PDF Oxu

Köşə

  • 4 955

Ya Əlixa, ya Vəlixa... KÖŞƏ

image

Hələ bir neçə ay bundan əvvəl yazmışdım ki, Dərviş Məstəli şah babamız əlixaları, vəlixaları sarı jiletli geyimlərdə salıb Parisin küçələrinə ki, XIX əsrdə yarım qoyduğu işini başa çatdırsın. Elə həmin yazımda onu da bildirmişdim ki, məbadə, İranda baş verənlər Dərviş babamızı əlindəki işi yarımçıq qoymağa məcbur edə...
Qorxduğumuz başımıza gəldi. İranın mollaları yolu birmərrə azdılar deyə, Məstəli babamız Parisdəki işini yarım qoyub uçdu İran adlanan proje-dövlətə. Mollaları abıra mindirmək üçün bəzi-bəzi xırda-para əməliyyatlar keçirib, mollaların köpünü aldı. Amma çox dərinə getmədi, getməyəcəyi də əvvəlcədən bəlli idi. Nə qədər olmasa, onlar da müsəlman adı daşıyır və guya “islam” dövlətidir axı! Xülasə, mollaları bir az abıra mindirəndən sonra, baxdı ki, Makaron Vermeşilyan yenə qırmızı xətti keçdi. Kişinyovda keçirilən beştərəfli görüşdən sonra başladı sarsaqlamağa. Adama deyərlər ki, a məndeyən, o görüşə səni qonaq elədilər ki, gəlib gördüklərini dünyaya faş edəsən? Ya da erməni diaspora başbilənlərinə zəng vurasan ki, Paşinyan məni eşitmir, Azərbaycanla razılığa meyllənir? Adam kişi olar, onu adam bilib buraxdılar bu görüşə, gördüyünün üstünə də beşini qoyub şivən qopardı. Soğan yemiş adam kimi içinin göynərtisini ora-bura boşaltdı və Dərviş babamız da bunu görüb vaxt itirmədən əlixaları, vəlixaları, məlixaları yığıb başına, üz tutdu yenə Parisə. Bu firənglərin başçısı adlanan, de-fakto ermənilərə dədəlik edən Makaron Vermeşilyana bu dəfə əməlli-başlı dərs verməyə qərarlı olduğunu ilk gündən göstərməyə başladı. Makaron elə bildi ki, bu da ötəri bir oddu, bir az isidib gedəcək. Sonra gördü ki, yox, bu, o oddan deyil. Onu qısnayıb qazanın küncünə, elə qovurur ki, odun təsirindən cızdanı çıxır. İmanım allah amanatı, amma deyəsən Dərviş babamız təkcə bizim qisasımızı almağa gəlməyib Parisə. Axı parislilər o qədər xalqlara o qədər haqsızlıqlar eləyiblər ki, bizimki onların yanında toya getməlidi. Məsələn, Afrikada nə qədər millətə qan uddurub. Təkcə Əlcəzairdə milyon yarım müsəlmanı qanına qəltan eləyən də firənglərdi. Liviyada, Konqoda, Sudanda, Çadda at (oxu: tank!-T.N.) oynadıb (oxu: sürdürüb!- T.N.) milləti əzikləyən də firənglərdi. Deyək ki, bunlar müsəlmandı, firənglər də növbəti “xaç yürüşü” edirdi. Bəs Korsika? Korsikalılar ki, firənglərlə eyni dinə, eyni soy-kökə mənsubdular! Deməli firənglər üçün nə millət, nə din, nə də ideologiya-flan maraqlı deyil. Onların bir maraqları var:pul-para! Kimi lazım gəlsə qanına qəltan edər, kimi lazım gəlsə əzikləyər, taki, ordan pul çıxsın.
Bunlar məlum. O zaman bu ortası deşik Makaronun fısıldaya-fısıldaya Qafqazda nə ölümü? O qədər ağılsızdı ki, burda haylardan başqa ona boyun əyəcək millət olmadığını qanmır? Hayların da beş-altı yüz mini Marselldə, Parisin qulağının dibində. Deyən gərəkdir ki, zıvıdı oğlu zıvıdı, hayları belə çox sevirsən, Marselli elə ikinci hay dövləti, oturt dizinin dibində. Ta niyə Atlantikanın yanından burnunu Qafqaza uzadırsan ki, gərək burda bir hay dövləti də yaransın? İkinci dünya müharibəsində Hitlerin qabağında 40 gün dözüş gətirə bilməyən firənglər, Amerikanın, İngiltərənin sayəsində yenidən dirçəldi. İndi o qədər qudurub ki, özünü ABŞ-la, Böyük Britaniya ilə bir biçimdə görməyə başlayıb. Nə var, nə var, Çinlə, Rusiya ilə birgə ABŞ-la Britaniya bunları da soxdular BMT-nin TŞ-sinə. İndi dünyanın təhlükəsizliyini təmin etməli olan firənglər olublar xırda xalqlara təhlükə yuvası. Harda bir iğtişaş var, harda bir çaxnaşma var, orda dərhal Makaronun sivri burnu görsənir. Bir sözlə, firənglərin sayəsində Təhlükəsizlik Şurası dönüb olub Təhlükə Şurası. Bütün bunları da Dərviş babamız Məstəli şah görür axı! İki yüz ildi bunlara ha dərs verir, qanmırlar ki, qanmırlar. Elə deyirlər “Ağa Nəzərəm, belə gəzərəm”! Di hı! İndi cavab ver Dərviş babaya. Bu dəfə Parisin altını üstünə elə çevirəcək ki, inşallah, Makaronun yeraltı tunelləri də onu xilas edə bilməyəcək.
P.S. Düzdü, yanıb-yaxılıb Makaronun cəmdəyinə döşüyürük. Amma haylara, yəni bizim əzəli düşmənlərimizə, bu gün ən çox pisliyi də elə onun elədiyini bilməliyik. Hayları qızışdırıb salır ortalığa ki, Sülh-flan olmasın, təzədən müharibə başlasın və guya Qarabağı təzədən işğal edəcəklər. Haylara şəhadət barmaqla orta barmağın baş barmağı ortaya almasını xatırladıb, bildirirəm ki, firənglərin bu küyünə getsələr, heç o qondarma proje-dövlətlərini də saxlaya bilməyəcəklər. İnanmırsınız? Onda gedin Makaronun küyünə!

Təhmasib Novruzov

Digər xəbərlər