PDF Oxu

Köşə

  • 8 869

"Əli aşı"ndan da, "Vəli aşı"ndan da... KÖŞƏ

image

Deməli, bu gün Tiktok sosial şəbəkəsində Cəlilabaddan olan bir kişinin paylaşdığı video ilə qarşılaşdıq. Söhbət rayon əhalinin sosial müdafiəsi mərkəzi tərəfindən özünüməşğulluq proqramı çərçivəsində bu kişiyə verilən 3-4 qoyunun vəziyyətindən gedir. Kişinin çəkdiyi videoda görünür ki, 2 qoyun özlərini güclə darta-darta irəliləyir, ikisi də ölüb qalıb maşının yanında. Kişi gileylənir ki, baxın, hər biri 400 manata sənədləşdirilən qoyunların halına baxın.

Həqiqətən də videoya tamaşa edərkən qoyunların vəziyyəti açıq-aydın görünür. Düşünürsən ki, yox, bu qoyunlar bu kişinin məşğulluğuna yarayası deyil. Əsla.

Görəsən bəs niyə? Nə üçün özünüməşğulluq proqramını həyata keçirənlər Cəlilabad sakininin məşğulluğu üçün bu xəstə qoyunları rəva görüblər? Axı ona qoyun verməklə özünüməşğulluğunu təmin etmək istəyiblər. Özünüməşğulluq üçün isə vətəndaşa hər hansı bir mal-heyvanın, əşyanın verilməsi onun digər sosial yardımdan uzaqlaşması deməkdir.

Əslində, bu proqram çox gözəl proqramdır. Biri var ki, dövlətdən müəyyən məbləğ çərçivəsində ünvanlı sosial yardım alasan, biri də var ki, özün qazanasan. Üstəlik işini yaxşı qura biləndə, yaxşı qazananda, gəlirin ünvanlı sosial yardımdan qat-qat çox ola bilir.

Lakin bu qoyunları görəndə bir anlığa bilmədik ki, gülək, yoxsa ağlayaq. Yazıq kişi bu qoyunlarla hansı işi qura, məşğulluq sahəsi yarada bilər ki?..

Qoyunlar heç evə çatmamış ikisi yolda ölmüş, qalan ikisi isə elə halsızcasına yeriyirdi ki, ya gələn il bu vaxta qədər mənzilbaşına çatarlar, ya da elə bu günlərdə o biri “yoldaşlarının” yanına gedərlər.

Kişinin isə əlləri boş qaldı. Necə deyərlər, “Əli aşı”ndan da oldu, “Vəli aşı”ndan da. “Əli aşı”ndan ona görə oldu ki, var idisə, əvvəlki sosial yardımı əlindən çıxdı. “Vəli aşı”ndan da ona görə oldu ki, budur, qoyunlar göz qarşısındadır.

Yazıq kişi gileylənməsin, bəs nə etsin?

Görəsən, bu qoyunları bu kişiyə rəva bilən qurumda necə, heç onların vəziyyətini görmək istəyən bircə nəfər də tapılmayıb? Yoxsa, özünüməşğulluq proqramı həyata keçiririk,- deyə, necə deyərlər, plan doldurmaqdır məqsəd.

Əvvəllər işlədiyim rayonda da dəfələrlə bu cür hadisə ilə rastlaşmışdım. İnsanlar şikayətə gəlirdilər ki, dünən özünüməşğulluq üçün verilən inək gecə tövlədə murdar olub. Yaxud da verilən qoyun 3 gün sonra ölüb. İnək heç nə yemir. Belə getsə, ölüb gedəcək.

Maraqlıdır, məgər bu mal-heyvan vətəndaşa verilərkən, baytar həkimləri tərəfindən müayinədən keçirilmir? Keçirilirsə, gəlsin o baytar həkimlər cavab versin. Yox, əgər heç bu barədə baytar həkimlərə müraciət olunmursa, onda aid qurum cavab versin, camaat da bilsin ki, bu heyvanlar haradan, hansı qiymətə alınır və əhaliyə özünüməşğulluq məqsədilə verilir...

Bu proqramın icrası ilə əlaqədar dövlətimiz tərəfindən minlərlə manat dəyərində vəsait ayrılır. Belə isə bu xəstə, ölümcül, işə yaramayan, insanın məşğulluğuna deyil, sosial imtiyazını da itirməsinə səbəb qoyunlar haradan alınıb vətəndaşa verilir? Bu sualın cavabını eşitmək maraqlıdır, deyilmi?...

Mətanət Məmmədova

Digər xəbərlər