PDF Oxu

Köşə

  • 3 926

Turizm məkanları və restoranlar “əl yandırır” KÖŞƏ

image

Yayın gəlişi ilə bir növ həyat qaynayır. İnsanlar günəşin yandırıcı şüasından, şəhərlərdəki baş gicəldən istinin təsirindən qısa müddətli də olsa yayınmaq üçün sakit guşə axtarır. Təbii ki, ağlına gələn ilk ünvan rayonlar olur. Problem də elə ünvanların axtarışı zamanı üzə çıxır. İstirahət mərkəzlərində qiymətlər o dərəcə də bahadır ki, hərdən düşünürsən ki, həmin istirahət mərkəzinin sahibi ya avropalıdır, ya da şəriki varlı-karlı amerikalıdır. Lakin araşdırma aparıb, onun-bunun ağzını arayıb, söhbətə tutandan sonra öyrənirsən ki, istirahət mərkəzinin sahibi heç də əcnəbi deyil, elə azərbaycanlıdır. Sadəcə, ğəmmaməsi ondan ibarətdir ki, bu azərbaycanlı iş adamı özünün istirahət mərkəzində tətbiq etdiyi qiymətləri xaricdəki qiymətlərə uyğun tətbiq edir. Bu da ki, heç yaxşı hal deyil. Niyəsini də hər kəs bildiyi üçün uzunçuluq edib, oxucunu yormayacam. Ancaq onu qeyd etməliyəm ki, restoranlarda, istirahət mərkəzlərində qiymətlər çox baha olduğundan gözünü aylıq məvacibinə dikən aztəminatlı təbəqə üçün əlçatan deyil. Turların qiymətləri o dərəcədə bahadır ki, Antaliyaya, Bodruma, hətta Maldiv adalarını kölgədə qoyur. 7 gecə 8 günlük Antaliyaya və ya Bodruma 2 nəfərlik tur 1300 ABŞ dollarıdır. Buraya aviabilet, oteldə gecələmək və qidalanma daxildir. 7 gecə 8 günlük Şəki, Zaqatala və ya Qəbələyə 2 nəfərlik tur isə hər şey daxil 1800-2000 AZN təşkil edir. Sual oluna bilər, niyə ölkəmizdə turizm mərkəzləri kasıb təqbəqənin üzünə bağlıdır? Nədən qiymətlər əl yandırır? Niyə görə, müvafiq dövlət qurumları, xüsusilə də Turizm Agentliyi qiymətlərə bir əncam çəkmir. Düzdür deyə bilərlər ki, sahibkarlıq subyektləri müstəqil və azad fəaliyyət imkanlarına malikdirlər və onların işlərinə kənar təsirlər ola bilməz. Bəlkə də haqlıdırlar. Lakin turizm məkanlarının sahibləri ilə maarifləndirici söhbətlər aparmaq və onlara qiymətlərlə bağlı tövsiyələr vermək olar. Necə ola bilər ki, istirahət mərkəzləri dövlətdən güzəştli kreditlər alırlar və müəyyən hallarda onlara dəstək göstərilir, ancaq qiymətlərin kasıb təqbəqinin cibinə uyğun qurulması məsələsi gələndə kənara çəkilirlər. Ağızdan ağıza eşitdiyimə görə, ölkəmizdə restoranlar var ki, qiymətlər “ceyran belindədir”. And-aman edirlər ki, restoranların girişinə pul alırlar, menyu-zad deyilən şey yoxdur. Daha doğrusu menyu var, sadəcə, orada qiymətlər yazılmayıb. Yeyib, içib çıxdıqdan sonra qiymət oxumaq qalır restoran işçilərinin insafına. İnsanların boyuna-buxununa, üzünə-gözünə baxıb qiymət deyirlər. Mədəd adlı bir tanışım deyir ki, Bilgəh tərəfdə restoran var ki, iki nəfərin ora girib çıxması onlara ən azı 2500-3000-ə başa gəlir. İnanmağım gəlmirdi, Sabir adlı bir dostumuzun tanışı da söylədi ki, Bakı şəhərində elə bərkgedən restoranlar var ki, orada 4 nəfərin qarnını doydurması, hesabı ödəyənə 5 min manata başa gəlir. Açığı başqa xəbərlər də eşitmişəm. Kasıb və imkansız oxucularımıza pis təsir edə biləcəyini nəzərə aldığımdan həmin xəbərləri yazmağı məqsədəuyğun hesab etmədim. Lakin bir məlumatı eşitdim və inanmağım gəldi. Qismət adlı dostum deyir ki, Bakı metrostansiyasının İçərişəhər qoruq idarəsinin əzəmətli divarları ilə üzbəüz yerləşən parkdakı restoranda 3 nəfəlik dostu ilə nahar etmələrinə peşman olublar: “Nəzərdə tutmuşduq ki, hesabımız 35-40 manat edəcək, lakin işbazlar bizdən 165 manat tələb etdilər. Suallarımız çox oldu, qəzəbli şəkildə bizə göz ağardıb qısaca dedilər ki, qiymət budur ödəyin, çıxın gedin”. Qismət yana- yana deyir ki, "evdən, oradan-buradan pul gətizdirib, restoranın ödəniş tələbinə əməl etdik".

Bəzən belə də olur, yeyib-içmək çox asandır və yaxşıdır. Gərəkdir ki, sonda burnundan gəlməyə. Necə ki, dostumuz Qismət neçə gündür ki, ödədiyi 165 manata görə qanıqara və bikefdir.

İ.ƏLİYEV

Digər xəbərlər