Bu gün siqaretin bahalaşması ilə əlaqədar yayılan məlumata əsasən, onlardan bəzilərinin 10, bəzilərinin isə 20 qəpik bahalaşması fonunda söyləmək olar ki, Ulu Yaradan hər kəsi sağlam yaradıb dünyaya bəxş edir. Bəs biz necə, bu sağlamlığı ömrümüz boyu qoruyub saxlaya bilirikmi? Əlbəttə, xeyr. Yaradılış formamıza uyğun olmayan qidalarla qidalanırıq, orqanizmimiz üçün hesablanmayan vərdişlərə başlayırıq. Lakin əsla bunları “olmaz” deyə qəbul etmirik. Düşünürük ki, biz ən doğrusunu edirik, bunlar bax, elə belə də olmalıdır.
Çox sevdiyimiz bir tamaşada çox sevdiyimiz aktyorun ifasında səsləndirilən mahnının “papirosum yana-yana, od saldı şirin cana” sözləri hər dəfə bizi nə qədər güldürürsə, siqaret çəkənlərin içinə düşən od o qədər narahat edir. O od ki, bəzən dəb xətrinə, bəzən böyüdüyümuzü göstərmək, bəzən alışqanlıq, bəzən dostdan geri qalmamaq, bəzən özünü kişi hesab etmək, bəzən mühitin “ərməğanı”, bəzən bir dəfə dadına baxmaqla içimizə düşür və ömürlük yol yoldaşımız olub bizi elə yandırır ki, bir də baxırıq ki, bir ovuc küldən başqa heç nəyimiz qalmayıb.
Siqaret çəkməyin zərərləri haqqında illərdir ki, bütün mətbuat orqanları, səhiyyə, həkimlər, ağsaqqallar bar-bar bağırsalar da, lakin nədənsə onların sözlərini dinləyən yoxdur. Görünür bu, elə bir alışqanlıqdır ki, ona nə ictimai qınaq təsir edir, nə maarifləndirmə kar salır, nə ağsaqqal sözü keçir, nə də həkim məsləhəti. Nəticə isə bu olur ki, dünyada hər il milyonlarla insan siqaret zəhərinin qurbanı olur.
Hesablamalara görə, tütünün törətdiyi xəstəliklər nəticəsində hazırda dünyada hər il 8 milyondan artıq insan ölür. Onların 1 milyonu ətrafa yayılan tütün tüstüsü ilə nəfəs alan passiv tütün çəkənlərdir.
XX əsrdə tütün epidemiyası bütün dünyada 100 milyon insanın həyatına son qoyduğu halda, XXI əsrdə tütündən 1 milyard insanın ölümü gözlənilir. Çünki tütün ağ ciyər və ürək-damar, həmçinin bronxial xərçəng, xroniki bronxit, emfizema və bir çox xəstəliklərin səbəbkarıdır.
Budur, siqaretin qiyməti yenə də bahalaşdı. Lakin gəlin görək bu, siqaret çəkənlərin sayına təsir edəcəkmi? Birincisi, hər gün bir qutu siqaret çəkənlər var ki, buna görə ya 10, ya da 20 qəpik artıq xərcləməli olacaqlar. Bu da ay ərzində 3-6 manat arasında dəyişir. Siqaret çəkələr 6-7 aydan bir olan bu artımı yəqin ki, nəzərə almırlar, düşünürlər ki, əşi, 10, 20 qəpik nədir ki? Siqaretdən əsla vaz keçmək olmaz. Qiyməti artsa da, nə etməli, almalıyıq...
Beləliklə də son iki ilin statistik hesabatında rəqəmlər bir qədər artıb-azalsa da, lakin elə bir fərqli rəqəm müşahidə olunmur. 15-19 və 65 yaşdan yuxarı bütün yaş qruplarında kifayət qədər siqaret çəkən var. Buradan da o qənaətə gəlmək olur ki, bu qədər maarifləndirmə, bu qədər mübarizə qarşısında hələ də insan qəflət yuxusundan oyanıb sağlamlığının qeydinə qalmaq fikrində deyil. Məlumata görə, Azərbaycanda hər il 15 min nəfər tütün və onun yaratdığı müxtəlif xəstəliklərdən dünyasını dəyişir.
Siqaret çəkən hər kəs tək özünü deyil, ailəsini, iş, yol yoldaşını, qonşusunu, qohumunu, dostunu, xüsusilə də övladını düşünməlidir. O zaman papirosunu yandıranda özünün də, onların da sağlamlığının tüstüləndiyini dərk edər. Və bəlkə bu an siqaretin zərəri də, qiyməti də onu yandıra...
Mətanət Məmmədova