Lalə Mehralı
Gənclər kəşf olunmağı gözləyən ən böyük dəyərlərimizdən biridir. Gənclik, öz yolunu və həyat tərzini təyin etməyin başlanğıc dövrüdür. Bəşəriyyət cəmiyyət kimi formalaşmağa başladığı vaxtdan gəncliyə xüsusi önəm verib. Bütün dinlərdə gənclərlə bağlı hikmətli sözlər deyilir, bütün müdriklər gənclərin gələcəyə körpü olması barədə danışıb, mənəvi dəyərlərə önəm verilərək tərbiyə olunmalarını əsas tutub, bütün xalqlar vətənpərvərliyi onların timsalında təbliğ ediblər.
Bu gün çox təəssüflər olsun ki, biz uşaqlarımızı milli düşüncə sahəsində yetişdirə bilmirik. Onların milli kimliyini, vətənpərvərlik ideallarını düşünməyə vaxtı olmur. Fasiləsiz olaraq imtahana hazırlaşan, durmadan oxuyan, kurikulum girdabında boğulan gənclik milli-mənəvi məsələlərə vaxt ayıra bilmir. Biz hər baxımdan savadlı, yenilikçi, ixtiraçı gənclik yetişdirəcəyik, amma bunun əvəzinə mənəvi və milli dəyərlərə malik nəsil yetişdirə bilməyimiz sual altındadır. “İkisi bir arada olmazmı?” deyə soruşa bilərsiniz. Əlbəttə mümkündür. Lakin bunun üçün gənclərə nəfəs almaq üçün şərait yaratmalı, yüklərini azaltmalıyıq.
Bu günkü təhsil sistemi onlara innovativ bir gələcək vəd edirmi? Birmənalı olaraq yox. Onların potensialını üzə çıxaracaq təhsil sistemi yaradılmalı və tətbiq edilməlidir. İnkişaf etmiş ölkələrdə qəbul edilməyən təhsil proqramları ilə şagirdlər üzərində dəlləklik edən təhsil sistemimiz bunu onlara borcludur. Effektiv öyrənmə və imkanları özündə ehtiva edən dinamik özül yaradılmalıdır. Fərqlilik yaratmaq adı ilə naməlum təhsil proqramlarını tətbiq edib uşaqların beynini qarışdırmaq yerinə effektiv üsullar tapılmalıdır.
Gənclərin analitik və düşünmə qabiliyyətini inkişaf etdirməsi və uğur qazanması üçün onların qarşısındakı maneələri aradan qaldırmaq lazımdır. Ölkəmizdə nə qədər gənc dərsdən əlavə hər hansı beyin inkişafı vəd edən layihələrə, təlimlərə qoşula bilir? Bunun üçün maddi və mənəvi imkanı, şəraiti olurmu? Gələcək həyatına hazırlıq mərhələsində olan gənclər ahıl və qocalıq çağlarına hansı yatırımı edə bilirlər?
Dövrün gənci təhsil və iş arasında qalıb əzilir. Maddi problemləri başından aşıb-daşan biri üçün vətənpərvərlik ideyaları, milli kimlik məsələləri nə qədər real görünür? Gənclərin oxumaq həvəsi var, lakin bu yolda yalnız olurlar. Həyat günü-gündən çətinləşir, indi yaşamaq bahalıdır. İş və təhsil arasındakı məngənədə sıxışıb qalan gəncin elmə, təhsilə olan təşnəsi elə bu məngənənin dişləri arasında məhv olub gedir. Bu problemlərin fonunda sizcə onlar milli “mən”ini nə qədər düşünə bilər?
Ölkəmizin istədiyimiz səviyyəyə çatması üçün ən vacib məsələlərdən biri gələcəyimiz olan gənclərin hərtərəfli yetişməsi olacaq. Ən son innovasiyaların tətbiq olunduğu bir gələcək düşünün və bu gələcəkdə milli “mən”ini tanıyan, vətəninə xidmət edən gənclərin var olduğunu xəyal edin. Onlar özləri ilə birlikdə cəmiyyəti də yeniləyəcək. Elm və texnologiya üzərində hökmranlıq etməyi, yeniliklərdən şüurlu şəkildə istifadə etməyi bacaran, yeni kəşflər edən və eyni zamanda milli kimliyini unutmayan, bütün ixtiraları ilə vətəninə, xalqına xidmət etmək istəyən gənclik yetişdirmək bir ölkənin, bir dövlətin gələcəyə ən böyük yatırımıdır. Amma ölkəmizdəki təhsil sistemində olan çatışmazlıqlar həll edilmədikcə, xaricə beyin axını davam etdikcə bizim ölkəmiz üçün o gələcək gəlməyəcək. Hələ ki, kəkili yandan qoyan dəllək- təhsil sistemimiz bir qərara gələ bilmir.