Yayın cırhacırıdır? Hava çox istidir? Hamı gileylənir? Canını qoymağa yer tapmır? Hara gedəcəyini bilmir? Bizə nə? Bizdə ki, belə deyil. Deyəndə ki, bir az əməli saleh adam olun, bəziləri az qalırlar adamın başını yarsınlar ki, niyə, bizə nə olub ki?.. O olub ki, budur ey, istidən ölürsünüz, canınızı qoymağa bir yer tapa bilmirsiniz.Lakin bizdə belə deyil axı. Allah-təalanın sevdiyi insanlardanıq. Ona görə də bizə fərqli tale yazıb. İstidir, hə, nə olsun ki? Bu istini ki, biz hiss etmirik... Yağışdır ki, yağır. Ha isti olsun: bir yandan istiləyirik, bir yandan da sərinləyirik.Allah köməkləri olsun, ən ağıllı insanlar Bakı şəhərində yaşayır. Deyir, çətin günün qeydinə gərək yaxşı günlərdə qalasan. Bu deyim də elə bax, bizdən yana yaranıb. Yaxşı günlərimizdə, yəni ev alıb təmirə başlayanda düşünə bilmişik ki, qarşıda çətin günlər ola bilər. Biz də bu çətin günlərə elə hazırlıq görmüşük ki, həmin çətin gün yetişən kimi öhdəsindən gəlirik.Məsələn, bunlardan təkcə birini deyəcəm. Çünki söyləyəcəyim o bir günümüz üçün o qədər aktualdır ki, ta deyə bilmərəm. Havanın istisi 40 dərəcəni aşıb da, bilirsiniz. Günlərdir ki, əksər ölkələr od tutub yanır. Dünya istidən bişir. Biz bu istini hiss etmirik. O səbəbdən ki, bizdə isti olsa da, amma yağış da ara vermir. Hər gün yağır, küçədə adama elə sərinlik bəxş edir ki, deyirsən, İlahi, cənnətdəyəm ki...Bu yağışı bəxş edənə min alqış, iki min alqış... Heç istəməzdim deyəm, çünki gəlib bizdən öyrənib sonra öz adlarına çıxacaqlar. Lakin deməyəndə də olmur axı. Onsuz da bu, bir tərəfdən bilinəcək, oğrular da gedib öz ölkə-şəhərlərində tətbiq edəcək, adı da olacaq onların. Deməli, məsələ belədir ki, bizdə yaxşı ustalar var. Evləri təmir edəndə elə məsləhətlər verirlər ki, çətin günə hazırlıq xarakteri daşıyır. Məsələn, deyirlər ki, kondisioner üçün kanalizasiya xəttinə heç bir halda ehtiyac yoxdur. Hələ durub neçə metr boru almalısan, onu evin içindən keçirib balkona aparmalısan, kondisionerə birləşdirməlisən. Buna nə ehtiyac var ki?.. Sudur da, Allahın suyu, guya bu su axıb yerə töküləndə nə olacaq ki? Bir ovuc sudur da... Guya bu su 24-cü, 25-ci mərtəbədən ətrafa yayılanda nə olacaq ki? Sudur da, elə bil yağışdır, yağır. Elə bil, yağışdır, yox, elə əsl yağışdır. İsti küçələrlə addımlayırsan, bir də baxırsan ki, üzünə su çilənir. Elə xoş gəlir, elə sərinləyirsən ki... Deyirsən istəyir havanın temperaturu 40-ı keçsin və ya 50-ni , nə fərqi var?.. Bizim şəhər ki, həmişə yağışlıdır...Aşağı mərtəbələrdə isə bu kondisionerlərin suyu küçələrə axıdılır. Hə, nə olsun, əvvəllər küçələrə su səpmirdik ki, yar gələndə toz olmasın? Son vaxtlar bu adətimizi unutmuşduq. Sağ olsun ev sahibləri də, ustalar da. Ona görə sağ olsunlar ki, həm köhnə adətimizi yeniləyirlər, həm də isti havaya sərinlik qatırlar. Aşağı mərtəbələrin küçəyə axan suyu düzdür, yağış olub başımıza yağmasa da, ayaqlarımıza təmas edərək canımıza sərinlik bəxş edir. Necə? Belə ki, küçədəki dekorativ daşların altına dolur, onlara nəmlik bəxş edir, belə olanda onlar da yerlərindən azacıq şəkildə ayrılmış olurlar, sən də ayağını qoyanda altındakı su şappıltı ilə ayaqlarına səpələnir. Bu da olur yayın isti günlərində sərinləmənin bir növü.Halal olsun bizim şəhərin kondisioner üçün kanalizasiyaya ehtiyac duymayan sakinlərinə. Sonra da deyirlər, Azərbaycanda ta ixtira-filan olmur, bunlar ötən əsrlərdə qalıb. Ağıllı adamlar da ötən əsrlərdə yaşayıb. Bəs bu, ixtira deyil, nədir? Yaxşı, qoy, dünyanın başqa ölkələrində də bu, bir nəfərin ağlına gəlsin də. Görürsünüz, biz nə qədər ağıllı, yenilikçiyik? Həm də yeni əsrimizdə... Nə gözəl yağış yağır... Yayın isti günlərində küçələrdə başına ələnən su damlaları, yerdən ayaqlarına təmas edən qəfləti su sıçramaları ilə sərinləyən şəhər sakinləri hər dəfə bunu hiss edəndə “nə gözəl yağış yağır”,- deyirlər. Və sevinirlər ki, məhz bu şəhərdə yaşayırlar.Həqiqətən də bu şəhərdə yaşamaq necə də gözəldir... Yayı bir başqa gözəl, qışı bir başqa gözəl olan şəhər, sən həmişə gözəlsən. Qədirbilən sakinlərinlə, ixtiraçı, yenilikçi usta-sənətkarlarınla sən hər fəsildə gözəlsən...
Mətanət Məmmədova