PDF Oxu

Köşə

  • 6 422

Tüstülü intiharlar - KÜNCDƏN BAXIŞ

image

Bu məsələ başı siyasətə və şou-biznesə qarışan televiziya və mətbuatın diqqət xaricindədir. Media siqaretdən qazanılmış xəstəliklərin müalicəsini həyata keçirən tibb mərkəzlərinin və dərman preparatlarının reklamından daha çox qazanır.

Bu gün dünyada 1,5 milyarddan çox insan siqaret çəkir. Ümumdünya Səhiyyə Təşkilatının verdiyi məlumata görə, narkotik və siqaretdən istifadədən ölüm hadisələrinin sayı 3-cü yerdə qərarlaşır. Ötən il tütün məmulatlarından istifadə 6 milyondan artıq insanın həyatına son qoyub. 2020-ci ildə isə, bu rəqəmin 2 dəfə artacağı gözlənilir.

Statistik məlumatlar Azərbaycan əhalisinin siqaret çəkməkdə dünya ölkələrinin çoxundan irəlidə olduğunu göstərir. Təqdiqatlara görə, ölkədə hər 10 nəfərdən 2-si siqaret çəkən hesab olunur.

Beləliklə də, ümumilikdə 1 milyona yaxın nəfərdən artıq vətəndaşımızın canına ziyan vurduğu ortaya çıxır. Təəssüfedici haldır ki, siqaret çəkən yeniyetmələrin və qadınların sayı getdikcə artır. Üstəlik, son vaxtlar sulu qəlyan çəkmə sürətlə dəbə minib ki, bu da siqaretdən dəfələrlə təhlükəlidir.

Tütün tüstüsünün bir qullabında 3000-dən artıq kimyəvi maddə var. Onların bir hissəsi zəhərli olur, digər hissəsi isə orqanizmdə toxuma səviyyəsində dəyişikliklər edir. Ən dağıdıcı təsiri isə qətran göstərir. Qətranın 70 faizi ağciyərlərə toplaşır. Nəticədə xərçəng və vərəm xəstəliyi yaranır.

Karbon monooksid (CO) isə siqaretin yanması prosesində daim yaranan qazdır. CO qanda oksigen dövranını pozur. Siqaret çəkənlərdə tez-tez rast gəlinən təngnəfəslik də CO-nun zərərli təsirindəndir. Amma siqaretə aludəçiliyi məhz nikotin yaradır. Nikotin alkoqol və kokain qədər güclü təsirə malikdir və asılılıq yaradan maddədir.

Tütün ağ ciyərlərdə xərçəng xəstəliyinin yaranmasının əsas səbəbkarı hesab edilir. Siqaret çəkmək habelə, ürək xəstəlikləri, iflic və xərçəng xəstəliklərinin digər formalarının yaranmasına gətirib çıxarır.

Amerika Xərçəng Cəmiyyətinin məlumatına görə, ağ ciyərdə xərçəng xəstəliyinin yaranmasına 87 faiz siqaret çəkmək səbəb olur. Tütün tüstüsündəki 43 komponent xərçəngin yaranmasına gətirib çıxarır.

Siqaret çəkən adamlarda rast gəlinən dəhşətli xəstəliklərə siqaret çəkməyən adamlarda da rast gəlinir ki, bu da onların siqaret çəkilən otaqda nəfəs alması ilə bağlıdır. Çünki, çəkilən hər siqaretin 25 %-i onu çəkənin orqanizminə hopursa, 50%-i nəfəs alınan havada qalır və tənəffüs zamanı həmin yerdə olanların ciyərlərinə yol tapır. Digər 25% isə yanıb kül olur.

Artıq bir çox ölkələrdə siqaretçəkməyə qarşı mübarizə gücləndirilir, ictimai, xüsusən də qapalı məkanlardan siqaret çəkilməsi qadagan edilir. Hətta bəzi ölkələrdə dövlət vətəndaşlara siqareti tərgitmək üçün dərman və digər vasitələrlə pulsuz yardım göstərir.

Azərbaycanda da qapalı yerlərdə siqaret çəkmək qadağan edilib. Lakin bizdə bunun zərəri hələ tam dərk olunmur. Hətta, körpə uşaqların olduğu evdə siqaret çəkilməsi halları geniş yayılıb.

Tütün istehsalı və satışına məhdudiyyət qoyulması başqa ABŞ olmaqla bir çox dövlətlərin və transmilli şirkətlərin maraqlarına ziddir. Siqaret satışı illik 250 milyard dollardan artıq gəlir gətirir və tütün şirkətləri getdikcə böyüyür. Ancaq bu iqtisadi artım bəşəriyyətin rifahına xidmət etmir.

Bu məsələ ilə bağlı dövlət səviyyəsində mübarizə aparılmalıdır. Bir çox ölkələrdə olduğu kimi bizdə də, dövlət siqareti tərgitmək istəyən vətəndaşlara bu işdə kömək etməlidir. Çünki, bunun nəticəsində milyonlarla vətəndaşımızı yüzlərlə təhlükəli xəstəlikdən xilas etmək, sağlam cəmiyyət yaratmaq olar.

Digər xəbərlər