmək olmaz. Bu 100 media orqanının hərəsinə işçi heyətinin və kriteriyalara cavab verənlərin sayına müvafiq olaraq 2-3 mənzil verilir. Mənzillərin sahibləri kriteriyalar əsasında redaksiyadaxili yığıncaqda kollektiv tərəfindən müvafiq orqanların rəhbərlərinin iştirakı ilə ilə seçilir. Seçim prosesi internet üzərindən canlı yayımlanır. Bu halda heç bir baş redaktor kriteriyaları, şərtləri poza və istədiyi şəxsə mənzil verə bilməyəcək.

Göründüyü kimi, istənilən məsələnin çox sadə həlli yolu var. Nəhayət, bu il mətbuat günündə- iyulun 22-də haqqı olan jurnalistlərə paylanmalıdır.

O ki qaldı, “dövlət niyə jurnalistlərə ev verməlidir” kimi sərsəm iddialara, bu barədə onu deyə bilərəm ki, əvvəla əhalinin 70-80 faizi dövlət tərəfindən verilmiş evlərdə yaşayır. İkincisi, dövlət təkcə jurnalistlərə yox, neftçilərə, hərbçilərə, şəhid və qazilərinə, əlillərə, mədəniyyət və incəsənət xadimlərinə, bir çox dövlət məmurlarına və s. ev verir və bunda heç bir problem yoxdur. Biz istərdik ki, dövlətin elə imkanı olsun ki, daha çox imkansız təbəqələri mənzillə təmin edə bilsin. “Elə mühit olmalıdır ki, jurnalistlər özləri ev alsın” kimi fikirlərə gəldikdə isə, bəli razıyam, elə olmalıdır. Amma hələlik elə deyil. Elə olanda gələrsiniz. Xoş getdiniz.

Digər xəbərlər