PDF Oxu

Köşə

  • 3 009

Qafqazın “Yelena”sı... KÖŞƏ

image

Son aylarda Azərbaycanın Qarabağ bölgəsində və Ermənistan adlanan layihə-dövlətlə şərti sərhədlərdə baş verənlər, bu baş verənlərin kontekstində dünyanın bəzi güclərinin sərgilədikləri mövqeyi müşahidə edir, düşünür, təhlil edir, dünya tarixində buna bənzər bir hadisənin olub-olmadığını saf-çürük etməyə çalışıram. Saf-çürüyün sonunda adekvat bir olayı, ya da qədim bir yazarın təxəyyülünün məhsulunu tapa bildim. Eramızdan 1200 il əvvəl, yəni günümüzdən 3200 il əvvəl buna bənzər hadisə qədim Troyada ya baş verib, ya da baş verdiyi haqqında Homer adlı bir yazar poema yazıb. Xatırlayırsınızmı, məşhur Troya müharibəsinin səbəbi nə idi? Sparta hökmdarı Menelayın Yelena adlı xanımını Troya hökmdarı Priamın oğlu Paris götürüb qaçırdır Troyaya. Və troyalıların bu hərəkətini qeyrətinə sığışdırmayan Menelay troyalılara güc gələ bilmədiyini anlayıb, dövrün ən böyük qəhramanı Axillesi köməyə çağırır. Sonda da Axillesin hazırlatdığı məşhur Troya atının sayəsində Troyanı məğlub edir. Poemada çox hadisələr baş verir. Zevsdən Afroditaya qədər bütün personajlardan danışmağa ehtiyac görmürəm. Yuxarıdakıları da ona görə sadaladım ki, aparacağım bənzərlik müqayisəsində həmin personajlara ehtiyac olacaq. İndi bir anlıq təsəvvür edin ki, qədim türklərin yurdu olan Qarabağda yaşayan haylar Yelenadır. Bu “Yelena”nı qeyri-rəsmi Ermənistan adlanan bir layihə dövlət saxlayır. Azərbaycanın ərazisində yaşayan bu Yelenanı ermənilər özləri saxlaya bilmir (necə saxlasınlar ki, onların özlərini o-bu saxlayır – T.N.) və gah şimala yalvarır, gah qərbə, hərdən də çənuba ki, arvadlarını kimsə saxlasın. Zatən, bizim ərazidə yaşadıqlarına görə, deyə bilərik ki, xon-dığa, onun-bunun saxlayacağı arvadını bu ərazidən çıxart, apar, öz evində kim saxlayır, gəlib saxlasın. Amma biz insanlıq eləyib dedik ki, cəhənnəm, indiyə kimi onu kimlər saxlayıb, saxlayıb. Daha bundan sonra ağlını yığsın başına, ərindən (Yəni Ermənistan adlanan xiyardan -T.N.) boşansın, qaxılıb dinməzcə otursun yerində, biz də onun suyunu-çörəyini verərik. Di gəl ki, nə “Yelena” oynaşsız dayana bilmir, nə də ona ər olan dığalar dəstəsi onun hesabına qazancından vaz keçə bilmir. Əslində, “Yelena”nı biz qaçırmamışıq axı, ruslar iki yüz il bundan əvvəl o biri kişilərin əlindən alıb gətirib bizim yanımıza. İndi ruslar bizə etibar ediblər də... Bilirlər ki, bizdə əmanətə xəyanət olmaz! Bir müddət adam balası kimi qulluğumuzda dursalar da, sonradan özlərinə tapdıqları Parisə necə vuruldularsa, Paris hara fısqırtdısa, ora da cumdular. Sonra “Yelena”nın əri, yəni dığalar ölkəsi gördü ki, arvadını saxlaya bilmir, üz tutdu indiki dünyamızın Axillesi olan Amerikaya. Elə bildilər ki, “Axilles” gəlib omların arvadlarını tapıb, alıb verəcək özlərinə. Amma haradan? Axilles o Axilles deyil, zaman da o zaman deyil. Gözünə döndüyüm “Axilles” gördu ki, dığalar nə edəcəklərini bilmirlər, bundan istifadə etməyə qərar verdilər. Bir müddət Azərbaycana dedilər ki, “Yelena”nı azad burax, gördülər yox, “Yelena” deyir ki, mən buradan o zaman ayrılaram ki, mülkü də versinlər özümlə aparım. Azərbaycan da sağ və sol əllərinin baş barmağını soxdu orta və şəhadət barmaqlarının arasına tuşladı birin dığalara, birin də “Yelena”ya.
Xülasə, hələ də baş barmaq elə ordadı, tuşlanıb da hər iki tərəfə, amma “Yelena”nın əri deyir ki, yox, gərək arvadımızı mülküylə bərabər verəsiniz bizə.
Axilles orada qalıb neyniyim-necə eliyimdə, “Yelena” burada qalıb ərsiz (Öyrənmişin dözməsi də çətin olur axı!..-T.N.), dığalar da orada arvadlarını qurtarmağa kişilər axtarmaqda davam edir. Bilirlər ki, Parisdə kişilik yoxdu, ona görə onunla məzələnirlər ki, unudulmasınlar. Orda “Yelena”nı Parisə söz verirlər, o biri tərəfdə Axillesə, bu yanda iki yüz ildi “Yelena”nı saxlayan İvandan qorxurlar deyə, onlara “hə, hı” eləyirlər. Bizimkilər “Yelena”ya yemək gətirirlər ki, yazıqdı, nə qələt eləyibsə də, acından ölməsin, deyirlər yox, biz kişiyik (Ha...ha...ha... - T.N.), ölərik sizin çörəyinizi ona yedirtmərik.
İndi əlac qalıb Troya atına. Homer yazıb ki, o məşhur taxta atı Axilles düzəltdirib, amma 3200 il sonra indiki “Yelena”nı xilas etmək üçün güc, yəni Troya atını hazırlamaq gücünü nəzərdə tuturam, bizə düşəcək. Çünki mülk də bizimdi, mülkiyyət də, məmləkət də. Bu atı hazırlamaq da, “Yelena”nı dünyanın zorba-zorba kişilərinin əlindən almaq missiyası da bizim boynumuza düşür. Allah güc versin!

Təhmasib Novruzov

Digər xəbərlər