PDF Oxu

Köşə

  • 7 139

Torpağa qayıdırıq... KÖŞƏ

image

Bu gün bazarlarımızdakı meyvə-tərəvəz bolluğu fonunda bu qənaətə gəlmək olar ki, biz torpağa qayıdırıq. Çünki torpaq müqəddəsdir, ən gözəl iş yeridir, zəhməti dəyərləndirən, əkinçini əliboş qoymayan nemətdir.

Vaxt vardı ki, torpaqdan yaman aralı düşmüşdük. Əlimizə beş qəpik düşdümü, ya bir balaca daxmayabənzər mağaza tikib şəhərdən daşıyıb burada bir qədər bahaya satırdıq, ya da bir maşın alıb kəndlə şəhər arasında taksiçilik edirdik. Torpaqlar da qalmışdı başlı-başına. Əkən-biçənlərin sayı sürətlə azalmağa başlamışdı.

İnsanlar düşünürdülər ki, yox, torpaq işi ağır işdir, özümüzə elə bir iş tapmalıyıq ki, asan olsun, əlimiz cibimizdə pul qazanaq, ailə-uşağımızı dolandıraq. Tezliklə varlanıb mağazamızı böyüdək, maşınımızı dəyişək, özümüzə ev-eşik tikək.

Lakin bunlar boş xəyaldan başqa heç nə deyildi. Çünki yerindən qalxan bu cür mağaza açırdı, yerindən qalxan taksiçiliyə başlayırdı. Axırda mağaza əlindən də tərpənmək olmadı, taksi əlindən də. Mağaza və taksi sahiblərinin isə işi axsamağa başladı.

Nəhayət, insan övladı bir gün anladı ki, yox, belə olmaz. Bu gəlirlə nə ailə, nə də uşaq saxlamaq olmaz. Fikirləşdilər ki, torpaqlarımız qalıb boş. Bəlkə bir əkinçiliyə başlayaq, bəlkə elə dolanışıq buradadır. Bu qənaətlə də torpağa üz tutdular. Həm sağlamlığa, həm gəlirə xidmət edən torpaqlarımız isə zaman-zaman heç kimi əliboş, üzüqara qoymayıb. Elə zamanın hansı anında ona tərəf kim üz tutubsa, torpaq ona “əz məni, əzizləyim səni”,- deyib qoynuna alıb.

Budur, bu il bazarlarımızda meyvə-tərəvəz o qədər boldur ki, adam baxdıqca ürəyi dağa dönür. Hər bir meyvə-tərəvəz isə insan zəhmətinin bəhrəsidir. Zəhmət adamının torpağa verdiyi tər, torpağınsa ona qaytardığı zərdir.

Bax, insan övladı beləcə, öz daimi iş yerini tapdı. Gördü ki, torpağın ona verdiyini, bəxş etdiyini başqa heç bir qüvvə verə bilməz. Dövlətimiz tərəfindən əkinçilər üçün yaradılan şərait-onlara güzəştli kreditlərin verilməsi, məhsullarını realizə etmək imkanının yaradılması, saxlanma anbarlarının tikilməsi zəhmət adamlarını daha da ruhlandırdı.

İndi artıq əmək adamları ailə təsərrüfatlarını qurmağa başlayıblar. “Tək əldən səs çıxmaz” atalar misalını qulağında sırğa edən zəhmətkeşlər bütün ailə üzvlərinin köməyindən istifadə etməklə dünən fermer, ailə təsərrüfatı başçısı idilərsə, artıq bu gün onlardan onlarla sayda insan var ki, böyük sahibkarlara çevriliblər.

Torpaq ata-babadan insanın ən səmərəli qazanc yolu olub. Torpaq daim onun altını-üstünə çevirib var-dövlət sahibi olması üçün insanı səsləyib. Ağıllı insan yaşadığı kənddə başqa sahəyə üz tutmağı məsləhət bilməyib. Üz tutanlar isə yenidən torpağa qayıdıblar. Çünki torpaq daimi iş yeri, daimi gəlir mənbəyidir.

Qoy torpaqlarımız daim var, bazarlarımız isə həmişə belə bol olsun. Bizlər isə torpağın müqəddəsliyinə sayğı ilə yanaşaq ki, o, bizi hər an üzüağ etsin.

Mətanət Məmmədova

Digər xəbərlər