PDF Oxu

Köşə

  • 3 911

Çimərlikmi, zibillikmi, anlamadım... KÖŞƏ

image

Şəhərimizdə yayın qızmar günlərindən xilas dəniz və çimərliklərdədir. Elə ki, yayın ortası gəlib çıxdı, ta havanın istisinə dözmək mümkün olmadı, insanlar üz tutur çimərliklərə. Dəniz və çimərlik həm sağlamlığımıza, həm də istirahətimizə xidmət edir. Bunu hər kəs şüurlu şəkildə anlayır. Bəs belə isə çimərliklərin təmizliyinə necə, riayət edə bilirikmi?

Bu günlər Bilgəh çimərliyində gördüyüm mənzərələr heç də insanların buradan səmərəli istifadə etdiklərindən söhbət açmırdı. Ətrafdakı zibilliklər hərdən buranın çimərlik olduğunu unutdururdu. Elə ətrafı seyr etdikcə də düşünürdüm ki, insanlar görəsən nə üçün təbiətə, gözəlliklərə bu qədər düşmən kəsilib? Haraya gediriksə, oranı vuran edib qayıdırıq. Hansı ki, təbiət bizim ən gözəl istirahət yerimizdir. Lakin bizim ona münasibətimiz əsl düşmən münasibətidir.

Meşəyə getsək, orada, bağa getsək, orada, dağa, getsək, orada, çimərliyə getsək, orada elə bir “iz” qoyuruq ki, bizdən sonra gələnlər həmin “mənzərələrə” baxmaqdan doymur.

Elə Bilgəh çimərliyi kimi... İnsaf üçün deyək ki, ətrafda istirahət üçün müəyyən şərait yaradılıb. Yaxın məsafələrdə tullantı qabları qoyulub. Lakin tullantıları bu qabların içərisinə atanlar yəqin ki, çox az saydadır ki, onlar qabların içərisində deyil, ətrafdadır.

Çimərliyə aparan yoldakı pilləkənlərin ətrafını gözlülər olsun, görməsin. Baxdıqca belə qənaətə gəlmək olur ki, keçənlər buraya nə isə bir tullantı atmadan getməyiblər. Bu səbəbdən də burada qalaq-qalaq zibilliklər yaranıb. Bu zibilliklər isə ətrafdakı ağacların qurumasına səbəb olub. Və o da maraqlıdır ki, hansısa aid təşkilatın bu zibillikdən yəni heç xəbəri yoxdurmu?

Adam baxdıqca, ürək ağrısı keçirir. Burada digər ölkələrdəki istirahət yerlərindəki kimi nə şəkil, nə də video çəkmək mümkün deyil. Çünki telefonu hansı səmtə çevirirsən çevir, çirkab kameraya yaxalanır və elə bir görüntü yaradır ki, çəkməyə peşman olursan.

Pilləkənin zibillik olan sağ və sol tərəfinin üfunətindən isə burada baş çatlayır. Bu, hələ çimərliyə aparan yoldur. Çimərliyin özündə isə vəziyyət heç də buradan geri qalmır. Çünki insanlar tullantıları özlərinə əziyyət verib bir qədər aralıdakı qablara atmır. Yer-yurd, ətraf zir-zibil, tullantıdır. Gözünün qarşısındaca yeyib, qabığını ayaqlarının altına atan, bundan əsla xəcalət çəkməyən insanlar var...

Turizmin inkişafı üçün dövlətimiz tərəfindən bir-birinin ardınca tədbirlər həyata keçirilir. Lakin aid təşkilatlar öz üzərinə düşən vəzifələrin nədən ibarət olduğunu dərk edirlərmi? Çimərliyə apardığımız qonaqlara və bura üz tutan turistlərə istirahətdən çox, zibillikləri təqdim etməyimizin fərqindəyikmi?

Düşünürəm ki, bu barədə əsla düşünən yoxdur. Nə biz özümüzdən utanıb ətrafı zibilləməkdən çəkinirik, nə qonaqlarımızdan utanırıq, nə də ki, aid təşkilatlar vəzifələrinin bu cür icrasından utanırlar. Turistləri isə əsla düşünən yoxdur ki, onlar gəlib burada hansı mənzərə ilə qarşılaşırlar. Sadaladıqlarımızdan tək birini dərk etsək, inanıram ki, özümüzü tərbiyə də edə bilərik. Lakin hələlik gördüyümüz mənzərələr bunların heç biri haqqında düşünmədiyimizin göstəricisidir.

Dünyada ölkələr var ki, əhalisi su qıtlığından olmazın müsibətləri ilə qarşılaşır. İçməli su bir yana, məişət üçün suyu kilometrlərlə kənardan daşıyıb gətirirlər. Biz isə əlimizin uzandığı qədər məsafədə olan bu təbiət gözəli dənizin qədrini bilmirik, təbiətə zərərdir ki, vururuq. Deməli, biz çox halda bu gözəllikləri haqq etmirik. Bu barədə düşünsək, pis olmaz.

Mətanət Məmmədova

Digər xəbərlər