Azərbaycan mentalitetində ucadan danışmaq qəbahətdir. Fit çalmaq isə qəbahətdən qəbahət, həm də böyük sayğısızlıqdır. Həmişə görmüşük ki, cəmiyyətimiz bunları qəbul etmir, ucadan danışan adamlar tənqid edilir, haradasa fit çalanlar isə ümumiyyətlə bağışlanmır. Belə isə bir neçə ay əvvəl kənddən gələnləri atəşli tənqidə tutub “Onlar hətta restoranda çox ucadan danışırlar. Rayondan gələnlər şəhərə adaptasiya ola bilmirlər. Bu, bizim günahımızdır. Biz susuruq, onlara demirik ki, uşaqlar, restoranda belə danışmaq olmaz” deyən Əməkdar artist Bəhram Bağırzadənin o yaşda toy mərasimində fit çalması nə onun imicinə, nə də yaşına əsla uyğun deyil. Sözün həqiqi mənasında, bu hərəkəti ondan əsla gözləməzdik.
Bir qədər əvvəl sən gəl yuxarıda dediyim kimi, kənddən gələnlərə yuxarıdan aşağı bax, onları ucadan danışmaqda ittiham et, sonra da toyda özün fit çal. Maraqlıdır, deyilmi?.
Birincisi, kənddən gələnlər, daha doğrusu kənddə böyüyüb tərbiyə alanlar ümumiyyətlə, ucadan danışmırlar. Kəndlərimizdə iffət, utanmaq hissləri hələ də yaşamaqdadır. Həm də orada valideynlər o qədər astadan danışırlar ki, istər-istəməz övladları da buna riayət edirlər.
İkincisi, bu məsələdə nə kənddə, nə də şəhərdə böyüyən bütün gəncləri ittiham etmək olmaz. Çünki kəndin də yaxşısı var, şəhərin də. Şəhərin də pisi var, kəndin də. Belə isə bu barədə yazdığım birinci yazıda da dediyim kimi, mövzuda “bəzi gənclər”, “bəzi insanlar” ifadələrini işlətmək daha da yerinə düşər.
Üçüncüsü, Bəhram bəy harada nə gəldi edə bilməz. Məsələn, bu yaxınlarda onun ən işlək yollardan birinin düz ortasında maşını saxlayıb kiminləsə söhbət etməsi də müşahidə olunmuşdu. Həm də nə az, nə çox, 15 dəqiqəyə yaxın. Bütün maşınlar da dayanıb onu gözləyirdilər. Bu, ciddi yol hərəkəti pozuntusu idi.
Qaldı Bəhram bəyin toy mərasimində fit çalmasına. Bu, əsla Azərbaycan mentalitetinə uyğun olmayan bir davranışdır. Elə buna görə də hər kəs bu hərəkətinə görə onu tənqid etdi, qınadı.
İndi Bəhram bəyə bir sualla müraciət etmək istəyərəm ki, sizcə fit çalmağın yanında ucadan danışmaqdan söhbət açmaq olar? Əgər bilsəydiniz ki, cəmi bir neçə ay sonra toyda belə ucadan fit çalıb bütün diqqətləri üzərinizə yönəldəcəksiniz, onda kənddən gələn gənclərin ucadan danışması məsələsindən bəhs edərdinizmi?
Məncə, əsla yox. Bilsəydiniz ki, özünüz bir neçə ay sonra ya ixtiyari, ya da qeyri-ixtiyari bu hərəkəti edəcəksiniz, gənclərin ucadan danışdığını görsəydinizsə də, əsla o söhbəti açıb-ağartmazdınız.
Belə isə düşünüb danışmaq, bütün insanlara, eləcə də gənclərə hörmətlə yanaşmaq, onların bir neçəsinə görə hamısını ittiham etmək onlardan dəfələrlə yaşda böyük olan bizlərə yaraşmaz. “Bəzi” sözünü işlətmədən fikir söyləmək bütün zamanlarda, bütün məqamlarda qəbahətdir. Elə bütün zamanlarda və məqamlarda fit çalmaq ondan da böyük qəbahətdir. Hələ olasan 50-60 yaşlarında...
Mətanət Məmmədova