PDF Oxu

Köşə

  • 4 628

Niyə yarıçılpaq gəzmək olmaz? – KÜNCDƏN BAXIŞ

image

Elçin Bayramlı

Yay mövsümü gələndən Bakıda ənənəvi mövzulardan biri daha da aktuallaşıb. Qızların, qadınların həddən artıq açıq-saçıq geyinməsi nəticəsində yaranan problemləri deyirəm. Qısası, bəzi xanımlar “işə gecikdiyindən” və “skleroz olduqlarından” üst paltarı geyməyi unudaraq şəhərə yatmaq paltarında çıxırlar ki, bunun da nəticəsində ciddi problemlər yaranır. Vallah şişirtmirəm, bu çox təhlükəli problemdir, belə ki, birbaşa insan həyatının itirilməsi ilə nəticələnə bilir. Necəmi? Mən yazım, siz oxuyun görün haqlıyam, yoxsa yox...

Tutaq ki, gözəl və gənc bir xanım bir qarışlıq mini-yubkada, bədənin 10 faizini örtən maykada minib avtobusa və qabaq sıraların birində əyləşib. Salondakı gənc oğlanların o saat avtobusun həmin qisminə yığılmasını qoyaq bir tərəfə. İndi bu zalım oğlu sürücü maşını necə idarə etsin? Qabaq tərəfə saysız-hesabsız güzgüləri horizontal, vertikal və diaqonal vəziyyətdə havayı yerəmi düzüb?

Xülasə, bu məzlum sürücü yola baxmaq əvəzinə qabaq şüşənin lap aşağısında yerləşən həmin böyüdücü güzgülərdən xanımı seyr etməyə bilərmi? Xeyr, Azərbaycanda bu mümkün deyil! Əvvəla, biz müsəlmanıq, ağlımız kəsməyəndə zorakılığa məruz qoyularaq sünnət olunmuşuq, ona görə də seksual temperament, cinsi natamamlıq kompleksi yüksək səviyyədədir.

İkincisi, bizim xalqın kişiləri belə mənzərələrə o qədər də öyrəncəli deyil, adicə küçədə yeriyərkən dönüb çimərlik paltarında qarşısından keçən bir xanımın arxasınca baxanda qarşıdan gələnlə toqquşmurlarmı? Küçədə bu əməliyyat kiçik xəsarətlə qurtara bilər, amma avtobusda vəziyyət fərqlidir. Sürücü yola baxmağın başını buraxaraq salondakı mənzərələri seyr edib feyziyab olmağa başlayanda qəza baş verə bilər. Nəticədə, xeyli sərnişin və özü o dünyaya yollana bilər.

Təsəvvür edin ki, bir qız və ya arvad dar kalqotkada və ya bir neçə sm-lik mini-yubkada, sinəsi və beli 90 faiz açıq maykada svetoforun qırmızı işığını filanı vecinə almayaraq nazlana-nazlana səkkizvari yerişlə yolu keçir! Bütün sürücülərin başları eyni istiqamətə dönəcəkmi? Dönəcək! Burda zəncirvari qəza baş verəcəkmi? 100 faiz! Nəticədə azı bir neçə nəfər öləcək və ya xəsarət alacaq, bir neçə avtomaşın sıradan çıxacaq, ölkə iqtisadiyyatına zərər dəyəcək!

Mən özüm bir neçə dəfə belə qəzaların şahidi olmuşam. Düzdür, yol polisləri sənədləşdirəndə qəzanın səbəblərini bir az dəyişdirib ki ayıbdır, rüsvayçılıq olmasın, dünyada bizə gülməsinlər. Amma hər halda biz özümüz gözümüzlə gördüyümüzü necə unuda bilərik?

Ötən həftə maraqlı bir mənzərənin şahidi oldum. Küçə ilə tək gedən yarıçılpaq qıza ilişmək yarışında bir-birinə güzəştə getməyən iki qaqaş əvvəl türmə jarqonu ilə sözləşib, sonra qaydasız döyüşə başladılar. Bunlar al-qana qərq olduqları vaxtda həmin qız qulağında nauşnik dingildəyə-dingildəyə, daha doğrusu “səkkiz yaza-yaza” yoluna davam edirdi...

Belə misalları çox gətirə bilərəm, amma başınızı niyə ağrıdım ki? Qısası, dediyim odur ki, qızlar, qadınlar bir az ehtiyatlı olsunlar, normal paltar geyinsinlər əyinlərinə. Başa düşürük, yaydır, istidir. Amma bir günahsız insanları da nəzərə alın. Vallah indiki zamanda ölmək yaşamaqdan bahalıdır.

Həm də bu istilər təkcə sizə təsir etmir ki? Bəs biz kişilər niyə lüt-üryan küçəyə çıxmırıq? Biz başa düşürük, indi parça bahadır, çox xanımlarımız imkansızlıq ucbatından az parça ala bilirlər. Yazıq dərzi də neyləsin, bundan ancaq mini-yubka çıxa bilər.

Dükanlarda da “mini”lər uzun yubkalardan, şəffaf kalqotkalar, 15 sm-lik şortiklər normal şalvarlardan ucuzdur. Ona görə də, imkansız xanımları anlamaq olar, pulları çatmır tam geyim almağa. Yaxşı, bəs varlı-hallı xanımların yarıçılpaq vəziyyətdə şəhərə çıxmasına nə deyirsiniz?

Soruşmaq ayıb olmasın, niyə kimsə durduğu, ya da oturduğu yerdə naməlum dünyaya yollanmalıdır? Bəlkə birinin ailəsinin heç pulu və ya satmağa evi yoxdur ölü mərasimlərini və digər xərcləri ödəməyə?

Dediyim odur ki, əhəmiyyətsiz bir hal kimi görünən bu vəziyyət ciddi problemlər yaradır. Mən hələ bəzi məsələlərə- zorlamaların və təhlükəli xəstəliklərə yoluxmanın artmasında belə geyimlərin rolu və sair bu qəbildən olanlara - toxunmadım.

Tak çto, əziz xanımlar, hoqqa çıxarmayın. Bəşəriyyət bu qədər böyük inkişaf yolu keçib, yenidən ibtidai icma quruluşuna qayıtmaq lazım deyil.

Digər xəbərlər