PDF Oxu

Köşə

  • 9 368

“Azad seks” davası milli təhlükəsizlik kontekstində - KÜNCDƏN BAXIŞ

image

Elçin Bayramlı

Son vaxtlar cəmiyyətimizdə zorlamalar, qadın alveri, boşanmalar, həyat yoldaşına xəyanət halları sürətlə artır. Mənəvi-əxlaqı deqradasiya pik həddinə yaxınlaşır. Maddi dəyərlər mənəvi dəyərlərin önünə keçib. Bəs bu tendensiya kimlərdən, nələrdən qaynaqlanır?

Hamıya aydındır ki, burda ictimai, kütləvi təbliğatın böyük rolu var. Bəzi media orqanları və sosial şəbəkə qrupları cəmiyyətin bütün mənəvi-əxlaqı ehkamlarını məhv etməyi qarşılarına məqsəd qoyublar.

Alt-şüurun dəyişdirilməsinə hesablanmış materiallarda qadın azadlığı, gender bərabərliyi adı altında durmadan fahişəlik, boşanmalar, nigahdankənar cinsi əlaqələr təbliğ olunur, həyat yoldaşına xəyanət etməyin yolları peşəkarcasına öyrədilir.

Bunların dediyindən belə çıxır ki, bizim cəmiyyətdə bəzi heyvanlarda olduğu kimi azad seksin olmaması cəmiyyətin inkişafına maneə törədirmiş. Buna görə də, yetkinlik yaşına çatmamış qızlara və oğlanlara cinsi əlaqənin Qərbdə daha çox dəbdə olan formalarını praktiki öyrətmək lazım imiş.

Adamlar, bəlkə haqlıdırlar? Gəlin, əvvəlcə insan cəmiyyətində, sonra isə heyvanlar aləmində analoji vəziyyəti qiymətləndirməyə çalışaq, görək arqumentləri nə dərəcədə əsaslıdır.

Baxın Yaponiyaya, bunlar öz milli mədəniyyətlərini, mənəvi dəyərlərini konservativcəsinə qoruyub saxladıqlarından dünyada ən geridə qalmış ölkəyə çevriliblər. Amma, Afrikadakı bəzi qəbilələrdə toyuqlarda olduğu kimi, azad seks var deyə mədəni, elmi, texnoloji cəhətdən ən inkişaf etmiş cəmiyyət və dövlət yaradıblar.

Guya bu ölkədə fahişələrin bədənlərini satmasına əngəlmi var? Biz tolerant cəmiyyətik, kim harda, neçəyə istəyir bədənini satır, kimsə bir söz deyirmi?! Amma təbliğat aparıb yeniyetmə və gəncləri pozğun həyat tərzinə həvəsləndirmə cəhdinə qarşı adekvat cavab alacaqlar.

Azad seks təbliğatı aparanlar, ailə həyatında ciddi problemləri olanlardır. Harda bir əxlaqsız var- gəlib mediada ictimai və fərdi əxlaq sahəsində “maarifləndirici” fəaliyyət göstərir.

Ümumiyyətlə, ölkədə qadın alverinin, narkotikanın, digər zərərli və təhlükəli halların təbliği qadağandırsa, onda fahişəliyin təbliği də qanunla qadağan olunmalıdır. Çünki, bu, bir milli təhlükəsizlik məsələsidir. Necəmi?

Heç kəsə sirr deyil ki, MKİ (CİA) şefi Allen Dallesin SSRİ-yə qarşı “Məhvetmə” planına bənzər doktrinalar hələ tam mənəvi deqradasiyaya uğramamış cəmiyyətlərə, o cümlədən Azərbaycana tətbiq edilir. Əxlaqsızlığın təbliği xüsusi mərkəzlər tərəfindən peşəkarcasına təşkil və idarə olunur.

Dallesin planından mövzumuza birbaşa aidiyyatı olan bəzi detallara nəzər salaq. “...Biz insan beynində xaos yaradaraq, onların dəyərlərini saxtalarıyla dəyişəcəyik və onları bu saxta dəyərlərə inanmağa məcbur edəcəyik. Necə? Biz orada öz həmfikirlərimizi, müttəfiqlərimizi tapacağıq.

Məsələn, incəsənət və ədəbiyyatdan tədricən onun sosial mahiyyətini çıxaracağıq... Ədəbiyyat, teatr, kino ən alçaq insani hissləri təsvir və mədh edəcək.

Biz insanların şüuruna seks, zorakiliq, sadizm, satqınlıq kultunu, bir sözlə hər cür əxlaqsizlığı yeridən və yayan adamları dəstəkləyəcəyik…

Çox az adam nə baş verdiyini başa düşəcək. Lakin biz onları köməksiz vəziyyətə salacaq, gülüş obyektinə çevirəcəyik, onları şərləməyin və cəmiyyətin tör-töküntüsü adlandırmağın yolunu tapacağıq. Xalq əxlaqının əsaslarını təhrif edərək məhv edəcəyik.

…Biz bu yolla nəsli nəslin ardınca sarsıdacağıq. İnsanların üzərində uşaq, yeniyetmə yaşlarından işləyəcəyik, əsas stavkanı isə həmişə gənclərə edəcəyik- onları mənəviyyatca korlayacaq, onlardan həyasiz, heyvərə və kosmopolitlər düzəldəcəyik. Biz bunu bax belə edəcəyik!”.

Məncə əlavə şərhə ehtiyac yoxdur. Sadəcə onu deyək ki, Overton pəncərəsi vasitəsilə istənilən dəyəri cəmiyyətə zamanla qəbul etdirmək mümkündür.

Digər xəbərlər