PDF Oxu

Köşə

  • 6 624

Teleterror əməliyyatı – KÜNCDƏN BAXIŞ

image

Elçin Bayramlı

Bu gün Azərbaycan teleməkanında yaranmış vəziyyətin acınacaqlı olduğu faktı açıq ortadadır. Televiziyanın əsas funksiyalarından getdikcə uzaqlaşmaqda olan kommersiya telekanalları bayağı və şit “xörəkləri”, şit və yalançı reklamları, əxlaqsızlığı təbliğ edən “sabun operaları”- teleserialları, adi əxlaq normaların pozulduğu şouları, restoran mətbəxinə döndərilmiş verilişləri və digər səviyyəsiz proqramları ilə tamaşaçını əsəb xəstəliyinə düçar etməyi qarşısına məqsəd qoymuş kimi görünür.

Diletantların hakim olduğu teleradio efirində proqram şəbəkəsi elə tərtib olunur ki, sanki, tamaşaçı auditoriyası tamamilə meşşan, kütbeyin, qeybətdən və “sabun operaları”ndan ötrü sinov gedən adamlardan ibarətdir.

Əksər tamaşaçılar isə bunun heç də belə olmadığını qeyri-efir vasitəsilə əyani sürətlə nümayiş etdiriblər. Artıq, tamaşaçıların çoxu Rusiya və Türkiyə kanallarını izləyir. Xüsusilə də, intellektual auditoriya yerli tele ve radio kanallara baxmır. Ucuz şouları, keyfiyyətsiz proqramları, bərbad tərcümə olunmuş filmləri, savadsızlığı efirdən aşkar bilinən aparıcıların verilişlərinə niyə baxsınlar ki?

Beləliklə, bizim tamaşaçı kontingenti yad ölkələrin ideoloji telemərkəzlərinə təslim edilib və mədəni assimilyasiyaya məruz qalır. Vəziyyət o həddə gəlib çatıb ki, normal danışıq və elementar davranış qaydalarına yiyələnməyə “vaxt tapmayan” adamlar efirdən xalqa ağıl öyrədir. Milli-mənəvi dəyərləri və “lazımsız” əxlaq kriteriyalarını lağa qoyanlar cəmiyyətə nümunə göstərilir.

Bu telekanallar cəmiyyətə bütün mənfilikləri müsbət kimi təqdim etməklə nəyə nail olmaq istəyir- şəxsən mənə aydın deyil. Gizli reklamların sayı-hesabı bilinmir, bəzilərinin dediyi kimi reklamların arasında hərdən veriliş də verirlər. Qanunları pozmağın üstünlüyü, zərərli vərdişlərin lazımlılığı, ailədaxili münaqişələrin, boşanmaların təbliği, qətl və zorlama kimi ağır cinayətlərin bütün detalları ilə nümayiş və təsvir edilməsi nəyə xidmət edir, maraqlıdır.

Maraqlı məsələlərdən biri də ondan ibarətdir ki, hansısa fırıldaqçı qruplaşmanın üzvləri bu televiziya menecerlərinin ağlına yerləşdirib ki, guya tamaşaçıların çoxu şou verilişlərə baxır. Hələ üstəlik, özlərini reytinq agentliyi adlandıran bəzi fırıldaqçı işbazlar tərəfindən reytinq cədvəlləri də düzəldilir. Bu reytinq cədvəllərinin yalan-palandan başqa bir şey olmadığı normal adam üçün aydın məsələdir.

Beləliklə, özəl televiziyalar cəmiyyətin mənəvi tələbatını və ictimai maraqları bir kənara ataraq, bütün qanun, qayda və normaları kobud surətdə pozurlar. Bəs tamaşaçıya hörmətsizlik tendensiyası nədən qaynaqlanır? Səviyyəsiz proqram siyasətinin səbəbləri nədədir?

Birincisi odur ki, şit, mənasız hay-küy, qeybət və tərbiyəsizliklə müşayiət olunan şoularda reklamla külli miqdarda pul qazanırlar. Belə verilişlər əsasən bəzi aşağı təhsili ev xanımlarına və yelbeyin gənclər kateqoriyasına ünvanlanıb.

İkincisi ondan ibarətdir ki, ciddi elmi-intellektual, sosial-iqtisadi, hərbi-vətənpərvərlik və digər verilişlərdən fərqli olaraq bu verilişlər (şou, əyləncə) nə çoxlu maliyyə, nə də peşəkar mütəxəssislər tələb etmir.

Üçüncüsü isə, peşəkarlardan və savadlı kadrlardan fərqli olaraq diletantlar ucuz işçi qüvvəsidirlər və onları “beş-üç” manat maaş verməklə istismar etmək asandır. Savadsız müğənnilərə isə nəinki maaş vermək lazım gəlmir, əksinə onlar özləri pul ödəyirlər veriliş açmaq üçün.

Beləliklə, TV-lərə doluşan savadsız, zövqsüz, dünyagörüşü olmayan adamlar tamaşaçıları öz səviyyələrinə salmağa çalışırlar. Bunu çox vaxt qəsdən etmirlər, sadəcə peşəkarlıq və bilik səviyyəsi oradək çatır. Amma ədalət naminə deyək ki, bu prosesi bilərəkdən və müəyyən dairələrdən təlimat alaraq yerinə yetirən “peşəkarlar” da var.

Bu məsələlərlə bağlı dəfələrlə ən yüksək səviyələrdə ciddi iradlar tutulsa da, televiziyalar “içlərinə bir şey qoymayıblar”. Ölkə prezidenti, yüksək rütbəli dövlət məmurları, media ekspertləri, nüfuzlu ictimai xadimlər dəfələrlə yerli TV-lərdəki proqram və kadr siyasətini sərt tənqid ediblər.

Bu proses 30 ilə yaxındır davam edir, aidiyyatı orqanlar hərdən tövsiyyə filan verir, amma vecinə alan kimdir? TV-lər ciddi və səviyyəli proqramlar yaratmaq əvəzinə getdikcə biabırçı verilişləri artırırlar. Cəmiyyətə qarşı teleterror davam edir...

Digər xəbərlər