PDF Oxu

Köşə

  • 3 616

Sülhə hamilə Qafqaz…

image

Nə az, nə çox, düz iki yüz əlli ilə yaxındır ki, qafqazlar deyilən regionumuzda qan su yerinə axır. Ta çar rusiyası, Romanovlar sülaləsi qafqaz iştahına tutulandan bu günə qədər bölgəmiz dönüb olub qan çanağı. Onun son yüz iyirmi ili isə, el arasında deyildiyi kimi, erməni-müsəlman davası kontekstində davam edir.
Oturub hərdən düşünürsən, əcəba bu imperiya düşkünləri, zəif, fəqir millətlərin qanı, canı, malı, mülkü ilə özünə xəzinələr toplamış bu qaniçənlər ordusu nə zaman qandan doyacaq da, biz də bir rahatlıq tapaq, biz də dinc, sakit, sülh içində yaşayaq, bir-birimizə can deyək, bir-birimizdən can eşidək!? Makedoniyalı İsgəndərdən tutmuş Əmir Teymura qədər dünyanın bütün fatehləri qafqaza sahib olmaq üçün milyon tonlarla qan axıdıblar. Bu torpaqlada axıdılan qanları sakit okeana töksəydilər, o boyda okean nəhəngi rəngini dəyişib al-qana bürünərdi. Səfəvilər və Əfşarlar zamanında bu savaş həngamələri buralardan uzaqlaşsa da, bölgədə parçalanma siyasəti başlanan kimi şimaldam Pyotr rusiyası dişini qıcadı torpaqlarımıza və beləcə, yenidən bölgə döndü savaş meydanına. Həm də bölgənin tarixi sahibi olan türklər qaldı bir yanda, ruslarla farslar başladılar bu torpaqlar uğrunda savaşmağa. Böyük şairimiz Bəxtiyar Vahabzadə demiş, bir deyən olmadı, durun, ağalar, axı bu torpağın öz sahibi var! Sonda ona nail oldular ki, min illər boyu bir bayraq altında yaşayan bütöv bir xalqın özünü də, torpaqlarını da ikiyə bölməyi bacardılar. O taydakıları fars şovinistləri, bu taydakıları rus şovinistləri kölə etməyi bacardılar. Amma bununla da bitmədi. Bu dəfə rus şovinistləri gələcəyə hesablanmış bir məkrlə erməni-hay tayfalarını dünyanın hər yerindən yığıb gətirdilər qafqaza. Qədim türk torpaqlarında onlara rahat həyat qurdular və özlərini də qızışdırdılar ki, bərk durun, türkləri burden qovub sizə burda sərhədləri dənizdən dənizə bir dövlət quracağıq. Rusların bu siyasətindən faydalanmaq istəyən bəzi qərb gücləri də, başda firənglər olmaqla, başladılar hayları haylamağa ki, biz deyənləri edin, ruslar söz verdiyi dövləti sizə biz quracağıq. Tarixən satqın, ikiüzlü ermənilər də başladılar qərblə ruslar arasında “mutilşiklik” eləməyə. Beləcə, qafqaz döndü oldu qərblə rusiyanın maraqlarının kəllə-kəlləyə gəldiyi poliqon. Düz yüz iyirmi ildən də çoxdur ki, Parislə Moskva, İngilislə Amerikan bu regiona ağalıq uğrunda savaşa qalxıblar. Tarixin heç bir dönəmində (ta XIX əsrə qədər-T.N.)) bu ərazilərdə yaşamayan haylara, qərblə rus əlbir olub bir dövlət (əslində dövlət adlandırılan bir layihə - T.N.)) də təşkil elədilər. Hayların iştahı o qədər tüğyan elədi ki, dedi yox, bu azdı. Bir az da böyütdülər. Yenə dedi azdı. Bir az da böyütmək istəyirdilər ki, tanrı bu torpaqların tarixi sakinləri içindən ata-babaların qoyub getdiyi “Vətən” adlı əmanətin sahibi, nəhayət ki, gəlib çıxdı. İndi nə qədər burunlarını ovuruq və deyirik ki, bizim yurdumuzda dövlət qurmuşunuz? Yaxşı, gəl o dövlətini də tanıyaq, qonşu kimi dinc-dinməz yaşayaq. Kimə deyirsən? Guya özbaşınadı? Ordan rus dartıb aparıb bir şey pıçıldayır qulağına, burdan farslar aparıb Annanın xətrinə onlara dayaq olmalarını deyib qızışdırır, o tərəfdən də bu ərazidə yüz illərdi gözü olan firənglər düşüb əl-ayağa ki, amandı, mən deməsəm barışıq eləmə. Zavallı...(üzr istəyirəm-T.N.)), gicbəsər erməni də bilmir kimin dediyin eləsin, qalıb ortalıqda.
Nəhayət ki, Amerika deyilən dünya gücü girdi meydana və kənardan qoyulan “mız”ları alt-üst edibistəyir ki, qafqazda sülh, özü də dayanıqlı, yəni gələcəkdə kimlərinsə poza biməyəcəyi sülh yaratsın. İnsafən, özünün bəzi-bəzi maraqları naminə girsə də meydana, amerikalıların indiki barış missiyası həm haylar üçün, həm də bizim üçün yararlıdır. Yəni kimsə, nəsə uduzmur, hər kəs indiki dünyada tanınmış sərhədləri daxilində rahatlıqla, necə deyərlər, sülh, əmin-amanlıq şəraitində yaşayır və bir-birinin torpağına da əl uzatmır. Beləcə, Amerikanın sayəsində Qafqaz torpaqları sülhə hamilə oldu. Atası biz, anası da haylar olacaq bu bətndəki sülhbalanın barı-həmlini yerə qoymaq zamanı çatıb. Di gəl yenə ordan-burdan “mamaçalar” başını qaldırıb dava döyürlər ki, bu sülhbalanı mən tutmalıyam. Rus mamaça ordan, firəng mamaça burdan, fars... Yox, farsların mamaçaları tutsa bu sülhbalanı, göbəyi sepsis olacaq, ona görə də onları yaxın qoymaq olmaz. Qalır Amerika, Rusiya, bir də Fransa adlı mamaçalar. Allah xatirinə, biri dursun qabağa, işini görsün. Yoxsa bu sülhbala elə bətndəcə boğulub tələf olacaq. Sonra gəl təzədən Azərbaycan atalıq, haylar analıq eləsin, təzədən qafqaz sülh üçün hamilə olsun... E... uzun prosesdi. Ən yaxşısı ana bərnində yetişmiş bu sülhbalaya üç mamaça arasında razlıq olsun, biri onun barı-həmlini qoysun yerə. Biz də yazığıq axı!

Təhmasib Novruzov

Digər xəbərlər