PDF Oxu

Köşə

  • 1 028

Mədəniyyət qıtlığı

image

Dünya müasirləşdikcə, nədənsə bəzilərimiz bundan bəhrələnə bilmirik ki, bilmirik. Yəni bir həqiqət də var ki, mədəniyyət daxildən gələn bir prosesdir, əslində bunu müasir dünya ilə bağlamaya da bilərik. Lakin bəzi hallarda insan özü nə olursa-olsun, lakin ətrafındakıları görmək, dərk etməklə həyatını qurmalı, davranışını müəyyənləşdirməlidir. Lakin təəssüflər olsun ki, hazırda bəzi insanlar arasında mədəniyyət qıtlığı yaşanır.

Şəhərimizdə gözəl parklar salınıb. Həqiqətən də baxdıqca göz oxşayır bu parklar. Hər cür şərait yaradılan, bizlərin istirahəti üçün hər bir kiçik detal düşünülən parklara yüzlərlə insan üz tutur. Gəlin, görək, yüzlərlə insanın hamısı bu parklardan eyni mədəniyyət çərçivəsində istifadə edirlərmi? Əsla. Çünki elə insanlarla qarşılaşırsan ki, həqiqətən də düşünürsən ki, yaradılan bu gözəlliklər bəzilərimiz üçün haramdır.

Bu günlərdə gördüyüm mənzərələr yuxarıdakıları söyləməyə əsas verir. Hansı parka gedirsən-get, orada bu mədəniyyət qıtlığı yaşayan insanlarla rastlaşacaqsan. Baxmayaraq ki, addımbaşı tullantı qabları qoyulub, baxırsan ki, gənc oğlan, gənc qız oturub oturacaqlarda, tumu çırtlayıb qabığını ayaqlarının altına tökürlər. Eləcə də peçenye, kek kağızlarını. Hansı ki, əllərini uzatsalar, tullantı qablarına çatar.

Çox tez-tez rastlaşdığımız bu mənzərələr, sözün həqiqi mənasında, adamın ürəyini sıxır. Birincisi ona görə ki, düşünürsən ki, bu tullantıları yerə atanlar, ilk növbədə, insanlıqdan məhrum olmaq üzrədirlər. Çünki əllərindən süpürgə-xəkəndaz düşməyən təmizlik işçilərini görmürlər. Görmək nədir, onların çəkdikləri əziyyət barədə düşünmür, zəhmətlərinə dəyər vermirlər.

İkincisi, özlərinə hörmət hissi məhv olmaqdadır. Bir insan necə gözəl bir parkda əyləşib tum çırtlayıb, qabığını ayağının altına ata bilər? Bu, böyük mədəniyyətsizlik və haqsızlıqdır.

Üçüncüsü, fikirləşirsən ki, bu adam görəsən evində də bu hərəkəti edir? Edirsə əgər, belələrinə mədəniyyətsiz yox, vəhşi adı vermək daha doğru olardı.

Adamın bu gözəl parklara həqiqətən heyfi gəlir. Görəsən bəzilərimizin nə üçün gözəllikləri görən gözümüz vaxtından əvvəl korlaşır? Nə üçün yaradılanların qədrini bilmirik? Nə üçün ətrafımızdakı hər şeyin bizə verilən dəyər olduğunu anlamırıq?

Çünki mədəniyyət qıtlığı böhranına tuş olmuşuq. Nə qədər ediriksə, bəzilərimiz mədəniyyətlə ayaqlaşa bilmirik.

Nə etməli? İnsanların hər birinin başına bir nəzarətçi qoyulmalıdır? Yoxsa hər kəs özü özünün nəzarətçisi olmalıdır?

Gəlin, özümüzə hörmət etməsək də, bu parkları yaradanlara, onların təmizliyinə hər dəqiqə nəzarət edənlərə hörmət qoyaq. Bəzən düşünəndə və görəndə ki, o parkları təmizləyənlər ata-analarımızdan da yaşlı insanlardır, heç olmasa, bu an bir qədər mədəni olmağa çalışaq.

Parklar bizim istirahətimizi necə təmin edirsə, gözəlliyi, təmizliyi ilə mənəvi dünyamıza töhfə verirsə, bizim də vəzifəmiz onların təmizliyinə, qorunmasına töhfə verməkdir. Bunu unutmayaq!

Mətanət Məmmədova

Digər xəbərlər