PDF Oxu

Köşə

  • 4 641

Pullu yolla, yoxsa pulsuz yolla gedək? – KÜNCDƏN BAXIŞ

image

Elçin Bayramlı

Bir neçə gün öncə Nazirlər Kabineti Bakı-Quba-Rusiya yolunun bir hissəsinin ödənişli olması barədə qərar qəbul edib. Qərara əsasən, Bakı–Quba–Rusiya sərhədi yeni avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 fevral tarixli 3692 nömrəli Sərəncamına əsasən Tağıyev qəsəbəsindən başlayaraq tikilən yeni 150 kilometrlik avtomobil yolunun 129 kilometr hissəsi ödənişli yol kimi müəyyən edilib. Hazırda pullu edilməsi nəzərdə tutulan M-1 yolunda (Bakı–Quba–Rusiya sərhəddi istiqaməri) işlər tamamlanmaq üzrədir. 4 hərəkət zolaqlı olacaq yolun hər bir zolağının və çiyinlərin eni 3.75 metr, ayırıcı zolağın eni 5 m olmaqla yol yatağının eni 27.5 metr təşkil edir.

Pullu yollar vaxta və yanacağa qənaət etməyə imkan verir. Belə yolların öz standartları var. Belə ki, bu yollarda kəsismələr olmamalı və sürət limiti daha yüksək olmalıdır. Həmçinin bu yollar yaşayış yerlərindən kənardan keçməlidirlər. Belə olan halda, sürücülər yanacağa və zamana qənaət etmiş olur, dövlət büdcəsi isə gəlir əldə edir.

Lakin pulsuz yol da ödənişli yollar kimi təmirli olmalıdır. Həmin yol da digəri kimi mütəmadi olaraq təmir edilməlidir. Pullu yol pulsuzdan maksimum 10% qısa ola bilər.

"Avtomobil yolları haqqında” qanunda qeyd olunur ki, ölkə ərazisində pullu yollar yalnız onların pulsuz alternativi olduğu halda çəkilə bilər. Eyni istiqamətdə seçim üçün yollar olmasa, hansısa yolu ödənişli etmək olmaz.

O ki qaldı qiymətlərə, Avtomobil Yolları Dövlət Agentliyinin məlumatına görə, tariflər yük maşınları, sərnişin avtobusları, minik avtomobilləri, qoşqular və digər nəqliyyat vasitələri üçün ayrı hesablanacaq.

Dünyanın çox ölkələrində belə yollardan istifadə edilir. Lakin şərtlər və qiymətlər fərqlidir.

ABŞ-ın 90 min kilometrlik federal yollarının 10 min kilometri ödənişlidir. Ödənişlər 50 sentdən başlayır və adətən körpü və tunel olan ərazilər üçün alınır.

Rusiyada asvalt yolların uzunluğu 1 milyon km-dən çoxdur. Bunun yarım milyon km-ı magistral yoldur. 11 federasiya subyektinin ərazisində 1100 km federal və regional əhəmiyyətli yol ödənişlidir.

Avropada da pullu yollarda haqq ümumi yolun uzunluğuna görə deyil, yalnız keçilən tunel, körpü və estakadalara görə alınır. Yəni, bu tikintilər olmayan yerlər üçün pul hesablanmır. Tariflər nəqliyyat vasitəsinin növünə və məsafəyə görə hesablanır.

Almaniyada avtomobil yollarının çox böyük hissəsi pulsuzdur. Yalnız ümumi çəkisi 7,5 tondan çox olan yük maşınları avtomobil yolu rüsumuna tabedir.Almaniyada yalnız iki tunel- “Herren” tuneli (2 avro) və “Varnov” tuneli (4 avro) ödənişlidir.

İngiltərədə müəyyən körpüləri, tunelləri keçmək, həmçinin paytaxt Londonun mərkəzinə daxil olmaq üçün ödəniş alınır. Məsəlıən, dənizin altından çəkilmiş və Fransa ilə Britaniyanı birləşdirən 35 km-lik La-Manş tunelindən keçid haqqı 10 avrodur.

Danimarkada avtomobillər və motosikletlər avtomobil yollarından istifadə etmək üçün pul ödəmirlər. Ödəniş yalnız Storebaltsbroen və Oresundsbroen körpülərini keçmək üçün tələb olunur. Magistral yollarda çəkisi 12 tondan çox olan nəqliyyat vasitələri üçün ödənişlər tətbiq edilir.

Gürcüstanda ödənişli yollar yoxdur. Bu ölkədə maggistral yolların keçiyfiyyəti və standartları hər hansı bir yolun pullu edilməsinə müvafiq deyil.

İranda asfalt yolların uzunluğu 100 min km-dən çoxdur. Qəzvin-Tehran yolu pulludur.

Türkiyədə bəzi yollar pulludur. Məsələn, 188 kilometrlik Ankara-Bolu yolu üçün bizim pulla 1 manat ödəniş tələb olunur. Pulsuz yolda benzinə xərclənən vəsait daha çox olduğundan Türkiyədə bir çox sürücülər pullu yola üstünlük verir.

Azərbaycanda pullu yolun hər km-I üçün 3-5 qəpik civarında rüsum müəyyənləşdirilməsi ehtimal olunur. Bu o deməkdir ki, 130 km ödənişli yoldan istifadə sürücülərə təxminən 5 manata başa gələcək.

Qeyd etməliyəm ki, Bakı-Ələt-Astara yoluna paralel yol çəkildikdən sonra o istiqamətdə də pullu yolun tətbiq olunması gözlənilir. İlk pullu yolun o olması nəzərdə tutulurdu, lakin sonra həmin yolun hələlik pulsuz olması qərara alındı.

Hər bir halda pullu yollar ancaq pulsuz alternativləri olan yerdə olmalıdır və hər bir vətəndaşın ölkənin bir nöqtəsindən digərinə pulsuz şəkuildə gedə bilmək hüququ qorunmalıdır. Əlbəttə, daha tez, daha sürətli getmək istəyən imkanlı vətəndaşlar pullu yolu seçə bilərlər və bundan dövlət büdcəsinə də qazanc əldə edilmiş olar.

Digər xəbərlər